Vəhşi təbiət təkcə gözəlliyi və rekordları ilə deyil, həm də gülməli anları ilə insanları heyrətləndirir. Hər il keçirilən beynəlxalq "Nikon Comedy Wildlife Awards” fotomüsabiqəsi 2025-ci ilin ən gülməli vəhşi təbiət şəkillərini müəyyən edib.
Qaynarinfo xəbər verir ki, müsabiqənin rəsmi saytının məlumatına görə, "ümumi qalib” meşə talasında tullanaraq rəqs edən qorillanın təsvir olunduğu foto olub. Şəklin müəllifi mükafat olaraq "möhtəşəm safari” səyahəti və Tanzaniyadan olan "əl işi unikal kubok” qazanıb.
Qorillanı lentə alan britaniyalı fotoqraf Mark Met-Kon bildirib ki, çəkiliş Konqo Demokratik Respublikası, Ruanda və Uqanda sərhədlərinin qovşağında yerləşən Virunqa dağlarında baş tutub.
Fotoqrafın sözlərinə görə, onlar dörd gün ərzində dumanlı Virunqa dağlarında qorilla ailələrini axtarıblar. Həmin gün "Amahoro” adlı böyük ailə qrupuna rast gəliblər. Böyüklər sakit şəkildə qida axtararkən, balalar həvəslə oynayıb. Gənc erkək qorillalardan biri akrobatik hərəkətləri ilə xüsusilə seçilib: fırlanmalar, çevrilmələr və yüksək ayaq zərbələri. Fotoqraf bu oyunbaz ruhu kadrda əks etdirə bildiyinə görə çox məmnun olduğunu bildirib.
Müsabiqənin münsiflər heyəti bir neçə ayrıca kateqoriya üzrə də qalibləri müəyyən edib. Onlardan bəziləri bunlardır:
* Quşlar kateqoriyası: "Kilidlənmiş baş”
* Amfibiyalar, sürünənlər və həşəratlar kateqoriyası: "Məcburi vəftiz”
* Gənc fotoqraflar kateqoriyası: "Vəhşi rəqslər”
"Nikon Comedy Wildlife Awards” müsabiqəsi haqqında
"Nikon Comedy Wildlife Awards” vəhşi təbiət fotoqrafiyası sahəsində humoristik və əyləncəli anlara həsr olunmuş beynəlxalq müsabiqədir. Müsabiqə 2015-ci ildə peşəkar fotoqraflar Pol Coynson-Hiks və Tom Sullam tərəfindən təsis edilib. Onların məqsədi ciddi fotoyarışlardan fərqlənən daha yüngül və əyləncəli format yaratmaq olub.
2024-cü ildən etibarən müsabiqənin baş sponsoru "Nikon” şirkəti olub və yarış indiki adını alıb. Hər il dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçını cəlb edən müsabiqənin xalis gəlirinin 10 faizi təbiətin mühafizəsi layihələrinə yönəldilir.
Müsabiqənin əsas məqsədi heyvanların davranışındakı "insani” cizgiləri – gülməli pozaları, mimikaları və gözlənilməz vəziyyətləri nümayiş etdirməklə insanların onlara nə qədər bənzədiyini xatırlatmaq və vəhşi təbiətin qorunmasının vacibliyini vurğulamaqdır. Fotolar süni intellektdən və güclü redaktədən istifadə olunmadan, yalnız təbiətdə yaşayan vəhşi heyvanları əks etdirməlidir.
Aydın
Şərhlər