Genetiklər neandertal insan dövrü ilə müasir biologiyanın müqayisəsi əsasında insan zəkasının təkamülü xəritəsini yaratmaq istəyirlər.
Qaynarinfo xəbər verir ki, alimlər tərkibində neandertal insana məxsus DNT olan süni "kiçik beyin” yaratmaq və onun müasir insandan fərqini öyrənməyə hazırlaşırlar. Yaxın bir neçə ayda əsas hüceyrələrdən alınaraq böyüdüləcək beyin orqanoidləri adlanan kiçik hüceyrələr vasitəsilə bir sıra genlərin "neandertallaşması” versiyası üzərində tədqiqatlar aparılacaq. Mərcimək ölçüsündə olan, düşünmə və hissetmə qabiliyyəti olmayan orqanoidlər yetkin insan beyninin əsas strukturlarından bir neçəsinin surətini çıxaracaq.
Almaniyanın Leypsiq Universitetinin Təkamül Antropologiyası İnstitutunun professoru Svante Paabo deyir ki, neandertallar genlərinə görə müasir insana daha yaxındır və müqayisəli tədqiqatlar insan beyninin inkişafının bir çox sirlərini üzə çıxarmağa imkan verəcək. Onun rəhbərlik etdiyi laboratoriyada uzun müddət neandertal genomunun üzərində beynəlxalq araşdırmalar aparılıb və hazırda bu genlərin siçanların kəllə-sifət nahiyəsi və qurbağa yumurtalarına yeridilməsi üzrə tədqiqatlar davam edir. Məqsəd bu canlılarla insan arasında ağrıların beyində hiss edilməsindəki fərqləri aşkar etməkdir. "Əgər biz əsəb sistemində fundamental fərqləri tam öyrənə bilsək, o zaman insan idrakının bu qədər inkişaf etməsinin səbəblərini də biləcəyik”, - deyə professor Paabo əlavə edib.
2010-cu ildə alimlər on minlərlə il əvvəl Avropada yaşamış dörd qadının qalıqları vasitəsilə neandertal genlərinin kodlarını toplayıb və onları müasir insan genomu ilə müqayisə ediblər. Məlum olub ki, neandertal genlərinin üçdəbiri modern insanda olduğu kimidir. Professor Paabonun sözlərinə görə, bu tədqiqatlar dünyaya yayılmış milyonlarla, sonradan milyardlarla insanların düşüncə və mədəniyyət fərqlərini də araşdırmağa kömək edəcək. O bildirib: "Hələ də müxtəlif coğrafiyalarda yaşayan insanlar arasında idrak fərqinin səbəbini tam araşdırmaq mümkün olmayıb. Son tədqiqatlar beynin inkişafını müəyyən edən üç əsas genin öyrənilməsi üzrə aparılacaq. Neandertal genlərinin beynin inkişafına təsirini öyrənmək üçün müxtəlif irqlərin nümayəndələri üzərində aparılacaq tədqiqatlar nəticəsində maraqlı yeniliklər üzə çıxa bilər”.
Harvard Universitetinin professor Corc Çörç isə bildirir ki, 400 min ilə əvvəl müasir insanlar və neandertallar bir-birindən ayrılıb. Belə ki, əcdadlarımız Afrikada qalıb, neandertallar isə Avropanın şimalına hərəkət ediblər. Arxeoloji qazıntılara görə, təqribən 60 min il əvvəl müasir insanların Afrikadan kütləvi köçü baş verib və bu iki insan növü yenidən üz-üzə gəlib. Çörçün fikrincə, neandertalların müəyyən sənət növləri yaratması barədə fərziyyələr olsa da, onların 100 min il əvvəl müasir insanlar kimi okeanlardan istifadə etməsi, qayıqlar düzəltməsi ilə bağlı sübutlar yoxdur.
Professor Paabo əlavə edib: "Sakit okeana girmək və nəhayətsiz sularda üzmək neandertalların atacağı addım deyildi. Onlar digər məməlilər kimi ağıllı olublar. Onların okeanın digər sahilini görmədən yola düşmələri ağlabatan deyil. İndiyədək məni təəccübləndirən bizim əcdadımızın buna necə cəsarət etməsidir”.
Şərhlər