"ABŞ-la Venesuela arasında ciddi qarşıdurma olmayacaq. Bu istiqamətdə açıqlamalar bəyanatlar səviyyəsindən o tərəfə keçməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ-ın Venesuelaya mümkün müdaxilə ehtimalını şərh edərkən deyib.
Ekspert bildirib ki, Tramp adminstrasiyası dövründə ABŞ genişlənmə siyasətini əsas götürüb:
”Yəni Tramp Amerikanın dünya polisi statusunu diktə etmək istəyir. Venesuela ilə bağlı Trampdan əvvəlki Ağ Ev rəhbərləri də Maduro rejimini dəyişmək niyyətini gizlətməyiblər”.
Həmsöhbətimiz deyib ki, Tramp bu addımı narkotik trafiklərlə mübarizə adı altında həyata keçirməyi düşünür:
"Ancaq Venesuelaya müdaxilə ABŞ-ın imkanları daxilində deyil. Hazırda Amerika müxtəlif istiqamətlərdə gərgin xarici siyasət yürüdür. Vaşinqtonun Yaxın Şərq, Rusiya, Avropa İttifaqı, Çinlə münasibətləri gərginliyilə seçilir. Belə olan təqdirdə, Venesuela ilə eskalasiyaya getməyi təsəvvür etmək Ağ Ev üçün mümkünsüzdür”.
Konfliktoloqun fikrincə, sadəcə olaraq, ABŞ Venesuelaya hədə-qorxu gəlir, habelə yaxın və orta perspektivdə orada rejim dəyişikliyinə nail olmaq istəyir:
"Ancaq bunu da bacarmayacaq. Çoxvektorlu siyasət ABŞ üçün əlverişli deyil. Maduro hətta geri çəkilərək, ABŞ-la danışıqlara hazır olduğunu bildirdi. Ancaq Tramp tərəfindən sərt ritorikanın davam etməsi fonunda Maduro da müdafiəyə hazır olduğunu bəyan etdi. Tramp Venesuela daxilində təzyiq qrupları yaradıb, Maduro hakimiyyətinə qarşı pressinqi gücləndirə bilər. Bu isə sahə müdaxiləsi demək deyil”.
Ü.Şəfiyev bəlli müddətdən sonra tərəflər arasında masa arxası görüş və hansısa razılaşmanın olmasını da istisna etmir:
"Tramp əvvəl şantaj edir, qorxudur, sonra masaya dəvət edir. Tramp eyni vaxtda bir necə cəbhədə eskalasiyada maraqlı ola bilməz. Sadəcə olaraq, Maduronu qorxudur. Bu gedişlə ya Maduronun bəzi güzəştlərlə masaya oturmasına nail olacaq, ya onun dəyişdirilməsilə bağlı addımlara keçəcək. Maduro da məcbur olub, Trampın ağır şərtlərini qəbul etmək zorunda qalacaq”.
Qeyd edək ki, Prezident Tramp Konqresə ABŞ-ın narkotik-terrorçu rejim kimi xarakterizə etdiyi Venesuelada Nikolas Maduro rejimi ilə silahlı münaqişə vəziyyətində olduğunu bildirən bildiriş göndərib. Bu bildiriş həm qaçaqmalçılıqda şübhəli bilinən Venesuela gəmilərinə artıq həyata keçirilmiş hücumlara, həm də Venesuelanın özündə hədəflərə mümkün zərbəyə haqq qazandırmaq cəhdidir. Tramp Pentaqona narkotik alveri yolu ilə ABŞ vətəndaşlarının öldürülməsinə kömək edən terror təşkilatlarına qarşı "beynəlxalq silahlı münaqişə” qanunlarına uyğun əməliyyatlar aparmağı əmr edib.
Ağ Evin Konqresə göndərdiyi bildirişdə deyilir:
"Vəziyyət kritik həddə çatıb. Biz terror təşkilatlarının hücumlarına qarşı özümüzü müdafiə etmək üçün güc tətbiq etməliyik".
Trampın iddiasına görə, ABŞ-da hər il 300 min insan həddindən artıq dozada qəbul edilmiş narkotikdən ölür.
Rüfət Sultan
Şərhlər