Xəbər lenti

Nə yaxşı ki, Şahruddin var...
Amal Abuşov
İdman 16:07 07.10.2025

Nə yaxşı ki, Şahruddin var...

Sosial şəbəkələrdə bir video yayılıb. Balaca və xeyli məzəli bir uşaq qapıda dayanıb. Qapı xəttinin üzərində ora-bura qaçır, rəqs edir. Bizimkilər videonun üzərinə "balaca Şahruddin” yazıb, lağ-lağı etməyə başlayıblar.

Mən xalqımızın yumor hissinə həmişə müsbət yanaşmışam. Çünki özüm də zarafat etməyi, deyib-gülməyi çox sevirəm. Eyni zamanda da "Qarabağ”ın dağıstanlı qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxışına həmişə tənqidi yanaşmışam. Amma məsələ ondadır ki, indi bizim futbolumuz lağ-lağı ediləsi, deyib-gülünəsi haldan keçib. Allah Böyükağa Hacıyevə rəhmət eləsin. Bir dəfə demişdi ki, "Neftçi”nin gününə ağlamağa 4-5 nəfər yaxşı qadın xeylağı lazımdır. İndi Azərbaycan futbolu da məhz o gündədir. Hacıyev sağ olsaydı, bizim milli komandamız barədə də eyni sözləri deyərdi.

"Niyə”sini indi izah edim, siz də oxuyun. Şahruddin Məhəmmədəliyev "Qarabağ”ın əsas qapıçısı sayılmır, onunla yanaşı "köhlən atlar”ın düşərgəsində iki legioner qapıçısı var. Amma Qurban Qurbanov demək olar ki, Azərbaycan Premyer Liqasının oyunlarında Şahruddini mütəmadi meydana buraxır, ona etimad göstərir. Qurban bəy belə etməsəydi, ümumiyyətlə, millimizin qapısını tapşırmağa qapıçı tapmazdıq. Çünki Şahruddinlə birlikdə milliyə dəvət alan qapıçılar Aydın Bayramovla Rza Cəfərov meydan-qapı üzü görmürlər. Rəşad Sadıqov seçimini portuqaliyalı Tiaqo Silvadan bərk yapışıb. Bunun da faydasını gördüyündən onu qınamağa adamın dili gəlmir. Çünki "Zirə” yoluna məğlubiyyətsiz davam edir. Belədə Tiaqo qala-qala Aydın Bayramovu "çərçivə”yə qoymaq riskli görünür. Çünki məşqçilər qalib heyəti dəyişməyi sevmirlər. 

Rza Cəfərovla bağlı məsələ isə daha mürəkkəbdir. Gənc qapıçıya ötən mövsüm xeyli ümidlər bəsləyirdik. "Neftçi” ilə yanaşı millidə də "çərçivə”ni ona tapşırırdılar. İndi "Neftçi”də vəziyyət dəyişib. Bosniyalı qapıçı Kenan Piriç "Neftçi”də "13” nömrəli formanı geyinsə də, Samir Abasov üçün əsl "1 nömrə” odur. Legioner qapıçının elə də etibarlı olmadığı "Şamaxı”, "Turan Tovuz”, "Zirə” ilə oyunlarda görmüşük. Cərimə zərbəsi zamanı düzgün mövqe seçməyən Piriç "Turan Tovuz”la oyunda da heç də qüvvətli olmayan zərbəyə reaksiya verməyə gecikdi. Amma nə olsun? Abasovun Piriçə etimadı bitib-tükənmək bilmir. Milli komandanın maraqları naminə gənc qapıçıya oyun təcrübəsi qazandırmaq Samir bəyin heç yadına da düşmür. 

Millimizin problemi təkcə "çərçivə”ylə yekunlaşmır. Bütün xətlər üzrə problemlər xirtdəyə qədər çıxıb. Amma qapıdakı problemi Şahruddinin sayəsində qismən həll edə bilmişik. Ona görə də deyirəm yaxşı ki, Şahruddin var!

Amal Abuşov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->