Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov sosial şəbəkədə Vergilər Nazirliyi tərəfindən "Turan" İnformasiya agentliyinə yaradılan problemlərə münasibət bildirib.
"Qaynarinfo"-nun verdiyi məlumata görə, Əflatun bəy deyib:
"Doğrudan da "Turan” İnformasiya Agentliyi keçmişi, tarixi olan media qurumlarımızdandır. Onun rəhbəri Mehman Əliyev kifayət qədər peşəkar jurnalistdir, səriştəli idarəçidir. Ancaq son zamanlar agentlik media məkanımızda sanki yox kimidir. ... Bu günün media reallığından uzaq kimi görünən "Turan”ın materiallarına çox az hallarda istinad var. Xəbərlərinə demək olar rast gəlinmir. Ümumən yaradıcılıq dəst-xətti nəzərə çarpmır. Halbuki əvvəllər belə olmayıb.
Onu da deyim ki, nəinki son aylar, hətta son illər belə hec bir rəsmi qurumun, vəzifəli şəxsin "Turan”ın hansısa yazısından narahatlığına, etirazına rast gəlməmişəm. Mətbuat Şurasına da "Turan”ın materialından heç bir şikayət daxil olmayıb. Belə olan halda Vergilər Nazirliyinin media qurumunda yoxlamalar aparmasını siyasi amillərlə bağlamaq istəyi hətta nəzəri cəhətdən də düzgün deyil. Kimlərsə buna cəhd edirsə, hesab edirəm ki, niyyətləri tamam başqadır.
Vergilər Nazirliyi dövlət orqanıdır. Onun yoxlamalarına gəlincə, qurum hər hansı təşkilatın hesabına xaricdən və daxildən gələn maliyyə vəsaitini araşdırır. Konkret olaraq həmin vəsaitdən zəruri vergi ödənişlərinin edilib-edilmədiyini müəyyənləşdirir. İndiyədək ən müxtəlif təşkilatlarla, o cümlədən jurnalist təşkilatları və kütləvi informasiya vasitələri ilə bağlı eyni mexanizm tətbiq olunub.
Mətbuat Şurası olaraq biz "Turan” İnformasiya Agentliyi ilə bağlı məsələni diqqətdə saxlayırıq. Vergilər Nazirliyinə də müraciət etmişik. İnanırıq ki, informasiya agentliyi ilə əlaqədar araşdırmalar tam şəffaf şəkildə, qanunlarımıza tam riayət olunmaqla həyata keçiriləcəkdir".
Qeyd etdiyimiz kimi, Əflatun bəy həm Mətbuat Şurasının sədridir, həm də Milli Məclisdə mətbuatımızın təmsilçisi olan azsaylı deputatlardandır. Ona görə də, bu açıqlamanı oxuyanda yaranan bir çox sualları ictimailəşdirməyə ehtiyac yaranır.
Məsələn, Əflatun bəy özü də qeyd edir ki, "Turan" agentliyi keçmişi, tarixi olan media qurumudur. Əlavə edək ki, "Turan" agentliyi 1990-cı ildən fəaliyyət göstərir. Yəni Azərbaycanın müstəqillik qazandığı tarixdən də bir il əvvəl yaranıb. 28 ilin agentliyidir! İstər milli hərəkat illərində, istərsə də ölkəmizin müstəqillik qazandığı ilk illərdə, Qarabağ savaşının ən aktiv dönəmlərində informasiya blokadasının yarılmasında çox böyük işlər görüb.
Sonrakı illərdə də alternativ sözün, obyektiv medianın qalası olub və hazırda da bu "qırılmış nəslin" sonuncu nümayəndəsidir.
Bəs, mediamızın bu yaşayan tarixinin inkişafı, müasir texnoloji yeniliklərə adaptə edə bilməsi üçün dövlət hansı addımları atıb? Və ya Mətbuat Şurasının sədri bu istiqamətdə hansı işləri görüb?
Bu addımlar atılmayıbsa, KİV-in inkişafı adı ilə hər il milyonlar xərcləndiyi halda "Turan" agentliyi hər şeydən kənarda saxlanılıbsa, Əflatun bəy bunu "siyasi" yox, hansı kəlmə ilə ifadə etməyi tərcih edir? Unutmaq? Ögeylik? Yoxsa media tariximizə soyuq münasibət? Bəlkə Zərdabinin adına küçə verib, günün zərdabilərini küçəyə atmaq?
Məsələnin siyasi və mənəvi tərəfi hələ bir yana qalsın, onlayn medianın, ümumilikdə isə KİV-in Vergilər Nazirliyi ilə bu sayaq problemləri son vaxtlar tez-tez baş verir. Görünən odur ki, indən belə daha da çoxalacaq. Odur ki, Əflatun bəyin sosial şəbəkədəki paylaşımınn altında ona ünvanlandağımız sualları burdan ictimaləşdirməyi lazım bildik:
1. Onlayn media niyə KİV kimi qeydiyyata alınmır?
2. Reklam bazarı yoxdursa və KİV rəsmən dotasiya ilə yaşamağa məcburdursa, niyə vergilərdən azad edilmir və ya güzəştlər tətbiq olunmur?
3. Bazar münasibətlərinin hələ tam oturuşmadığı bir ölkədə, media qurumlarının heç bir halda gəlir qazanması mümkün görünmürsə, hansı məntiqlə onları MMC kimi qeydiyyata alırlar? Məsələn, pomidor və ya armatur istehsal edən, öz məhsulunu satmaq potensialı olan bir şirkətlə bir KİV hansı məntiqlə eyni statusda qeydiyyata alınır? Biz nə sataq ki, gəlir qazanaq?
4. Nə qədər ki, KİV-in və onlayn medianın, agentliklərin statusları qanunla tənzimlənməyəcəksə, vergi orqanları ilə media qurumları arasında bu kimi problemlər bundan sonra daha da intensivləşəcək. Ötən ay Qaynarinfo-ya da vergi qurumları eyni maddə ilə 5300 manatlıq cərimə kəsdi.
QEYD: Mətbuat Şurasının sədri və Milli Məclisin deputatı kimi bu sualların sizə ünvanlanmasını yəqin normal qarşılayacaqsınız".
Zahir Əzəmət
Qaynarinfo.Az
Şərhlər