Xəbər lenti

ABŞ-da kitab satıcıları ötən il 16, Yaponiyada 8, Almaniyada 6 milyard dollar qazanıb, Azərbaycanda isə...
Ölkə 13:24 19.06.2019

ABŞ-da kitab satıcıları ötən il 16, Yaponiyada 8, Almaniyada 6 milyard dollar qazanıb, Azərbaycanda isə...

Qaynarinfo.az-ın "Sözlü adam” rubrikasını davam etdiririk. Xatırladaq ki, bu rubrika çərçivəsində oxuculara müxtəlif peşə sahibləri ilə cəmiyyətdə müzakirələrə, fərqli fikirlərə, yanaşmalara yol açan mövzu ətrafında söhbətlər təqdim edirik. Bugünki həmsöhbətimiz tanınmış iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğludur. Hazırda pedaqoji fəaliyyəti ilə əlaqədar ABŞ-da olan Qubad bəylə Azərbaycanın kitab bazarının indiki durumu və ölkədə mütaliə səviyyəsinin aşağı olmasının səbəbləri barədə danışmışıq. 

–  Qubad bəy, mütaliə gündəlik həyatınızda hansı yeri tutur? Ən çox hansı kitabları oxuyursunuz? 

– Rutgers Universitetində pedoqoji fəaliyyətimlə əlaqədar olaraq tədris ilində iş günlərinin  6-8 saatını kitabların, dərs materiallarının oxunmasına, ev tapşırıqlarının yoxlanılmasına və mənə ünvanlanan məktubların cavablandırılmasına həsr edirdim. Hazırda yay tətili ilə əlaqədar olaraq, peşəkar fəaliyyətimlə bağlı ixtisas fənləri üzrə yeni nəşrləri oxuyuram. Onlar arasında Gerald  Turley və Peter Lukenin  "Keçid iqtisadiyyatı”, Tomas Oatleyin "Beylənxalq siyasi iqtisad” kitabları var.  Bununla yanaşı, Ermənistan-Azərbaycan  hərbi  münaqişəsi  nəticəsində ölkəmizin məruz qaldığı  maddi itkilərin hesablanmasına dair məqalə üzərində işlədiyimdən Berlin iqtisadçılarının yeni nəşr etdikləri "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin iqtisadi səmərələri” hesabatını incəliyirəm, bu sahədə mövcud olan qiymətəndirmə metodologiyalarını öyrənirəm. Məqsədim odur ki, hazırladığım məqalədə Dağlıq Qarabağ münaqişəsi  nəticəsində Azərbaycana dəyən sosial-iqtisadi və fiskal zərərləri hesablayıb, onu beynəlxalq səviyyəli nəşrdə müzakirəyə təqdim edəm. 

–  Şəxsi büdcənizdə kitab üçün vəsait ayırırsınızmı? Sonuncu dəfə hansı kitablara pul vermisiniz?

–  Şəxsi büdcədən yalnız özümün oxuduğum deyil, həm də övladlarımın öyrəndiyi ixtisaslara dair kitabların alınmasına vəsait xərcləyirəm. Müntəzəm olaraq hər ay ailə büdcəsindən hüquq ixtisasında oxuyan qızım  üçün 50 dollar, biznes idarəçiliyində oğlum üçün isə 100 dollar vəsait ayırıram.  Onlar mənim ABŞ-dakı ünvanıma Amazondan ixtisas kitablarını sifariş verir, mən də həmin kitabları Azərbaycana və Macarıstana göndərirəm. Qızım Bakı Dövlət Universitetinin hüquq fakultəsində, oğlum da Macarıstanın Szeged Universitetinin biznes idarəçilyində təhsil alır.  Sonuncu dəfə Rusiyanın 2016-cı ABŞ seçkilərində iştirakına dair xüsusi  prokuror Mülerin  məşhur hesabatının alınmasına 13 dollar ödəmişəm. 

– Azərbaycanda kitab alıcılığının aşağı səviyyədə olması bir çox hallarda əhalinin maddi çətinlikləri ilə izah edilir. Buna qatılırsınızmı? Doğrudanmı, insanların şəxsi büdcəsi kitab almaq üçün kifayət deyil?

