Martın 22-dən 25-dək Slovakiyada keçirilən üzgüçülük üzrə "Spring prix of Zilina 2018" yarışları başa çatıb.
Qaynarinfo xəbər verir ki, bu mötəbər yarışda Azərbaycanı Alsu Bayramova təmsil edib. Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək yeniyetmə və gənclərin Olimpiya Oyunlarına lisenziya verən bu yarış həmyerlimiz üçün uğurlu olub.
Belə ki, Alsu Bayramova 100 və 200 metr məsafəyə baterflyay üsulu ilə üzmədə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İki qızıl, bir bürünc medal qazanan Alsu 100 metrdə 1 dəqiqə 3,76 saniyə, 200 metr məsafəyə üzmədə isə 2 dəqiqə 19,29 saniyə nəticə göstərib. 50 metr məsafəyə üzmədə isə Alsu 29,29 saniyə nəticə ilə 3-cü olub.
Beləliklə azərbaycanlı xanım üzgüçü 100 və 200 metr məsafəyə yarışlarda Olimpiadaya vəsiqə qazanıb və Azərbaycanı Argentinada təmsil edəcək.
Xatırladaq ki, Bakı Dövlət Universitetitinin jurnalistika fakültəsinin 1-ci kursunda oxuyan Alsu paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının da mükafatçısı olmuşdu.
Şərhlər