Xəbər lenti

8 əsrlik qaydaları özü dəyişdi... - Tabutundan məzar yerinə qədər hər şeyi planladı
Dünya 16:59 25.02.2025

8 əsrlik qaydaları özü dəyişdi... - Tabutundan məzar yerinə qədər hər şeyi planladı

Katolik xristianların lideri Papa Fransisk günlərdir səhhətindəki problemlərə görə xəstəxanada müalicə alır. Vatikandan verilən açıqlamalara görə, vəziyyəti kritik olaraq qiymətləndirilir. Onun ölümündən sonra baş verəcəklər isə artıq əvvəlcədən planlaşdırılıb.

Qaynarinfo xəbər verir ki, 88 yaşlı papanın tənəffüs yolları infeksiyası əvvəlcə yüngül başlamış, lakin daha sonra hər iki ağciyəri əhatə edən sətəlcəmə çevrilmişdi. Xəstəxanada olduğu müddətdə vəziyyəti daha da mürəkkəbləşib və ona yüksək miqdarda oksigenlə tənəffüs dəstəyi verilib. Son məlumatlara görə, astma tipli tənəffüs çətinliyi aradan qalxıb və laborator analizlərdə müəyyən irəliləyiş qeydə alınıb.

Vatikanın açıqlamasına əsasən, həkimlər böyrək çatışmazlığının başlanğıc əlamətlərini müşahidə etsələr də, bunun ciddi bir təhlükə yaratmadığını bildiriblər. Papa hələ də oksigen terapiyası alır, lakin oksigen miqdarı azaldılıb. Onun işə başladığı, hətta axşam saatlarında Qəzzadakı Katolik icmasının liderinə zəng edərək dua videosu üçün təşəkkür etdiyi qeyd olunub.

Papalar öldükdə nələr baş verir?

Papa Fransiskin sağalıb-sağalmayacağı hələ bəlli deyil, lakin vəfat edəcəyi təqdirdə hansı addımların atılacağı artıq müəyyən edilib. Bu mərasimlər əsrlərdir dəyişmədən davam edir. Katolik Kilsəsi bu prosesi tam məxfi və ardıcıl şəkildə həyata keçirməklə, hətta böhran anlarında belə rəhbərlik boşluğunun olmadığını nümayiş etdirir.

"The New York Times" qəzetinin məlumatına görə, papanın ölümü Vatikanın səhiyyə departamentinin rəhbəri və Müqəddəs Roma Kilsəsinin inzibatçısı tərəfindən təsdiqlənir. İnzibatçı papanın vəfatından sonra Vatikanın müvəqqəti idarəçisi olur. Papanın cənazəsi ağ paltar geyindirilərək xüsusi ibadət otağına aparılır. Hazırda bu vəzifəni 77 yaşlı İrlandiya əsilli amerikalı Kardinal Kevin Cozef Farroll icra edir.

Papanın cənazəsi taxta və içi sinklə örtülmüş tabuta yerləşdirilir. O, qırmızı geyimlə dəfn olunur, yanında yepiskop tacı və pelerini qoyulur. Bundan sonra inzibatçı papanın ölümünü rəsmi şəkildə təsdiqləyən sənəd hazırlayır və bunu həkim hesabatına əlavə edir. Həmçinin papanın şəxsi yazışmaları və iqamətgahı mühürlənir.

Papa Fransisk vəzifəyə başladığı gündən bəri Vatikanın lüks mənzillərində yaşamaqdan imtina edərək Kasa Santa Marta adlı qonaq evində məskunlaşmışdı. İnzibatçı papanın möhürlərlə təsdiqlədiyi sənədlərin saxtalaşdırılmasının qarşısını almaq üçün onun üzük möhürünü xüsusi çəkiclə məhv edir.

Sadəlik və təvazökarlıq ölümdən sonra da davam edəcək

Papa Fransisk vəzifədə olduğu müddət ərzində dəbdəbədən uzaq durması ilə tanınır. Zərif naxışlı paltarlar geyinməyən, lüks iqamətgahlarda yaşamayan papa, ölümündən sonra da eyni prinsipə sadiq qalmaq üçün dəfn qaydalarını dəyişib.

