ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın Baş naziri Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenkonun adını sanksiya tətbiq ediləcək şəxslərin siyahısına daxil edib.
Qaynarinfo report-a istinadən xəbər verir ki, nazirliyin Konqersə təqdim etdiyi "Kreml məruzəsi”ndə Rusiyanın 114 yüksək vəzifəli məmurunun, dövlət şirkəti rəhbərlərinin və 96 oliqarxın adı var.
Hələlik sanksiyaların nədən ibarət olduğu tam açıqlanmayıb.
ABŞ-ın yeni sanksiya siyahısında D.Medvedev və V.Matviyenko ilə yanaşı, Dövlət Dumasının sədri Vyaçeslav Volodinin, Rusiya Prezidenti Adminstrasiyasının rəhbəri Anton Vaynonun, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun, prezidentin köməkçisi Vladislav Surkovun, "LUKOİL" şirkətinin prezidenti Vahid Ələkbərovun, "Rosneft”in İdarə Heyətinin sədri İqor Seçinin, "Qazprom” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Aleksey Millerin, general Boris Qromovun, milyarder iş adamları Alşir Usmanovun, Roman Abramoviçin, Süleyman Kerimovun, Vladimir Potaninin, Pyotr Avenin, Arkadiy və Boris Rotenberqlərin, Gennadi Timçenkonun, Oleq Tinkovun və "Kasper laboratoriyası”nın qurucusu Yevgeni Kasperskinin də adları var.
Qeyd edək ki, 2017-ci il iyulun 25-də Konqresin Nümayəndələr Palatası, iyulun 28-də isə Senat Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsi barədə qanun layihəsini qəbul edib. Sənəddə Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etdiyinə, Suriyada Bəşşar Əsəd rejimini dəstəklədiyinə və ABŞ-dakı 2016-cı il prezident seçkisinə müdaxilə etdiyi üçün Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi nəzərdə tutulmuşdu.
Şərhlər