Xəbər lenti

Çin hipersəs sahəsində uğurla irəliləyir: ABŞ-ın
Dünya 18:31 30.06.2025

Çin hipersəs sahəsində uğurla irəliləyir: ABŞ-ın "ev tapşırığı"nı yerinə yetirir

ABŞ-ın hərbi ekspertləri Çin tərəfindən hipersəsli ballistik raketlərin hazırlanması sahəsindəki irəliləyişlərdən narahatdırlar. Ekspertlərin əsas narahatlığı isə ondan ibarətdir ki, Pekin öz proqramlarını ABŞ-ın elmi-tədqiqat və texnoloji inkişaflarına əsasən qurur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Washington Times" yazır.

Purdue Tətbiqi Tədqiqatlar İnstitutunun baş direktoru Mark Lüis "Threat Status" adlı həftəlik podkastda bildirib ki, Çin uzun illərdir Amerikanın ev tapşırıqlarını köçürür. Onun sözlərinə görə, bu yanaşma Çin müdafiə sənayesinin hipersəs texnologiyaları sahəsində önə çıxmasına imkan verib.

"Biz səhv etdik ki, heç kimin bizi bu texnologiyada qabaqlaya bilməyəcəyini düşündük", deyə Lüis bildirib.

O, əlavə edib ki, Çin tərəfindən ABŞ-ın intellektual mülkiyyətinin oğurlanması geniş şəkildə tanınır və bu, ölkənin texnoloji inkişafını xeyli sürətləndirib. Bununla yanaşı, Çin iqtisadi strukturu da bu prosesə dəstək verir. Belə ki, hipersəs sahəsindəki təşəbbüslər ümummilli inkişaf layihəsi səviyyəsində təşkil olunur. Lüisin fikrincə, Çin bu texnologiyanı əsas investisiya istiqamətlərindən biri elan edib. Bu yanaşmanın göstəricilərindən biri də hipersəs texnologiyaları üzrə ixtisaslaşan universitetlərin və dərc olunan elmi məqalələrin sayıdır.

Nəşr qeyd edir ki, "Politico"nun 2019-cu il hesabatına əsasən, Çin 2017-ci ildə hipersəs raketlərinin inkişafı ilə bağlı 700-dən çox elmi məqalə dərc edib, halbuki həmin dövrdə ABŞ cəmi 207 məqalə yayımlamışdı. Lüisin sözlərinə görə, ABŞ hipersəs raketlərinə sərmayə qoyuluşunda ardıcıl olmayıb.

"Ən böyük texniki problem bu sistemlərin maya dəyərini azaltmaqdır ki, onları ehtiyac duyulan sayda istehsal edə bilək", deyə Lüis vurğulayıb.

Ekspert hesab edir ki, Çin hipersəs raketləri sahəsində ABŞ-ın əsas rəqibidir. Onun fikrincə, Rusiya Ukrayna ilə müharibədə hipersəs sistemlərindən istifadə etsə də, bu, Moskvanın üstünlüyünü təmin etməyib. Əvəzində, Rusiya tərəfindən bu silahın effektiv olmayan tətbiqi ABŞ liderlərində hipersəsli ballistik raketlərin real imkanları ilə bağlı şübhə yaradıb.

Məqalədə qeyd edilir ki, rəqib dövlətlərin hipersəsli raketləri ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfindən təklif olunan "Golden Dome" raketdən müdafiə sisteminin inkişafına maneə yarada bilər. İsrailin "Iron Dome" sistemindən ilhamlanaraq hazırlanan bu layihə ABŞ-ın mövcud raketdən müdafiə infrastrukturunu təkmilləşdirməyi və müxtəlif müdafiə qatlarını birləşdirməyi nəzərdə tutur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->