Foto 16:13 04.02.2022

9 aydır bütün təqaüdləri kəsilən Qarabağ qazisi intihar həddində

"9 aydır təqaüd ala bilmirəm. Bəs, mən nəylə və necə dolanım? Evin kommunal xərclərini ödəməyə, çörək almağa belə pul tapmıram, müalicəm üçün daim istifadə etməli olduğum dərmanların üzünə həsrət qalmışam”.

Bunu Qaynarinfo-ya açıqlamasında Birinci Qarabağ müharibəsinin veteranı, Biləsuvar rayon sakini, II qrup Qarabağ əlili Asif Həşimov deyib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu süründürməçiliyini və ona qarşı baş verən haqsızlıqların səbəbini başa düşmədiyini deyib:

"Biləsuvar rayon Mərkəzi Xəstəxanasında həkimlər var, göndərsinlər nümayəndələrini, gəlsin, orada bir də komissiyadan keçirsinlər. Nə məcburdur Bakıya gəlim? Hər yeri xəstəlik başına alıb. 9-cü aydır ki, dövlətdən təqaüd ala bilmirəm. Nazirliyin məni niyə süründürməsinin cavabını bilirəm. Onlar mənə maşın vermişdilər, nasaz idi, mən də şikayət etdim, məsələni ictimailəşdirdim. Bu da onların xoşuna gəlməyib yəqin. Maşını dəyişəndən 8 ay sonra pensiyam dayandı. Bu oyundu, bilmirlər, hansı variantla saxlasınlar. Pensiyanı saxladın, bəs Prezident Təqaüdünü niyə saxlayırsan? Mən nəylə dolanım? Mənim ev xəclərim var, 9 aydır dərman üzünə həsrət qoyublar. Xəstəxanaya gedirəm, deyirlər, dərman yoxdur, pulla da ala bilmirəm. Çünki pul yoxdur. Evdə uşaqlarımın üzünə baxa bilmirəm. Görün müharibədə düşmənin sındıra bilmədiyi Asif nə günə qalıb ki, artıq çörək söhbəti eləyir. Bunları dediyimə görə belə utanıram! Bütün instansiyalar mənim təkrar ekspertizamı keçirib, forma 88 göndərilib, TƏBİB təsdiqləyib, nazirliyə göndərib. Səkkiz aydır nəticə üçün e-gov.az saytına girib baxıram və səkkiz aydır ki, ancaq bu sözü oxuyuram: "Əlavə yoxlanışlar aparılır”. Mənim nə qədər sənədim var ki, 8-9 aydı yoxlayıb qurtara bilmirlər? Artıq yaşaya bilmirəm. Yaşamaq istəmirəm. İndi özünüz deyin, bunun günahkarı kimdir?” 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Qaynarinfo-nun sorğusuna cavabında bildirib ki, Asif Həşimov yenidən təkrar komissiyadan keçməlidir:

"Onu Bakıya çağıracaqlar ki, təyin olunan komissiyadan keçsin. Çalışağayıq ki, bu ay ərzində komissiyadan keçsin”.
 

Qarabağ qazisi (əlili), jurnalist, Prezident təqaüdçüsü Rey Kərimoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, qanunvericilikdəki boşluqlar aradan qaldırılmayana qədər bu problemlər davam edəcək:

 

"2015-ci ildə Milli Məclisdə Əlillik meyarlarının müəyyənləşdirilməsi qaydası haqqında qanun qəbul edilib. Onun ardınca Nazirlər Kabineti həmin qanuna uyğun olaraq 413 saylı eyni adlı qərar qəbul edib. Bu da 2016-cı ildən qüvvəyə minib. 2015-ci ildən əlillik dərəcələri beş illik verilirdi. 5 il gəlib 2020-2021-ci illərə düşdü. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) beş illik verilmiş dərəcələrə 2015-ci ildə qəbul edilmiş qərara istinadən baxır.

 

Qərar qəbul edildikdən sonra, kodlaşdırma zamanı 1500-ə yaxın diaqnoz və xəstəliklər siyahıdan çıxarılıb. Hansı ki həmin diaqnoz və xəstəliklər əlilliyə səbəb olub. Bəzi insanlara da yeni qanunla əlillik düşmür.

 

Araşdırmalarım nəticəsində bəlli oldu ki, prezidentin əlillik dərəcəsinin verilməsi və müəyyən edilməsinin elektronlaşdırılmasına dair fərmanı olub. Fərmandan sonra Səlim Müslümov (sabiq nazir) Milli Məclisə bir təkliflər paketi ilə gəlib və bildirib ki, prezident tapşırıb ki, bunu qəbul etmək lazımdır. Milli Məclis bunu müzakirə etmədən qəbul elədi.

 

İndi araşdıranda məlum olur ki, heç bir elmi, tibbi araşdırma aparmadan həqiqətən də 100-150 xəstəlik sistemə vurublar, amma bu kodlaşdırma vaxt aparan iş olduğundan 1500 civarında xəstəlik və diaqnozu sistemə vurmayıblar. İndi ona görə də, qarışıqlıq yaranıb.

 

Sahil Babayevin rəhbərlik etdiyi ƏƏSMN əlillik dərəcələri verməyə başlayandan problemlər başladı. Əvvəlcə nazirlikdən narazılıqlar oldu. Daha sonra etiraz edənləri dəvət etdilər nazirliyə və izah elədilər ki, problemin kökü başqadır. Nazirlik yeni qanun hazırlamağa başladı. Türkiyə modelində olduğu kimi, bütün yaralılara əlillik dərəcələri verilməlidir. Həmin qanuna əsasən 3 qrup yox, 6 qrup olacaqdı. Ancaq həmin layihə bir müddət Milli Məclisdən keçə bilmədi. Jurnalist olaraq versiyam budur ki, maliyyə naziri Samir Şərifov bu qanunun qəbul edilməsinə mane olub. Çünki siyahıdan çıxarılmış 1500 xəstəlik və diaqozun 800-ü bərpa ediləcəkdi. Bu da təxminən 55-60 faiz edir. Bu da o deməkdir ki, indi küçələrə çıxıb etiraz edən şəxslərdən 55-60 faizi əlillik dərəcəsi ala biləcək. Samir Şərifov və bir qrup şəxs isə buna etiraz edərək mane oldu və bununla da yeni qanunun qüvvəyə minməsi bu ilin iyul ayının 1-nə təyin edildi”.

 

Bahar Rüstəmli