Rusiya Ordusunun Odesa vilayətinin cənubundakı port və enerji infrastrukturuna genişmiqyaslı PUA hücumu nəticəsində İzmayedə Türkiyəyə məxsus LPG daşıyan "ORINDA” (IMO 9240122) tankerində yanğın baş verib. Türkiyə hökumətinin Dəniz İşləri Baş İdarəsi məlumat verib ki, gəminin 16 nəfərdən ibarət heyəti təxliyə olunub. Rumıniyanın İzmayed limanının qarşısında yerləşən Plauru kəndinin sakinlərinin də mümkün partlayış təhlükəsinə görə köçürülməsi istisna edilmir.
Qaynarinfo xəbər verir ki, ekspertlərin fikrincə, rus qoşunları tankeri təsadüfən deyil, məqsədli şəkildə hədəfə alıb. Çünki Böyük Odessa limanlarından fərqli olaraq, Dunay limanlarında AIS siqnal ötürücüləri söndürülmür və Moskva İzmayedə hansı gəminin dayandığını dəqiq bilirdi. Qırmızı gövdəyə malik qaz tankerlərinin yüksək təhlükə səviyyəsi nəzərə alınarsa, hədəfin seçilməsi xüsusi bir mesaj kimi qiymətləndirilir.
Bu hücumun Türkiyəyə mesaj olduğu ehtimalı güclənir.
Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun monitorinq qrupunun məlumatına görə, 2025-ci ilin ilk 10 ayında Ukraynanın Böyük Odessa limanlarına 2103 ticarət gəmisi daxil olub. Onların 40%-i Türkiyə şirkətlərinə məxsusdur – bu, ən yüksək göstəricidir. Yunan gəmi sahibləri ikinci yerdədir (20%-dək).
Hücumların statistikasını təhlil edən ekspertlər qeyd edir ki, Moskva Türkiyənin Ukrayna limanlarına aktiv şəkildə yük daşımasını "büdcənin və dolayısı ilə ordunun maliyyələşməsinə dəstək” kimi qiymətləndirir və bunun qarşısını almağa çalışır. Eyni zamanda, son aylarda Böyük Odessa limanları ilə yanaşı, Dunay limanlarına hücumların artması yeni tendensiyadır.
Moskvanın məqsədi nədir?
• Türkiyə ticarət donanmasını Ukrayna marşrutlarından çəkindirmək;
• Ukraynanın Dunay limanlarını ehtiyat-logistika rolundan məhrum etmək;
• Ukraynanın dəniz ticarəti üzərində psixoloji və iqtisadi təzyiqi artırmaq.
Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun rəhbəri, iqtisadçı Andrey Klimenkonun fikrincə, Rusiya üçün Türkiyə ticarət donanmasını Ukrayna limanlarından "vurub çıxarmaq” strateji hədəflərdən biridir və buna görə də hücumların artacağı gözlənilir.
Alpər
Şərhlər