– Ev təsərrüfatlarının büdcə müayinəsi üzrə istehlak xərclərinin quruluşunun təhlili göstərir ki, ev təsərrrüfatlarının xərcləmələrində təhsil xərcləri 1,8 faiz təşkil edir. Bu isə adambaşına  ayda 5 manat 42 qəpik, ildə isə 65 manat  deməkdir.  Bu xərclərdə təhsil haqlarının ödənişi 100 faizə yaxındır. Odur ki, rəsmi statistik məlumatlardan da görsənir  Azərbaycanda əhali qazandıqlarının 50 faizini ərzağa və kommunal xidmətə xarcləyir. Onun istehlakında qeyri-ərzaq təyinatlı xərləmələr 15 faiz ətrafındadır. Əslində bu bölgü də göstərir ki, kitab alınmasına orta azərbaycanlının lazımı qədər vəsait ayırmaq imkanı yoxdur, ortadan aşağı  məvacibə yaşayanlar digər vacib bioloji tələbatları  ödəməkdə  çətinlik çəkdiyinə görə bu barədə düşünmür, ortadan  yuxarı səviyyədə yaşayanların bu məqsədlə vəsait ayırmaq imkanı böyük olsa da, marağı yoxdur. Odur ki, Azərbaycanda kitab alıcılığının aşağı səviyyədə olması bir çox hallarda əhalinin maddi çətinlikləri ilə izah edilməsi fikrini bölüşürəm. Elə bu səbəbdən də Azərbaycanda kitab satışı biznes deyil, xeyriyyəçilik fəaliyyətinə daha çox uyğundur. Dünyanın bir çox ölkələrində kitab satışı gəlirli biznes sahəsi hesab olunur. Məsələn, hazırda yaşadığım ABŞ-da ötən il kitab satıcılarının gəliri 16,63 milyard dollar olub, gəlirlərin 7,94 milyard dolları nəşrlərdən, 8,69 milyard dolları elektron kitabların satışından daxil olub. Yaponiyada kitab satışından daxil olan 8,11 milyard dolların 6,18 milyard dolları nəşrlərdən, 1,93 dolları isə elektron kitabların satışından formalaşıb.  Almaniyada kitab satışından əldə edilən 6,83 milyard dolların 6,05 milyard dolları nəşrlərdən, 0,78 milyard dolları elektron kitabların satışından yaranıb. Göründüyü kimi, inkişaf etmiş dövlətlərdə kitab satışı inkişaf edən və gəlirli biznes sahəsi sayılır. 

–  Azərbaycan kitaba ən yüksək ƏDV təyin edən ölkələr arasındadır. Neftdən milyardların daxil olduğu ölkə, həqiqətənmi, kitaba ƏDV-ni ya ümumiyyətlə ləğv etmək, ya da aşağı salmaq iqtidarında deyil?

– Elnur bəy, məsələ burasındadır ki, kitaba standart ƏDV tətbiqi bir çox ölkələr üçün ümumiyyətlə xarakterik deyil.  Azərbaycanda 18 faizlik ƏDV-nin tətbiqi kitabın qiymətini artıran əsas xərc maddələrindən hesab olunur.  Bu bütövlükdə satışın həcmini azaldır və dövlət büdcəcinə daxilolmalara mənfi təsir göstərir. Bütövlükdə ƏDV-nin ləğv olunması dövlət büdcəsinin neft gəlirlərindən asılılığını gücləndirə bilər. Amma hesab edirəm ki, ƏDV dərəcəsinin aşağı salınmasına ehtiyac çoxdan yaranıb. 

– Bir çoxları hesab edir ki, kütləvi mütaliə mədəniyyətinin aşağı olması həm də Azərbaycan təhsilinin acınacaqlı vəziyyəti ilə bağlıdır. Bu fikirə münasibətiniz necədir? Dünyanın gəlişmiş ölkələrində olur, tanınmış ali məktəbləri ilə əməkdaşlıq edirsiniz. Onlarla müqayisədə təhsilimizin durumunu necə qiymətləndirirsiniz? 

– Müasir universitet tələbələrinin günü əsasən kitabxanalarda keçir. Onlar götürdükləri kursu mənimsəmək üçün dərsliklər almaq məcburiyətindədirlər. Hazırda dərs dediyim Rutgers Universitetində tələbələr yalnız bir kurs üzrə həftə ərzində orta hesabla 100 səhifə oxumalıdır. Nəzərə alsaq ki, bir  çox hallarda onlar 4-5 kurs götürür, onda həftəlik mütailə 400-500 səhifədən az olmur. 

Dünyada kitab oxumağa daha çox vaxt ayıran ölkələrin siyahısına Hindistan başçılıq edir. Onlar orta hesabla  həftədə 10,42 saat kitab oxumağa sərf edirlər. Tailanda bu göstərici 9,24 saatdır, Çində isə 8 saatdır.  Göründüyü kimi ən çox kitab oxumağa vaxt sərf edən ölkələr şərq ölkələridir. Hazırda elmdə və idarəetmədə də ən çox nailiyyətləri qazanan elə həmin  ölkələrdir. Məsələn, dünyaca məşhur Google, Nokia, Adobe, Amazon, MasterCard,  Microsoft şirkətlərinin rəhbərləri hindistanlılardır. Bu isə bir daha göstərir ki, təhsillə kitab oxunması arasında birbaşa əlaqə var. 
– Azərbaycanda mütaliə mədəniyyətini yüksəltmək və kitab bazarını canlandırmaq üçün hansı addımların atılmasını vacib sayırsınız? 

– Bu sualın çox sadə cavabı var: ölkədə elmə və təhsilə dəyər verilməlidir. Eyni zamanda akademik azadlıqlar olmalıdır. 

Elnur Astanbəyli,
Qaynarinfo.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->