Ölkə 11:41 17.05.2021

Açıq havada maskadan imtina etməyin vaxtı çatıbmı? - Ekspert

"Havalar istiləşdikcə maskada nəfəs almaq çətinləşir".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib. O bildirib ki, uzun müddətdir qapalı ev şəraitində qalan insanlar daha çox açıq havada vaxt keçirmək istəyir:

"Maskanın taxılması da, görünür, müəyyən insanlarda çətinliklər yaradır. Amma biz unutmamalıyıq ki, pandemiya dövründə yaşayırıq. Koronavirus infeksiyası aramızdan çəkilib getməyib. Yəni, maskanı açsaq, yoluxmalar yenidən arta bilər. Yoluxmanın artması isə yenidən sərt karantin rejiminə keçidə səbəb ola bilər. Çətin də olsa, bir müddət maskadan istifadə etməliyik".
 
 

Vüqar Cavadzadə qeyd edib ki, insanlar vaksinasiya prosesində aktiv iştirak etməlidir:

"Vaksin olunan insanların sayı çoxalarsa, o zaman ümumilikdə hardasa maskadan imtina etmək üçün bir əsas olar. Digər bir tərəfdən isə vaksinasiya olunan şəxslərə güzəştlər tətbiq olunsa, bu, insanları bir az stimullaşdırar. Məsələn, vaksin vurduran şəxslər maskadan, sərt karantin şərtlərindən azad olunması və s. kimi güzəştlər olsa, o zaman vaksinasiya olunan vətəndaşların sayı arta bilər. Bu da sonda koronavirus pandemiyasının kəskin şəkildə azalmasına səbəb olar".

Bahar Rüstəmli