Alimlər Yuta ştatında heç bir məlum bitki ailəsinə - nə mövcud olan, nə də nəsli kəsilmiş növlərə aid olmayan, "yadplanetli bitki" adlandırılan bir fosil tapıblar.
Qaynarinfo xəbər verir ki, "LiveScience"in verdiyi məlumata görə, paleontoloqlar ilk dəfə 1969-cu ildə Yuta ştatının Rainbov mədən şəhərciyində bu daşlaşmış yarpaq nümunələrini aşkar ediblər.
Onlar bu bitkiyə "yadplanetli bitki" kimi tərcümə olunan Othniophyton elongatum adını veriblər. O dövrdə alimlər 47 milyon illik bu fosilin jenşen ailəsinə aid olduğunu düşünürdülər.
Lakin "Annals of Botany" jurnalında dərc olunan yeni araşdırma fosilin yarpaqlarının, meyvələrinin və çiçəklərinin jenşen ailəsinə aid bitkilərlə oxşarlıq daşımadığını göstərib. Bitkinin gövdəsinə yapışmış bu elementlər onun əvvəllər bilinməyən və heç bir məlum ailəyə aid olmayan növ olduğunu təsdiqləyir.
Bu tapıntı, bitki təkamülünü öyrənən alimlər üçün Yerin qədim ekosistemləri barədə yeni məlumatlar təqdim edir və bitkilərin təkamül tarixi ilə bağlı anlayışlara yeniliklər gətirir.
Tapılan fosilin nadirliyi ondadır ki, onun budağında meyvələr və yarpaqlar bir yerdə qorunub saxlanılıb. Adətən, belə qalıqlar ayrı-ayrılıqda tapılır. Bu barədə tədqiqatın həmmüəllifi, Florida Təbii Tarix Muzeyindən Stiven Mançester məlumat verib.
Alimlər fosili müasir dövrdə mövcud olan və ya nəsli kəsilmiş 400-dən çox çiçəkli bitki ailəsinin heç biri ilə uyğunlaşdırmağa nail ola bilməyiblər.
Müasir mikroskop texnologiyaları fosil üzərində daha detallı tədqiqat aparmağa imkan yaradıb. Tədqiqatçılar fosilin meyvələrində inkişaf edən xırda toxumların mikroskopik izlərini aşkar ediblər. Həmçinin bitkinin təkamül prosesi zamanı çoxalma orqanı olan tozcuqları da qorunmuş halda görüblər.
"Adətən tozcuqlar meyvənin inkişafı ilə birlikdə tökülür. Amma bu bitki qeyri-adi görünür, çünki yetişmiş toxumları olan meyvələrə sahib olduğu halda, tozcuqlarını da qoruyub saxlayır. Biz müasir bitkilərdə belə bir xüsusiyyət görməmişik", deyə Mançesterin açıqlamasında bildirilib.
Bu bitki həmin regionda alimləri çaşdıran yeganə tapıntı deyil. Daha əvvəl burada Bonanzacarpum meyvələri və Palibinia yarpaqları kimi digər fosillər də aşkar edilmişdi. Bu tapıntılar nəticədə nəsli kəsilmiş qrupların kəşfinə səbəb olmuşdu.
Aydın
Şərhlər