Xəbər lenti

Alqışlayırıq, amma umacaqlarımız da var...
Hüseynbala Səlimov
Ölkə 09:45 18.02.2019

Alqışlayırıq, amma umacaqlarımız da var...

Hüseynbala Səlimov

Ölkədə baş verən son proseslərin siyasi mülayimləşməyə, ictimai həmrəyliyə doğru bir addım, hətta liberallaşmanın ərəfəsi kimi qəbul edilməsinin özü bir daha göstərir ki, insanlar həqiqətən də daha ciddi və irimiqyaslı islahatların intizarındadır və bəzi təbliğatçı, təlimatçı "politoloq”ların iddialarına rəğmən ölkədəki siyasi və iqtisadi azadlıqlar heç də "artıqlıq” etmir, cəmiyyət daha ciddi institusional islahatların və daha mülayim siyasi iqlimin arzsundadırlar.

Ən çox hiss olunan və maraq doğuran nədir? Duyulur ki, hakimiyyətin özü də ictimai nəzarətin artmasında, hökumətin işinin daha da şəffaflaşmasında və ən başlıcası da cəmiyyətdəki ovqat, insanları qayğılandıran ictimai -siyasi məsələlər haqqında daha adekvat və dolğun məlumat almaqda maraqlıdır. 
Çox təqdirəlayiq bir haldır ki, bunları təkcə bu son günlərdə təsis olunduğu elan olunan iki ciddi ictimai - siyasi tədqiqat qurumunun yaradılması sübut etmir, onlara qədər də görülən bir sıra işlər, məsələn, ASAN xidmət şəbəkəsinin yaradılması, məmurlarla vətəndaşların birbaşa kontaktlarının mimimum bir həddə çatdırılması, vətəndaşların problemlərinin məmur süründürməçiliyi və korrupsiya halları olmadan yerindəcə həll edilməsi təsdiq edir.

Amma yenə də bir məsələ çox ciddi bir problem olaraq qalır və o da daha effektiv ictimai nəzarətdir; bəli, ictimai nəzarət və bir daha ictimai nəzarətdir. Məsələ bundadır ki, ictimai nəzarət özfəaliyyət kimi bir şeydir, konkret sanksiyaya malik olan ictimai institut kimi tamam başqa bir şey. 
Ən əsas problemimiz də mövcud ictimai nəzarətin zəruri sanksiya mexanizmləri ilə təmin olunmamasıdır.

Səbəb də budur ki, ölkədə hələ də seçkilərlə bağlı problemlər var, televiziyalar demək olar ki, "manıs”ların və yalaq-yaltaq politoloqların ixtiyarına verilib, bir tərəfdən də son vaxtlarda onsuz da liliputlaşmış yazılı mətbuatın bir az da budanacağı haqda xəbərlər gəzir...
 
Üstəlik, sosial şəbəkələrlə bağlı da sərt tədbirlərin ola biləcəyi istisna deyil, halbuki bəzi neqativ cəhətlərinə baxmayaraq məhz "sosial şəbəkə” deyilən fenomen faktiki olaraq insanları fəallaşdırıbdır və az qala, başqa yerlərdə olduğu kimi, sosial medianın yaranmasına gətirb çıxarıbdı, odur ki, sosial şəbəkələri məhdudlaşdırmağa yönəlik hər hansı cəhd təkcə ölkənin imici üçün problemli deyil, ictimai mediaya, ictimai fəallığa və ictimai nəzarətə qarşı da ciddi təpki ola bilər, çünki belə şəraitdə effektiv ictimai nəzarətdən danışmaq bir az çətin olacaq.

Ölkədə elə sferalar var ki, onlar çox effektiv və neqativ hallar olmadan, operativ şəkildə işləyirlər. Məsələn, neçə illərdir ki, fəaliyyət göstərmələrinə baxmayaraq hələki heç kim TQDK və ya ASAN xidmət haqqında hansısa bir neqativ söz demir – burada nə korrupsiya var, nə də hər hansı digər neqativ hallar. 

Amma adam daim ehtiyat edir ki, həmin hallar nə vaxtsa buralara da yol tapa bilər. 

Məsələ bundadır ki, məsələn, korrupsiya kimi hallar tək məmurların təşəbbüsü ilə yaranmır, elə adi vətəndaşların arasında da problemlərini rüşvətlə həll etməyə, qanundan yan keçməyə meylli olan və şeytan kimi məmurları, dövlət qulluqçularını yoldan çıxarmağa gücü və iqtidarı olan kəslər az deyil. Odur ki, bunun baş verməməsi və gözəl təşəbbüslərin bir gün uğursuzlulqa bitməməsi üçün yenə bir yol qalır: ictimai nəzarəti və ictimai sayıqlığı artırmaq. 

Məsələn, inkişaf etmiş ölkələrdəki şəffaflığın bir səbəbi var: burada hamının hamıya nəzarəti bərqərar olub. Başqa yol yoxdur, heç kimin öz personasını nəzarətdən kənar subyekt kimi hiss etməməsi üçün, şəffaflıq və aşkarlığın artması üçün birinci növbədə seçkilərdə, onların keçirilməsində və şəffaflığının artmasında böyük dəyişikliklər etmək və seçkiləri əsl demokratik seçki halına gətirmək lazımdır. 

Söz azadlığı və ya media institunun önəmindən danışmağa isə zənn edirik ki, ehtiyac yoxdur-  bu, o qədər aydın məsələdir ki, xüsusi şərhinə zərurət duyulmur...

O ki qaldı digər aksiyalara, onlar elə də effektiv deyil, hətta bir çox hallarda sadəcə, dekorasiyadır, özü də elə bir dekorasiya ki, onunla qeyri-demokratik sistemin kələ-kötürlərini yamamaq belə olmur. Hələ qədim Çin filosofları deyirdilər ki, problemlərin ən düzgün həlli şeylərə onların əsl adlarını qaytramaqdır. Odur ki, gəlin belə edək, olanları necə varsa, elə də adlandıraq və başa düşək ki, biz velosipedə kosmik raket də deyə bilərik, amma bununla o, heç də raket olmayacaq. 

Siyasi-ictimai həyatda da belədir, üstəlik də insanların əsassız iddialarının azaldılmasının və ictimai qəzəbin ölkəyə yol açmasının, bura kənar əllərin uzanmasının qarşısının alınmasının bircə yolu var: insanları, cəmiyyəti hakimiyyətə, idarəetməyə daha yaxın buraxmaq...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->