Ölkə 17:57 24.01.2020

Aktivistlərə müraciət olundu: “Əfsanə öldürülə bilər...”

3 uşağıyla evdən qaçan 26 yaşlı Əfsanə ilə bağlı aktivistlərə müraciət olunub. 

Qaynarinfo məlumat verir ki, bu barədə sosial şəbəkə izləyicisi Türkan Bəşir məlumat yayıb. O, aktivistlərə müraciət edərək Əfsanə olayının gündəmdə qalmasını xahiş edib:

"Əfsanə mənimlə yaşıddır. Amma o qədər əziyyət görüb, şiddətə məruz qalıb ki, yaşından böyük görsənir. Erkən yaşda ərə verilib. Əri (Səxavət) illərdir ona şiddət göstərir, axırıncı dəfə qırmancla döyüb, o da bezib uşaqlarını götürüb gəlib Bakıya, birbaşa Xəzər TV-yə. Xoşqədəmdən kömək istəmək üçün. Xoşqədəm də ayın 2-də efirə çıxarıb, ərini də dəvət edib. Qadının bədənində işgəncə izləri var, əri efirdə də onu döydüyünü etiraf edib. Təbii ki, özünə haqq qazandıraraq. Qadın indi uşaqları ilə birlikdə Kəmalə Ağazadənin sığınacağındadır. Xülasə, neçə gündür bu məsələ gündəmdədir, qadın boşanmaq istəyir. Amma efirdə müzakirə etməkdən başqa heç bir iş görülmür. Hüquq mühafizə orqanlarından heç bir hərəkət yoxdur. Kişi çıxıb efirdə açıq aşkar şiddət göstərdiyini danışır, qadını günahkar çıxarmağa çalışır (sözümə baxmayıb, nə bilim, cavab qaytarıb kimi cəfəngiyatlar). Nə komitə (Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi) məsələ ilə bağlı tədbir görür, nə də hüquq mühafizə orqanları. Qohumları dəvət edirlər, danışdırırlar. Başa düşdüyüm qədər barışdırmağa çalışırlar. Aktivistlərdən xahişim budur ki, bu məsələni gündəmdə saxlasınlar, daha da ictimailəşsin. Qadın barışmaq istəmir, boşanmaq istəyir. Kişi onu dəfələrlə ölümlə təhdid edib. Yəni onunla barışsa, ya ikiqat əziyyət verəcək, ya da öldürəcək. Heç olmasa bu məsələ ölümsüz, itkisiz həll olunsun”.

Qeyd edək ki, bir neçə gün öncə Xızıda ana və 3 övladı itkin düşmüşdü. Qadının həyat yoldaşı İsayev Səxavət hüquq-mühafizə orqanlarına məlumat verərək 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızının 17.01.2020-ci il tarixində günorta saatlarında 9 yaşlı qızı Nurcanı, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə getməsi və bir daha geri qayıtmadığını bildirmişdi. Əfsanə tapılandan sonra sığınacağa yerləşdirilib.

Bahar Rüstəmli