Siyasət 11:34 28.01.2022

30 illik zaman: Azərbaycan dünyanın hansı mərtəbəsində yerləşir?

(Yazı "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə hazırlanıb)

Azərbaycan 30 illik müstəqillik dövründə bir sıra beynəlxalq təşkilatlara üzv olmaqla çoxsaylı mötəbər qurumlarla əməkdaşlıq edir. Beynəlxalq qurumlarla həyata keçirilən bu əməkdaşlığın nəticəsidir ki, Azərbaycanın dünya miqyasında nüfuzu günü-gündən artır. 

Azərbaycan bir sıra beynəlxalq qurumlarda, o cümlədən BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, GUAM, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərkatında təmsil olunub. Bütün bu təşkilatlarda Azərbaycan öz maraqlarının qorunması, işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində bu illər ərzində səylə çalışaraq əsas məqsədlərinə nail olub. 
Azərbaycan 1992-ci ilin martın 2-də BMT-yə üzv olub. Ötən müddət ərzində Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. var. Bakı hətta 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq fəaliyyət göstərib. Pandemiya dövründə isə Azərbaycan BMT tərəfindən COVİD-19-a qarşı mübarizədə effektiv addımların atılması üçün bir sıra təkliflərlə çıxış edib. BMT bu müstəvidə Azərbaycanın peyvəndləmə prosesindəki bərabərsizliyi aradan qaldırmaq üçün verdiyi təklifi qəbul edib. 
Ölkəmiz 1992-ci ildən başlayaraq İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edir. Bu quruma 1992-ci ilin noyabrın 28-də qəbul olunmuşuq. İƏT-in əsas məqsədi üzv ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi və inteqrasiya proseslərinə yardım etməkdən ibarətdir. 

Bakı 1991-ci ilin dekabrından məqsədi İslam dünyasının maraqlarını müdafiə etməkdən ibarət olan İslam Əməkdaşlıq Təşkilatında da fəaliyyət göstərir. 
Azərbaycan 1992-ci ilin iyunun 25-dən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təsisçi üzvüdür. Təşkilatın 12 daimi və 17 müşahidəçi üzvü var. Ölkəmiz QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya və kommunikasiya, elm-tədqiqat və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə önəm verir.

Ölkəmizin öz sözünü dediyi mühüm qurumlardan biri də Türk Dövlətləri Təşkilatıdır. Bu qurum 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. Artıq sözügedən qurum çərçivəsində türk dövlətləri arasında əlaqələr hərbi əməkdaşlıq da daxil xeyli dərəcədə inkişaf edib.

Azərbaycan Qoşulmama Hərəkatında daha aktiv fəaliyyət göstərir. Ölkəmiz 2011-ci ildən bu qurumun tam hüquqlu üzvüdür. Qısa zamanda nüfuz qazanmasının nəticəsidir ki, Azərbaycan 2019-cu ildən etibarən 3 il müddətinə Qoşulmama Hərəkatına sədrlik edir. Həmçinin ölkəmiz həmin qurum çərçivəsində bir sıra qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilib. 2018-ci ilin aprelin 5-də Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı baş tutub. 

Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib. Azərbaycan xüsusən də pandemiya dövründə Qoşulmama Hərəkatında fəal olub. Bakı vaksinasiya prosesində ədalətsiz bölgüyə son qoymaq üçün qurumda bir sıra təşəbbüslərlə çıxış edib.  

Azərbaycan Avropa Şurası ilə münasibətlərində də qarşılıqlı və faydalı əməkdaşlığa üstünlük verir. Bakı bu quruma üzv olduğu müddətdə təşkilatın bir sıra önəmli sahələri əhatə edən sənədlərinin hazırlanması və qəbulunda aktiv iştirakçılardan olub.

Bundan başqa, Bakı hələlik üzv olmasa da, Avropa İttifaqı, NATO kimi digər mötəbər qurumlarla da bu və ya digər sahələrdə əməkdaşlıq edir. 
Azərbaycan Avropa İttifaqı ilə ciddi əlaqələr qurub. Qurumla münasibətlərin hüquqi çərçivəsini təşkil edən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 1996-cı ildə imzalanıb. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə Şərq Tərəfdaşlığı Proqramına daxil edilib. 2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanıb. 2017-ci ilin 6-7 fevralında isə "Strateji Tərəfdaşlıq haqqında Saziş”in imzalanmasına dair razılıq əldə olunub. Bu istiqamətdə danışıqlar davam etdirilir. 

Rüfət Sultan

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?