Ölkə 09:49 02.08.2021

21-ci əsrdə maarifçilik lazımdırmı?..

Hüseynbala Səlimov 

Mühafizəkar filosoflar hələ də iddia edirlər ki, bilik və informasiya qapalı olmalıdır, guya ki, "qara kütlə” maariflənmə nəticəsində daha da "korlanır”. Ona görə də bilik və informasiyaya yalnız seçilmişlərin girişi olmalıdır.

Öz mövqelərini gücləndirmək və əsaslandırmaq üçün onlar inqilabları, xüsusən də Böyük Fransa və Oktyabr inqilablarını misal gətirirlər. 

Əlbəttə, inqilablar azadlıq və bərabərlikdən savayı özündə zorakılıq da ehtiva edir və bu səbəbdən də heç kim inkar etmir ki, onlar sosial planda çox mübahisəli və hətta bir qədər təhlükəli seçimlərdir.

Amma demək olmaz ki, inqilablar yalnız kütlələrin maariflənməsi nəticəsində baş verir. Nəyə görə belə faktı nəzərə almayaq ki, onlar həm də despotik rejimlərin başçılarının tərsliyi ucbatından baş verirlər? Sonuncular vaxtında sosial tələblərə həssas olsaydılar, vaxtında sosial–siyasi islahatlar aparsaydılar, onda heç bir inqilab da baş verməzdi.

Belədə isə hesablaşmaq və razılaşmaq lazım gəlir ki, bəli, inqilablar labüddür və məhz despotik rejimlərin başçılarından asılıdır ki, onlar rəngli və ya rəngsiz olacaqlar? Gilyotinlərə ehtiyac olacaq, yoxsa qansız və zorakılıqsız baş verəcəklər?

Bunları niyə deyirik? Bu günlərdə telekanalların birində maarifçilik mövzusunda veriliş verirdilər. Qəribədir, əksəriyyətin rəyi bu oldu ki, maarifçilik nəinki lazım deyil, hətta ziyanlıdır, çünki onlar son nəticədə sosial kataklizmlərə gətirib çıxarır, hərçənd, belə verilişlərin özlərini də maarifçi verilişlər janrına aid etmək olardı.

İştirakçıların digər qismi maarifçiliyi inkar etmədilər, amma onlar da iddia edirdi ki, jurnalistlərə bununla məşğul olmaq lazım deyil, ona görə ki, indi internet, müxtəlif axtarış sistemləri və s. var.

Sonuncu yanaşma ilə biz də razıyıq, amma qismən. Məsələ bundadır ki, maarifçiliyi müxtəlif sorğu kitabları, hətta ensiklopediyalar tərtib etmək kimi başa düşmək lazım deyil. Sonucular maarifçilik üçün sadəcə, bazis və ya fundament rolunu oynayır. Maarifçiliyin növbəti pilləsi jurnalistika və xüsusən də onun publisistika kimi bir hissəsidir.

Biliklərin populyarlaşdırılmasının "ziyanlı” tərəfinə gəldikdə, bir daha qeyd edək ki, opponentlər yenə də fransız ensiklopedistlərini, xüsusən də Volteri misal gətirirlər. Bəli, sonuncunu fransız inqilabının ideoloqu hesab edirlər, amma hamıya məlumdur ki, Volter inqilabı sevmir, ondan hətta qorxurdu da. Burada bir qeyd də etmək lazımdır. 

İnqilablarda zorakılıq elementi var, amma onlar bütün hallarda irəliyə doğru addımdır. Məsələn, inqilablar olmasaydı, biz indiki sosial-iqtisadi və siyasi hüquqlara malik olardıqmı? İndiki sosial haqlar olardımı? Dövlətlərin bir hissəsi özünü sosial dövlət adlandırardımı, əgər dünayda sosial-solçu hərəkatlar olmasaydı? Bütün bunlar sosial reformalar tələb edən sosial hərəkatların nəticəsi deyilmi?..

Meşşanlıq və meşşanlar hətta 21-ci əsrdə də var. Qalstuk taxmaq, sonuncu moda ilə geyinmək hələ maarifçiliyin əlaməti deyil. Fikrimizcə, bütün qeyri-demokratik rejimlərin maarifçilərə və maarifçiliyə ehtiyacı var.

Daha mütərəqqi filosoflar belə hesab edirlər ki, qeyri-demokratik cəmiyyətlər və siyasi quruluşlar onun nəticəsidir ki, insanların çoxu üçün insan ləyaqəti kimi hiss yaddır və müasir dünyada inqilablar ona görə baş vermir ki, yeməyə heç nə yoxdur, yox, onlar ona görə baş verir ki, mənəvi kasadlıq və kasıblıq hökm sürür.

Bunu isə insanlara maarifçilər izah etməlidirlər. Sözsüz, bunu hökumətin yardımı ilə ayaq üstündə qalan jurnalsitika edə bilməz, daha müstəqil strukturlar və insanlar lazımdır. Aydın məsələdir ki, dövlət məmurları hər vaxt ölkədəki vəziyyətdən razı olurlar, ən yaxşı halda onları öz quruluşlarının dayanıqlılığı və təhlükəsizliyi maraqlandırır. Ona görə də bir daha deyirik ki, bu işin qulpundan yalnız müstəqil, insanları və cəmiyyəti sevən ziyalılar yapışa bilər.