Ölkə 12:45 28.03.2018

20 nömrəli məktəbdə VMA fəaliyyət göstərmir

20 saylı məktəb-liseydə Valideyn Müəllim Assosiasiyası (VMA) üçün hər şagirddən 5 manat məbləğində pul yığılması ilə bağlı məlumatlar yayılmışdı.
 
Qaynarinfo olaraq bununla bağlı 20 saylı məktəbə müraciət etdik. Məktəbdən bildirildi ki, yayılan məlumatlar yanlışdır və 20 nömrəli məktəb-liseydə VMA fəaliyyət göstərmir:

"Yayılan məlumatlar həqiqəti əks etdirmir. VMA-lar 2005-ci ildən 2017-ci ilin sentyabr ayına kimi olub və sonra fəaliyyətini dayandırıb. Hazırda 20 nömrəli məktəb–liseydə Valideyn-Müəllim Assosiasiyası fəaliyyət göstərmir".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də məsələyə münasibət bildirilib. Qeyd olunub ki, məktəb-valideyn əlaqələrini daha müasir səviyyədə genişləndirmək məqsədilə "Məktəb İcmaları" layihəsi həyata keçirilir və VMA-lar tədricən bunlarla əvəz olunur:

"Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 20 nömrəli məktəb–liseydə Valideyn-Müəllim Assosiasiyasının fəaliyyəti haqqında yayılmış məlumatla bağlı müvafiq araşdırma aparılır.

Onu da qeyd edək ki, məktəb-valideyn əməkdaşlığının inkişafında, şagirdlərin təhsil nailiyyətlərinin yüksəldilməsində valideynlərlə işin düzgün təşkili mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə olan təcrübəni inkişaf etdirmək, məktəb-valideyn əlaqələrini daha müasir səviyyədə genişləndirmək məqsədilə "Məktəb icmaları” layihəsi həyata keçirilməkdədir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 150 ümumi təhsil məktəbi "Məktəb icmaları” layihəsinə qoşulub.

Məktəb icması – məktəb həyatını birlikdə daha maraqlı etmək üçün yaradılmış müəllim, valideyn və şagird birliyidir. "Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb icmasına sədr və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir.

"Məktəb icmaları” layihəsinin məqsədi  ümumi təhsil müəssisələrində işləyən direktor və müəllimlərlə valideyn və şagirdlər arasında sıx əməkdaşlıq və birgə kreativ layihələrin həyata keçirməsinə stimul yaratmaqdan ibarətdir.

İcmaların təşkil edildiyi məktəblərdə valideynlər övladlarının təhsili ilə yaxından tanış olmaq imkanı qazanır və bu prosesdə fəal iştirakçıya çevrilir. Şagirdlər isə müstəqil şəkildə araşdırmalar, mülahizələr edir, fərdi və yaşıdları ilə birgə komandada işləmək bacarığı qazanır, əylənir və öyrənir. Həmçinin, şagirdlər layihələrin həyata keçirilməsi prosesində yaxından iştirak edir və birgə qərar qəbuletmə bacarıqlarına yiyələnirlər. Müəllimlər isə öyrətməklə kifayətlənməyərək şagirdlərə və valideynlərə lazımi pedaqoji, texniki və mənəvi dəstək göstərir, bələdçilik edir.

Hər tədris ilində layihəyə cəlb olunmuş məktəblərin iştirakı ilə görüşlər keçirilir və layihənin fəaliyyətinin müsbət nəticələri ətrafında müzakirələr aparılır. Görüşlərdə "Məktəb icmaları” layihəsinin daha da genişləndirilməsi, icma özünüidarəetmə strukturunun səmərəli təşkili və valideynlərlə əməkdaşlığın artırılması haqqında tövsiyələr verilir.

Son zamanlar məktəb-valideyn əlaqələrinin səmərəliliyini artırmaq məqsədilə əvvəllər yaradılmış Müəllim-Valideyn Assosiasiyaları valideynlərin təşəbbüsü ilə tədricən məktəb icmaları ilə əvəz olunmaqdadır".