2024-cü ildə dəfn qaydalarını yenidən tərtib edən papa bir çox mərasimləri sadələşdirib. 13-cü əsrdən bəri papaların cəsədləri mumiyalanaraq nümayiş etdirilirdi. Məsələn, 2005-ci ildə II İoann Pavel vəfat etdikdən sonra cəsədi Apostol Sarayına aparılmış, yüksək kürsünün üzərinə qoyularaq kardinallar, yepiskoplar və rəsmi şəxslərin ziyarətinə açılmışdı.

Papa Fransisk isə bu xüsusi mərasimdən imtina edərək, cənazəsinin birbaşa Əziz Petrus Bazilikasına gətirilməsini və hər kəsin ona hörmət göstərə bilməsi üçün açıq şəkildə nümayiş olunmasını istəyib. Bundan əlavə, cənazəsinin kürsüyə qoyulması ənənəsini də ləğv edərək, tabutun içərisində qalmasını qərara alıb.

"The New York Times"a danışan kilsə tarixçisi Aqoştino Paraviçini Baqliani bildirib: "Fransisk təvazökarlığın əhəmiyyətini vurğulamağa qərar verdi".

Papaların dəfn mərasiminin baş tutacağı tarix və ziyarət saatları Kardinallar Kolleci tərəfindən müəyyən edilir. Cənazə kortejinin rəhbəri isə inzibatçı olur.

Papa Fransisk hansı qaydaları dəyişdi?

Papaların cənazələri ənənəyə görə ölümündən 4-6 gün sonra keçirilir və Romadakı bəzi kilsələrdə 9 gün ərzində ayinlər davam edir. Keçmişdə papalar iç-içə yerləşdirilmiş üç tabutla dəfn olunurdu: biri sərv ağacından, digəri sinkdən, üçüncüsü isə qarağacdan hazırlanırdı. Lakin Papa Fransisk bu qaydanı dəyişərək, yalnız taxta və içi sinklə örtülmüş bir tabutdan istifadə olunacağını qərara alıb.

Papaların tabutları dəfn mərasimindən bir gecə əvvəl bağlanır. Onların üzünə ağ ipək örtük örtülür. Dəfn zamanı tabuta papanın dövründə buraxılmış sikkələr və "rogito" adlanan, onun həyatı və fəaliyyəti barədə sənəd yerləşdirilir. Bu sənəd tabut bağlanmazdan əvvəl yüksək səslə oxunur.

Ənənəyə görə papalar Əziz Petrus Bazilikasında dəfn edilsə də, Papa Fransisk bundan imtina edərək başqa bir məzarlığı seçib. O, sağlığında tez-tez baş çəkdiyi və Bakirə Məryəm ikonası qarşısında dua etdiyi Əzizə Böyük Məryəm Bazilikasında dəfn olunmağı istəyib.

Yeni papa seçilənə qədər nə baş verəcək?

Papa vəfat etdikdən sonra 15-20 gün ərzində Kardinallar Kollecinin dekanı (hazırda bu vəzifəni 91 yaşlı Kardinal Covanni Battista Re icra edir) dünya üzrə kardinalları Romaya toplayaraq yeni papanın seçilmə prosesini başladacaq.

Bu müddət "sede vacante" (boş taxt) adlanır. Bu dövrdə kilsənin idarəsini müvəqqəti olaraq Kardinallar Kolleci üzərinə götürsə də, mühüm qərarlar qəbul edilmir.

Kardinallar Sistine Şapelində gizli səsvermə keçirirlər. 80 yaşdan aşağı olan kardinalların iştirak etdiyi bu seçkilərdə 2/3 səs çoxluğu tələb olunur. Kardinallar bu müddətdə Vatikanı tərk edə bilmir, yalnız Kasa Santa Martada qalır və xarici dünya ilə əlaqələri kəsilir.

Hər səsvermədən sonra səs bülletenləri yandırılır. Səsvermənin nəticəsiz qalması halında bacadan qara tüstü çıxır, yeni papa seçildikdə isə ağ tüstü görünür. Yeni papa seçildikdən sonra "Habemus Papam" (Bir papamız var) elan edilir və o, Əziz Petrus Bazilikasının eyvanından xalqa salam verir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->