Xəbər lenti

Tarixin ən böyük aviasiya sirri ilə bağlı yeni mərhələ: 88 illik müəmmaya son quyulur?
Dünya 21:45 11.07.2025

Tarixin ən böyük aviasiya sirri ilə bağlı yeni mərhələ: 88 illik müəmmaya son quyulur?

Amerikalı pilot Amelia Erhartın 1937-ci ildə Sakit okean üzərində itkin düşməsi ilə bağlı davam edən sirr 88 il sonra tarixdən üzə çıxır. 

Qaynarinfo xəbər verir ki, Purdue Universitetinin rəhbərliyi ilə aparılan yeni tədqiqat nəticəsində Erhart və naviqatoru Fred Nunanın istifadə etdiyi "Lockheed Model 10-E Electra" tipli təyyarənin qalıqlarına çatıldığı ehtimal olunur.

Tədqiqatçılar diqqəti Kiribati Respublikasına aid olan Nikumaroro adasına yönəldiblər. Fici adalarından təxminən 1600 kilometr uzaqlıqda yerləşən bu tənha, mərcan rifləri ilə əhatə olunmuş ada Erhartın yoxa çıxdığı marşrutun düz ortasında yerləşir. Ada yaxınlığında aşkar edilən və "Taraia Cismi" adlandırılan sualtı anomaliyanın itkin düşmüş "Electra” təyyarəsinə aid ola biləcəyi güman edilir.

Bu tədqiqat yalnız bir təyyarənin yoxa çıxmasının deyil, həm də aviasiya tarixində yazılmış bir əfsanənin izini sürmək baxımından əhəmiyyətlidir.

Hekayənin başlanğıcı: 1920

Amelia Erhartın uçuş macərası 1920-ci ildə pilot Frank Hauks ilə ilk uçuşunu həyata keçirməsi ilə başlayıb. İlk andan uçmaqdan təsirləndiyini bildirən Erhart qısa müddət ərzində təlimini tamamlayıb və 1922-ci ildə 14 min fut yüksəkliyə qalxaraq qadınlar arasında ən yüksək irtifa rekordunu qırıb.

1928-ci ildə Atlantik okeanını bir təyyarədə sərnişin kimi keçən ilk qadın olan Erhart 1932-ci ildə isə bu okeanı təkbaşına keçən ilk qadın pilot kimi tarixə düşüb. Həmin il Amerika qitəsini də tək uçuşla keçən Erhart yalnız bir pilot yox, eyni zamanda qadınların gücünü və azadlığını simvolizə edən bir şəxsiyyətə çevrilib.

Bu gün əldə edilən tapıntılar yalnız bir təyyarənin izini deyil, həm də adı səmaya yazılmış cəsarətli bir qadının yarımçıq qalmış hekayəsini tamamlayacaq potensiala malikdir.



Yarımçıq qalan bir səyahət

Erhart 1937-ci il iyunun 1-də göyə qalxdıqda dünyanı təyyarə ilə dövrə vuran ilk qadın olma arzusunu reallaşdırmaq istəyib. Kaliforniya ştatının Oklend şəhərindən başlayan uçuş Mayami, Cənubi Amerika, Afrika və Asiya üzərindən davam edib. Lakin 2 iyulda Papua Yeni Qvineyadan ayrıldıqdan sonra təyyarədən xəbər almaq mümkün olmayıb. Planlaşdırılan son yanacaq doldurma nöqtəsi olan Hauland adasına heç vaxt çatmayıblar. Radio əlaqəsi kəsilib və təyyarədən bir daha məlumat alınmayıb.

Bu itkinin ardından müxtəlif nəzəriyyələr ortaya atılıb: bəzilərinə görə təyyarə okeana düşüb, bəzilərinə görə Nikumaroroya məcburi eniş edilib, hətta bəziləri Erhart və Nunanın yaponlar tərəfindən əsir götürüldüyünü iddia edib. Lakin Nikumarorodan əldə edilən yeni elmi və fiziki dəlillər, bu sirrin açılmasına indiyə qədərkindən daha yaxın ola biləcəyimizi göstərir.



Tarixi kəşfə gedən ilk addım: "Apple Maps"də bir kölgə

2020-ci ildə bir vətəndaşın "Apple Maps” peyk görüntülərində aşkar etdiyi anomal görüntü ilə hərəkətə keçən Arxeoloji İrs İnstitutu (ALI), 2009–2024-cü illər arasında çəkilmiş ümumilikdə 29 peyk görüntüsünü analiz edib. Nəticələr göstərib ki, həmin obyektin ölçüləri Erhartın "Electra” təyyarəsinin gövdə və quyruq ölçüləri ilə demək olar tam uyğun gəlir.

Təxminən 10 metrlik metal konstruksiyaya malik olan obyektin 1938-ci ildən bəri eyni nöqtədə qaldığı müəyyən edilib. Su altı axınlar nəzərə alındıqda bu sabitlik, təyyarənin çarpma və ya enişdən sonra həmin nöqtədə qaldığını göstərən güclü əlamət kimi qiymətləndirilir.



Sümüklər, krem və bir fotoşəkil: Bütün bunlar Erhartın izləridirmi?

Taraia Cismindən əlavə tədqiqatçılar adada başqa sübutlar da tapıblar. 1940-cı ildə bölgədə aşkarlanmış insan sümükləri üzərində sonradan aparılmış məhkəmə-ekspertiza təhlilləri, sümüklərin ölçülərinin Amelia Erhartın antropometrik göstəriciləri ilə 99 faizdən çox uyğunluq təşkil etdiyini ortaya qoyub. Bu isə onların çox böyük ehtimalla Erharta aid ola biləcəyini göstərir.

Adada həmçinin 1930-cu illərə aid qadın ayaqqabısı, çil əleyhinə krem olan bir balaca qab, makiyaj dəsti və dərman şüşəsi kimi əşyalar tapılıb. Bu əşyalar dövrün qadınlarına məxsus şəxsi əşyalar olaraq diqqət çəkir. Erhartın yoxa çıxmasından qısa müddət sonra çəkilmiş və təyyarənin eniş altlıqlarını Nikumaroro riflərində göstərdiyi iddia edilən "Bevington obyekti” adlı arxiv fotosu da bu nəzəriyyələri dəstəkləyir.



Yeni kəşf ekspedisiyası başlayır

Əldə olunan dəlillər tədqiqatçıları daha əhatəli bir ekspedisiyaya sövq edib. Noyabr ayında başlaması planlaşdırılan "Taraia obyekt ekspedisiyası” üç mərhələdən ibarət olacaq: ilk mərhələdə adada yerüstü müşahidələr aparılacaq, ikinci mərhələdə arxeoloji qazıntılara başlanacaq, üçüncü mərhələdə isə təyyarəyə aid olduğu düşünülən hissələrin sudan çıxarılması hədəflənir.

Arxeoloji İrs İnstitutunun direktoru Riçard Pettigru deyib: "Bu, işi yekunlaşdırmaq üçün indiyə qədər əldə etdiyimiz ən ciddi şansdır. Əlimizdəki dəlillərlə hərəkətə keçməmək mümkün deyil".



Purdue Universiteti və Erhart bağlantısı

Amelia Erhartın Purdue Universiteti ilə olan əlaqəsi araşdırmaya əlavə bir dəyər qatır. Uçuşdan əvvəl qadınlara karyera məsləhətləri vermək üçün universitet tərəfindən məruzəçi təyin olunan Erhart "Electra” təyyarəsini də məhz universitetin dəstəyi ilə əldə etmişdi.

Purdue Universitetinin prezidenti Manq Çianq deyib: "Təxminən 90 il əvvəl başlayan bu hekayəyə yenidən Purdue olaraq elmi töhfə verməkdən qürur duyuruq".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->