Dünya 10:56 24.02.2020

ABŞ kəşfiyyatının əlində belə məlumat yoxdur... – Putin Tramp üçün çalışır?

ABŞ kəşfiyyatının əlində noyabr ayında keçiriləcək seçkilərdə yenidən prezident seçilməsi üçün ABŞ prezidenti Donald Trampa Rusiyanın kömək etməsinə dair dəlil yoxdur. 

Qaynarinfo xəbər verir ki, bu haqda CNN kəşfiyyat mənbələrinə istinadən məlumat paylaşıb.

"The New York Times" qəzetinin yazdığına görə, fevralın 13-də ABŞ Konqresinin aşağı palatasının kəşfiyyat komitəsinin üzvləri üçün xüsusi brifinq keçirilib. Bu görüşdə kəşfiyyat nümayəndəsi Şelbi Pearson Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə etmək üçün yeni cəhdləri barədə xəbərdarlıq edib.

"Kəşfiyyat bu məlumatı təsdiqləmir. Əksinə, deyə bilərik ki, Trampın yenidən seçilməsi Rusiya üçün üstünlük təşkil edir. Rusiyada onunla danışıqlar aparmağın mümkün olduğuna inanırlar”, - telekanalın mənbəsi deyib.

O, Pearsonun öz sözlərini təsdiq edəcək heç nə təqdim etmədiyini, sadəcə həmkarlarını yoldan çıxardığını da iddia edib.

Öz növbəsində ABŞ prezidenti Amerikanın KİV-lərində Rusiyanın hazırkı dövlət başçısına kömək məqsədilə 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etdiyi barədə yayılan xəbərlərin "dezinformasiya kampaniyası" olduğunu söyləyib.

Fevralın 21-də Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın müdaxiləsi ilə bağlı yayılan xəbərləri paranoidlik adlandırıb.

Xatırladaq ki, ABŞ-da prezident seçkisi 2020-ci il noyabrın 3-nə təyin edilib.
 
Alpər