ABŞ-ın Sloan-Kettering Memorial Onkologiya Mərkəzinin alimləri yaşlanan hüceyrələrin yenilənmə qabiliyyətini, dolayısı ilə də xərçəng zamanı baş verən nəzarətsiz artımı itirdiyini müəyyən ediblər.
Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Nature” jurnalında dərc
olunub.
Tədqiqatçılar yaşlanmanın xərçəngin inkişafında ən vacib risk faktoru olduğunu getdikcə daha çox vurğulayırlar. Bunun səbəbi, hüceyrələrdə genetik mutasiyaların onilliklər ərzində toplanmasıdır.
Alimlər bildiriblər ki, ağciyər xərçəngi riski təxminən 70 yaşlı insanlarda artır, lakin 80-85 yaş həddinə çatdıqda bu ehtimal azalmağa başlayır. Bunun səbəbini araşdırmaq üçün alimlər insan ağciyər adenokarsinomasının (xərçəngin təxminən 7% ölüm hallarına səbəb olan növü) analoqu ilə siçanlar üzərində təcrübə aparıblar.
Məlum olub ki, çox yaşlı siçanlarda NUPR1 adlı zülal daha çox istehsal olunur. Bu zülalın miqdarı artdıqca ağciyər hüceyrələri funksiyalarını zəiflədib, dəmiri emal etməkdə çətinlik çəkiblər. Hüceyrələr daxilindəki dəmirdən səmərəli istifadə edə bilmədikləri üçün onların bərpa olunma qabiliyyəti qismən itirilib.
Çünki hüceyrələrin bərpa olunması və sürətlə çoxalma qabiliyyəti xərçəngin yaranması ilə birbaşa əlaqədardır, yaşlı siçanlarda gənc siçanlara nisbətən xeyli az şiş inkişaf edib.
Alimlər qeyd ediblər ki, COVID-19 pandemiyasından sonra milyonlarla insan ağciyər funksiyası ilə bağlı problemlər yaşayır, çünki infeksiyadan sonra tam sağala bilməyiblər. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, orqanizmə dəmir daxil edilməsi ağciyərlərin yenidən bərpa olunmasına kömək edir. Bununla belə, bu bərpa qabiliyyətinin artırılması xərçəng riskini də yüksəldə bilər.
Alpər
Şərhlər