Ölkə 16:28 13.06.2018

AMEA əməkdaşı: saytlarda dilin inkişafına təsir edəcək ciddi səhvlər var

"Saytlarda dilin inkişafına təsir edəcək ciddi proseslər müşahidə edilib".

Qaynarinfo-nun report-a istinadən məlumatına görə, bunu AMEA-nın Dilçilik İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədov "Saytların dil mənzərəsi” mövzusunda keçirilən mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, saytlar publisistik üslubun yazılı kütləvi nitq forması olduğundan danışıq dilinə çox yaxındır: "Saytlarda dilin dinamikliyi, sərbəstliyi, yığcamlığı, bəzən də obrazlılığı onun kütləviliyindən irəli gəlir. Məsələn, "Bakıda avtomobil bazarında QİYMƏTLƏR oynayır”, "Firuzə İbadovanın boşanan qızı hicaba keçdi” və s. kimi xəbər başlıqları, adətən, danışıq dilinin təsiri ilə yaranır". 

Ş.Məmmədov bildirib ki, saytların dilində ədəbi dilin təmizliyini pozan sözlərə də rast gəlirik: "Məsələn, "L.Əkbərova onlara 100 min manatdan çox pul "atıb”. Ümumiyyətlə, saytlarda xüsusi adların yazılışında ciddi qüsurlar mövcuddur. Burada yazılışı fərqli formalarda olan elə terminlərə də rast gəlirik ki, onlar Orfoqrafiya lüğətində (2013) yoxdur. Məsələn: "Kim kimi döyəcək: jurnalist bloqqeri, yoxsa bloqqer jurnalisti?” 

Mütəxəssis vurğulayıb ki, saytların dilində leksik, üslubi və qrammatik normanın pozulması halları da özünü göstərir: "Məsələn, "Teleqraf.az Qafqazinfo-ya istinadən xəbər verir ki, belə ki, 1 şagird 700 bal, qalan 7 şagird isə 600-dən yuxarı nəticə göstərib”, "Tədbir iştirakçılarına təqdim olunan Azərbaycandan təşrif buyurmuş "Təzadlar" qəzetinin əməkdaşı Elçin Məmmədli tədbir iştirakçılarını salamlayaraq...”, "Paşinyandan Qarabağla bağlı İNANILMAZ ADDIM: müharibə çağırışı rəsmən TƏTİKLