İdman 16:40 15.10.2021

AMADA idmançılara dəstək məqsədi ilə onlayn müraciət platformasını istifadəyə verdi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançıların antidopinq sahəsində hüquqi öhdəliklərinin yerinə yetirilməsinə kömək məqsədi ilə yeni platforma  hazırlayıb. Bu platforma antidopinq sahəsi ilə bağlı bir sıra vacib hüquqi prosedurların onlayn formada həyata keçirilməsinə imkan verir. 

Belə ki, antdopinq qayda pozuntularının araşdırılması zamanı idmançının hüquqlarının qorunması baxımından vacib  olan hüququ proseduralar - idmançıdan izahat alınması, idmançının İntizam və ya Apelyasiya komitəsinə müraciət etməsi mövcuddur. 

Bundan əlavə hər bir peşəkar idmançı öz karyerası ilə bağlı bir sıra qərarları (idmanı tərk etmə, idmana qayıtma, idman növünü dəyişmə, hərbi xidmətlə bağlı idmanı müvəqqəti tərk etmə)  qəbul etdikdə bunun hüquqi cəhətdən rəsmiləşdirilməsinə məsuliyyət daşıyır.  Sözügedən məsələlərlə bağlı məlumatlar AMADA-ya təqdim edilmədiyi təqdirdə bu, müəyyən hüquqi nəticələrə səbəb ola bilər. Qərarların hüquqi cəhətdən rəsmiləşdirilməsi mürəkkəb proses olmaqla yanaşı bunun icrası hüquqi biliklər və vaxt tələb edir.

Məsələnin əhəmiyyətini nəzərə alaraq AMADA onlayn müraciət platformasını istifadəyə verib. Belə ki,  idmançıların işini asanlaşdırmaq məqsədi ilə  hazırlanan 8 sadə nümunə (idmançılar üçün: antidopinq qayda pozuntusu ilə bağlı izahat forması, İntizam komitəsinə müraciət forması, Apelyasiya komitəsinə müraciət forması,  İdmanı tərk etmə forması, İdmana qayıtma forması, İdman növünün dəyişməsi forması, Hərbi xidmət haqqında forma, respublika idman federasiyaları üçün: Milli yığma komandadan çıxarılma forması) platformaya yerləşdirilib. Beləliklə, idmançılar  AMADA-nın ofisinə gəlmədən, poçt xidməti və kağız daşıyıcılardan istifadə etmədən antidopinq sahəsi ilə bağlı  yuxarıda qeyd olunan  öhdəliklərini, habelə  bir sıra hüquqi addımları onlayn şəkildə asanlıqla həyata keçirə bilər. Bunun üçün AMADA-nın rəsmi internet səhifəsinə daxil olaraq "onlayn müraciət” bölməsinə girmək (https://f.amada.az) və müvafiq   formaları doldurmaq kifayətdir. Həmin bölmədə  qaydalar və tələb olunan məlumatlar ətraflı şəkildə izah olunub. 

İdmançılara dəstək məqsədi ilə dövrün tələblərini, o cümlədən də COVİD 19 pandemiyasının gətirdiyi məhdudiyyətləri nəzərə alaraq fiziki ünsiyyətin minimuma endirilməsi və idmançıların  işinin asanlaşdırılması üçün bu cür yeniliklərin tətbiqi davam etdiriləcək. Çünki  idmançıların sağlamlıqlarının və hüquqlarının qorunması, onların idman fəaliyyətinin hüquqi cəhətdən düzgün təşkili AMADA üçün dəyişməz prioritetdir.