Xəbər lenti

ABŞ niyə Zəngəzur dəhlizinə
Siyasət 12:57 16.07.2025

ABŞ niyə Zəngəzur dəhlizinə "elçi" düşdü?

ABŞ-ın Ankaradakı səfiri Tom Barakın Azərbaycanı Ermənistan üzərindən Türkiyə sərhədində yerləşən Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə götürüb istismar etməyə maraqlı olduqlarını bəyan etməsi yeni müzakirələrə səbəb olub.

Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin "Hürriyət" qəzeti yazıb.

Qəzet qeyd edir ki, Barakın açıqlamaları Zəngəzur dəhlizi mövzusunu gündəmin əsas mövzuları sırasına çıxarıb. O, ötən cümə günü Nyu-Yorkda jurnalistlərə verdiyi açıqlamada bildirib: 

"ABŞ, Cənubi Qafqaz bölgəsində Azərbaycanla Ermənistanın tezliklə razılaşması üçün Zəngəzur dəhlizi probleminə həll yolu tapa bilər. Ermənistan ərazisindən keçən təqribən 32 kilometrlik nəqliyyat xətti ABŞ şirkətləri tərəfindən 100 il müddətinə Ermənistan hökumətindən icarəyə götürülərək istismar edilə bilər".
 

Tom Barak

Ermənistan hökumətindən sərt reaksiya

ABŞ səfirinin bu təklifinə Ermənistan hökumətindən sərt reaksiya gəlib. Hökumət sözçüsü Nazeli Bağdasaryan deyib: 

"Ermənistan suveren ərazilərinin heç bir hissəsini üçüncü ölkələrə təhvil verməyi və ya bu mövzuda danışıqlar aparmağı düşünmür. Sünik bölgəsindən keçən Zəngəzurun nəzarətinin başqa dövlət və ya şirkətlərə verilməsi mümkünsüzdür".

Paşinyana daxili təzyiqlər

Barakın açıqlamaları Türkiyə və Azərbaycanla normallaşma axtarışında olan Ermənistanın baş naziri Nikol Paşinyanı daxildə tənqid hədəfinə çevirib. Müxalif qüvvələr "Paşinyan vətənimizi hissə-hissə satmaq istəyir" deyərək narazılıqlarını ifadə ediblər.

"Türkiyə Zəngəzur üzərindən keçəcək avtomobil və dəmir yolunun tezliklə fəaliyyətə başlamasını istəyir. Bu halda Çinlə Avropa arasında Orta Dəhliz adlanan nəqliyyat marşrutu işə düşəcək. Türkiyə dəhlizin bütün maraqlı tərəflərin razılığı və mənafeləri əsasında reallaşmasını hədəfləyir", deyə "Hürriyət" qeyd edir.
 


Ermənistan nə istəyir?

Azərbaycan və Ermənistan arasında imzalanması nəzərdə tutulan "Böyük sülh müqaviləsi" layihəsinin 90 faizi hazır vəziyyətdədir. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında tarixi imza üçün Zəngəzur məsələsi də daxil olmaqla üç başlıca mövzu hələ də həllini gözləyir. Digər iki məsələ ölkələrin bir-birinə qarşı təzminat iddiaları qaldırmaması və üçüncü dövlətlərə ərazilərini açmaması ilə bağlıdır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün İrəvan sərhəddən sərhədə qədər Ermənistanın daxili qanun və qaydalarının tətbiq olunmasını tələb edir.

Əslində dəhlizə Rusiya nəzarət etməli idi

"II Qarabağ müharibəsindən sonra, 10 noyabr 2020-ci ildə Moskvada imzalanan üçtərəfli bəyanat Zəngəzur dəhlizinin Ermənistan ərazisində qalan hissəsinin Rusiya sərhədçiləri tərəfindən nəzarətdə saxlanılmasını nəzərdə tuturdu. Prezident Vladimir Putin bu razılaşma ilə Azərbaycanın qələbəsində iştirak etməyi planlaşdırırdı. Lakin 2022-ci ildə Ukraynaya hərbi müdaxilə başladıldıqdan sonra Rusiya Cənubi Qafqaz bölgəsinə diqqət yetirə bilmədi", deyə "Hürriyət" yazır.

Ermənistanla Rusiya arasında münasibətlər pisləşdiyi kimi, Rusiya ilə Azərbaycan arasında da gərginlik yaşanmağa başlayıb. 2024-cü ildə Çeçenistan üzərində vurulan sərnişin təyyarəsi və Rusiyadakı Azərbaycan diasporuna yönəlmiş təzyiqlər səbəbilə münasibətlər böhran səviyyəsinə çatıb?

"Hazırda nə Ermənistan, nə də Azərbaycan Rusiyanın bölgədə söz sahibi olmasını istəyir. Rusiya Zəngəzur layihəsində yalnız dəmir yolları səviyyəsində təmsil olunur. Ermənistan dəmir yolları tamamilə Rusiya Dövlət Dəmir Yolları RJD şirkətinə bağlı olduğundan, Zəngəzur dəmir yolu xəttinin bərpası Rusiyanın mövqeyindən asılıdır. Baş nazir Nikol Paşinyan Rusiyanı layihədən tamamilə kənarlaşdırmaq üçün dəmir yollarını milliləşdirmək niyyətindədir".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->