ABŞ-da yaşayan və 75 ildir ki, evli olan cütlük İrma və Harvey Atlantik okeanda tüğyan edən eyni adlı qasırğaları təəccüblə izləyir.
The New York Times qəzeti 92 yaşlı İrma və 104 yaşlı Harvey-nin reaksiyalarını dərc edib.
Qəzetə məlumat verən İrma Schluter adlarının səhər-axşam Amerika-nın televiziya kanallarında səslənməsinə təəccübləndiyini söyləyir.
"Bunu necə etdiklərini bilmirəm. Harvey və İrma... Bu necə ortaya çıxıb?".
Washington ştatının Spokane şəhərində yaşayan çütlük, ilk dəfə bir təyyarə gördükləri anı, böyük böhran illərini, Neil Armstrong-un Aya addım atmasını, ABŞ prezidenti John F. Kennedy-nin sui-qəsdə qurban getdiyi günü xatırlasalar da, hava şəraitinin həyatlarına təsir elədiyi bir anı belə xatırlamırlar.
Bir kişi - bir qadın qasırğa adları
Dünya Meteorologiya Təşkilati, 1979-cu ildən bəri Atlantik okeandakı qasırğalara sırayla qadın və kişi adları verir.
Böyük dağıntılara səbəb olmuş adlar istisna olmaqla qasırğaların adları təkrarən işlədilir. Harvey adı qasırğaya ilk dəfə 1981-ci ildə verilib.
2011-ci ildə isə, çox böyük dağıntılara səbəb olduğu üçün, İrene adından imtina edilib. Onun əvəzinə İrma adı işlədilir.
Harvey və İrma qasırğalarının törətdiyi nəticələrə nəzər salınsa, bu adların da birlikdə tarixə təslim olacağını demək olar.
Evlərini 120 uşağın üzünə açıblar
Harvey və İrma cütlüyünün hekayəsi sosial media istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.
Bu xəbəri paylaşanlardan biri də NBC kanalının Ağ Evdəki baş müxbiridir.
Həyatları boyunca evlərini uşaqların üzünə açan cütlük, adlarının mənfi hadisələrlə xatırlanmasına kədərlənirlər.
Onlar indiyə qədər heç vaxt qasırğa ilə üzləşməyib.
Cütlük 1942-ci ildə evlənib. O vaxtlar Harvey bərbər işləyirmiş.
Evdar xanım olan İrma isə, tək qalmaqdan darıxdığı üçün, evlərini uşaqların üzünə açmağa qərar verib.
Onlar həyatları boyunca həm fiziki, həm də əqli cəhətdən problemli 120 uşağı evlərində qonaq etdiklərini deyirlər.
İki qasırğanın törətdiyi fəlakətləri görən İrma deyir ki, "heç vaxt belə bir vəziyyətə düşmədiyim üçün, nə etməli olduğumu bilmirəm".
"Düşünürəm ki, necə kömək etməli olduğumu bilməsəm də, insanlara yardım etməyə çalışardım".
Qaynarinfo.Az
Mənbə: BBC
Şərhlər