Xəbər lenti

AKP-dən Azərbaycan əleyhinə səs verən türk deputatlarla bağlı sərt reaksiyalar
Ölkə 11:39 15.10.2017

AKP-dən Azərbaycan əleyhinə səs verən türk deputatlarla bağlı sərt reaksiyalar

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə səs verən CHP-çi millət vəkillərinə etirazlar yağdırılır.

"Qaynarinfo"nun məlumatına görə, AŞPA-nın Türkiyə nümayəndə heyyətinin üzvü, AK partiyanın Konyadan seçilmiş millət vəkili Leyla Şahin Usta Yenicag.az-a bildirib ki, partiyası 2002-ci ildən bəri Azərbaycanla fəaliyyətdə həmrəylik nümayiş etdirir:

“Dünyanın, xüsusilə də, Avropanın xaos vəziyyətində Parlament Assambleyasında müzakirəyə çıxarılan subyektiv xarakterli hesabtlar çox yaxşı analiz edilməlidir. Buradakı fərqli dünyagörüşünə sahib olan qrupların Türkiyə və Azərbaycana qarşı münasibətdə hər zaman şübhəli mövqe tutduqlarını çox yaxşı bilirik. Belə olan halda, Cümhuriyyət Xalq Partiyasından olan üzvlərimizin qardaş Azərbaycanla əlaqələrimizi sual altında qoyacaq tərzdə bir hesabatın lehinə səs verməsi təəssüf doğurur. Azərbaycanın AŞPA-a qəbul olunmasından sonra, xüsusilə, AKP-nin 2002-ci ildə iqtidara gəlməsindən sonra biz daim azərbaycanlı qardaşlarımızla fəaliyyətdə həmrəylik nümayiş etdirmişik. Sıralarında Deniz Baykal kimi təcrübəli bir siyasətçinin də olduğu CHP millət vəkillərinin Azərbaycan əleyhinə səs verməsinin iki qardaş ölkənin münasibətlərinə təsir etməyəcəyini düşünürəm. AKP olaraq biz AŞPA-da azərbaycanlı millət vəkili qardaşlarımızla möhkəm həmrəylik və əməkdaşlıq çərçivəsində fəaliyyətimizi davam etdirəcəyik.”

Türkiyənin sabiq təhsil, mədəniyyət və turizm naziri; AK partiyanın Eskişehirdən seçilmiş millət vəkili Nabi Avcı da Azərbaycan və Türkiyənin beynəlxalq arenada hər zaman bir-birinə dəstək olduğunu söyləyib:

“İki qardaş ölkə olan Türkiyə və Azərbaycan istər AŞPA-da, istərsə də digər beynəlxalq təşkilatlarda hər zaman bir-birinə dəstək verib. AŞPA-da CHP-çilərin Azərbaycan əleyhinə səs verməsi AKP-nin ilk hakimiyyətə gəldiyi illərdə baş verən bir hadisəni yadıma saldı: 2004-cü ilin aprel ayında AŞPA-da Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqədar bir hesabat səsverməyə çıxarılmışdı. Azərbaycanlı millət vəkilləri bu səsvermədə bitərəf qalmağı seçmişdi və bu hadisə Türkiyədə böyük səs-küyə səbəb olmuşdu. Türkiyədə etirazlarla qarşılanan bu hadisədən bir neçə ay sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin təlimatı ilə bütün embarqolara rəğmən Bakıdan Lefkoşaya ilk dəfə birbaşa hava yolu açıldı. Üç ay əvvəl Azərbaycanı tənqid edən siyasətçilər, media nümayəndələri cənab İlham Əliyevdən üzr istədi. CHP-dən olan millət vəkillərinin Azərbaycan əleyhinə səs verməsini tarix unutmayacaq, ancaq bununla belə bu iki ölkə arasındakı münasibətləri qətiyyən mənfi istiqamətə aparmayacaq. Nümayəndə heyyətimizdə olan CHP-çi millət vəkillərinin səhvlərini analiz edəcəklərinə və bundan sonra da AŞPA-da qardaş Azərbaycanla həmrəylik aktımıza sadiq olacaqlarına ümid edirəm.”

AŞPA-nın Türkiyə nümayəndə heyyətinin üzvü, AKP-nin Osmaniyyədən seçilmiş millət vəkili Suat Önal, bu addımın CHP-yə yaraşmadığını bildirib:

“Bütün beynəlxalq qurumlarda Türkiyə və Azərbaycan qardaşlıq duyğusu əsasında hərəkət edir, bu halda CHP-dən olan heyyət üzvlərimizin qardaş Azərbaycan əleyhinə səs verməsi yumuşaq desək, onlara yaraşmır. Bizim beynəlxalq arenada güclərimizi inteqrasiya etdirməli olduğumuz təqdirdə CHP-nin hansı əsasla olursa-olsun bu mövqedə dayanmasının heç bir izahı ola bilməz. Əminəm ki, CHP-nin mövqeyi iki qardaş ölkə arasındakı əlaqələri zədələməyəcək və növbəti səsvermədə onlar öz səhvlərini düzəldəcəklər.”

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->