"Hesab edirəm ki, artıq gələcək razılığın formatı bəllidir. Sadəcə olaraq, bu məsələlərə hər iki tərəfdə ictimaiyyət hələ hazır deyil. Ona görə də aparılan danışıqlarda kiminsə tələsdiyini, kiminsə prosesi uzatmağa çalışdığını düşünmürəm. Sadəcə, hansısa etimad məsələləri nəzərdə tutula bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ukrayna məsələsilə bağlı danışıqlarda ABŞ tərəfinin prosesi uzatmağa çalışdığı, Rusiyanın isə əksinə, nəticə əldə etməyə tələsdiyi görüntüsünün yaranmasına münasibət bildirərkən deyib:
"Bundan qabaq da proseslə bağlı danışıqlar və mexanizmlər olub. Adi silahlara aid saziş, Açıq Səma inspeksiyaları mövcud idi. İndi isə onları yeniləmək, əvəzləmək zamanı çatıb. Ona görə də proses aktuallaşıb. Onların hamısı da Ukrayna hadisələri fonunda baş verir”.
Həmsöhbətimizə görə, Ukrayna və Gürcüstan NATO-ya üzv qəbul ediləcək. Amma ərazilərində zərbə imkanına malik silahlar yerləşdirilməyəcək:
"Gələcək razılıq formatında zərbə imkanına malik və nüvə silahı daşıyıcıları vasitələrinin hansısa müəyyən məsafədə olması ilə bağlı müəyyən sazişin imzalanması gözlənilir. Bunu da hərbçilər müəyyənləşdirməlidir, çünki silahların xüsusiyyətlərini onlar bilir. Beləliklə tərəflər əsas təhlükə təşkil edən silahların yerləşməsini bu və ya digər şəkildə nizamlayacaqlar. NATO-ya üzvlük məsələsində isə Qərb israrlıdır ki, üzvlük könüllü və hər bir dövlətin xalqlarının iradəsindən asılı olmalıdır.
Bu da onu deməyə əsas verir ki, Ukrayna və Gürcüstanın quruma üzvlük məsələsi bir növ alınacaq. Amma müharibə olmayan dövrdə xüsusi silah növləri müəyyən məsafədə yerləşdiriləcək. Yəni üzvlük olsa da, həmin silahları Ukrayna və Gürcüstanda yerləşdirmək mümkün olmayacaq. Danışıqlar fonunda təbii ki, Rusiya da üzərinə hansısa öhdəliklər götürəcək. Gələcək razılaşmanın konturları məhz bu şəkildə ola bilər”.
Rüfət Sultan
Şərhlər