"Türkiyə bu ilin eyni dövründə 16,5 milyard dollar itirməli olub”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçi ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, 2020-ci ilin I rübü Türkiyənin maliyyə sistemi üçün ağır olub:
"Bunun kökü pandemiyadan qaynaqlanmasa da, pandemiyanın da "töhfəsi” az olmayıb. Lirə üzərindəki təzyiq mart ayında da davam edib. I rübdə lirənin dollar qarşısında rəsmi məzənnəsi 10,5% ucuzlaşıb. Bunun səbəbini tədiyyə balansının pisləşən məlumatlarında görmək olar. Mart ayında cari hesablar balansının kəsiri 4,9 milyard ABŞ dollarını ötüb. Halbuki ötən ilin martında kəsir cəmisi $120 milyon olub. Ümumiyyətlə, bu ilin I rübü üzrə kəsirin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə artaraq $416 milyondan $7,6 milyarda yüksəlib. Kəsirin artmasına əsas səbəbi ixracın azalması, idxalın isə artmasıdır. Ötən ilin yanvar-mart ayında əmtəə və xidmətlərin balansında mövcud olan $1,7 milyard profisit cari ildə $5,2 milyardlıq kəsirlə əvəz olunub”.
Samir Əliyev qeyd edib ki, maliyyə hesabında da vəziyyət ürəkaçan deyil:
"Ölkədən kapital qaçışı artıb. Bu hesab üzrə 2019-cu ilin I rübündə yaranmış $4,7 milyardlıq profisit cari ilin analoji dövründə $6 milyardlıq kəsirlə müşahidə olunub. Birbaşa investisiyalarda $2 milyardlıq profisit qeydə alınıb. Ancaq portfel investisiyaları üzrə kapital qaçışı $6,3 milyardı ötüb. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə bu mənbə üzrə $8,4 milyardlıq profisit yaranmışdı.
Bütün bunların nəticəsi olaraq 2019-cu ilin I rübündə valyuta ehtiyatlarını 3 milyard artırmağa nail olan Türkiyə bu ilin eyni dövründə $16,5 milyard itirməli olub”.
Bahar Rüstəmli
Şərhlər