ABŞ hakimiyyəti diri toxumalarla qidalanan təhlükəli parazit - vintqanadlı milçək sürfəsinin yayılmasının qarşısını almaq üçün Meksika və Texasın cənubuna təyyarələrlə milyardlarla steril milçək buraxmağa hazırlaşır.
Qaynarinfo "Associated Press"ə istinadən xəbər verir ki, layihə heyvandarlıq, vəhşi təbiət və ev heyvanlarını ölümcül təhlükədən qorumağı hədəfləyir.
ABŞ Kənd Təsərrüfatı Nazirliyi, milçəklərin yetkin erkək fərdlərini kütləvi şəkildə yetişdirib radiasiya ilə sterilizasiya etdikdən sonra təbiətə buraxmağı planlaşdırır. Steril erkəklər vəhşi dişi milçəklərlə cütləşəcək, lakin nəsilartırma baş verməyəcək və nəticədə zərərvericinin populyasiyası tədricən məhv ediləcək. Alimlərin sözlərinə görə, bu metod zəhərli maddələrdən istifadə ilə müqayisədə həm daha ekoloji, həm də daha effektivdir.
Bu üsulun ABŞ və Panama ilə sərhəddən şimala doğru yerləşən ölkələrdə vintqanadlı milçəyi tamamilə yox etdiyi onilliklər əvvəl sübuta yetirilib. Lakin 2023-cü ilin sonunda bu təhlükəli milçək növü yenidən Meksikanın cənubunda aşkarlanıb.
Alimlər 2026-cı ilin iyul ayına qədər Meksikanın cənubunda yeni yetişdirmə müəssisəsinin açılmasını və 2024-cü ilin sonunadək Texasda paylayıcı mərkəzin yaradılmasını planlaşdırdıqlarını bildiriblər. Zərurət yarandıqda ABŞ, Panamada yerləşən və həftədə 117 milyon steril milçək istehsal etmək gücündə olan zavoddan idxal edəcək. Lakin bu təhlükə ilə effektiv mübarizə üçün həftədə ən azı 400 milyon milçək tələb olunur.
Bu milçək növünün sürfələri digər milçəklərdən fərqli olaraq çürümüş deyil, canlı toxumalarda qidalanır. Yumurtalarını isti qanlı canlıların - o cümlədən insanların - açıq yaralarına və ya selikli qişalarına qoyur. Yumurtalardan çıxan sürfələr isə canlı toxumanı içəridən yeyir.
Amerika Baytarlıq Assosiasiyasının nümayəndəsi Maykl Beyli bildirib: "Min funtluq (təqribən 450 kq) bir inək cəmi iki həftə ərzində ölə bilər".
Tədqiqatçılar qeyd edirlər ki, milçəklərin sterilizasiyası və onların kütləvi buraxılması texnologiyası ABŞ kənd təsərrüfatı elminin ən mühüm nailiyyətlərindən biri sayılır. Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, zərərverici tamamilə aradan qaldırılsa belə, zavodların bağlanması düzgün olmaz.
"Məğlub etdiyimizi düşündüyümüz hər şey geri qayıda bilər", deyə Florida Universitetinin professoru Edvin Berdjes bildirib.
Aydın
Şərhlər