Xəbər lenti

Siyasət 15:55 14.11.2019

"ABŞ-dakı erməni lobbisinin nüfuzu sarsıdılıb" - Rusiyalı ekspert

Senator Lindsey Qraham ABŞ-dakı erməni lobbisinin nüfuzuna sarsıdıcı zərbə vurub.

Bu barədə "Report”a rusiyalı ekspert Yevgeni Mixaylov ABŞ Konqresində qondarma "erməni soyqırımı”nı tanımaqla bağlı qətnaməyə respublikaçı senator Lindsey Qraham tərəfindən veto qoyulduğuna münasibət bildirərkən deyib.

"Osmanlı imperiyasında guya baş vermiş erməni soyqırımını tanıyan qətnaməyə veto qoyulması ABŞ-ın xarici siyasətində Ermənistanın həqiqi yerini ilk dəfədir bu qədər əyani şəkildə ortaya qoydu. Bütün bu məsələ yalnız və yalnız türklərə təzyiq göstərmək məqsədi daşıyır”, - deyən rusiyalı politoloq Türkiyə tərəfinin də keçmişin əsirinə çevrilmək niyyətində olmadığını qeyd edib.

"Vaşinqtonda ağlı başında olan adamlar da var. Oradakılar erməni məsələsinin türklər üçün ABŞ tərəfindən qoşulan qulpdan başqa bir şey olmadığının fərqindədir. Türkiyə ilə münasibətlərin pozulması Vaşinqtona çox baha otura, ilk növbədə də, NATO-dakı ən böyük müttəfiqinin əldən çıxmasına gətirib çıxara bilər”, - deyən ekspert dünyanın təkcə "soyqırımı” qətnaməsini qəbul etdirməyə çalışan erməni lobbisinin məğlubiyyətinə yox, həm də prezident Donald Tramp və administrasiyasının ABŞ-dakı erməni diasporuna açıq ismarıcına şahid olduğunu qeyd edib.

Rusiyalı politoloqun fikrincə, qətnaməyə qoyulan vetoda "olmayan məsələni qəbul etdirmək üçün dəridən-qabıqdan çıxan yad qövmə təkəbbürlə göz qoyan” yəhudi icması da mühüm rol oynayıb.

"Nasistlər tərəfindən yəhudilərə qarşı törədilmiş Holokost hamı tərəfindən qəbul edilən tarixi fakt olduğuna görə yəhudilər başlarına gələnlər müqabilində haqlı olaraq təzminat alıblarsa, ermənilərin türkləri "cəzalandırmaq” cəhdləri arxasında fikrimcə, hansısa təzminatla yanaşı, "böyük Ermənistan”ın xəyali ərazilərini qaytarmaq istəyi də gizlənir ki, bu da əslində qeyri-mümkündür”, - deyən politoloq Osmanlı imperiyasında 1915-ci ildə baş verənlərin tarixçilər tərəfindən az tədqiq olunduğunu, iki dövlət arasındakı siyasi gündəmə çıxarılacaq bir məsələ olmadığını vurğulayıb.

"Qeyd etmək istərdim ki, XX əsrin əvvəlində bir çox xalqlar böyük məşəqqətlərə düçar olublar. Odur ki, o vaxt kim əziyyət çəkibsə, hamısının soyqırımını tanımaqla ifratçılıqla məşğul olmaqdansa, keçmişdəki səhvləri üzə çıxararaq müasir dövrdə təkrarlanmaması üçün ibrət götürsək, daha yaxşı olar”, - deyə rusiyalı ekspert fikrini tamamlayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->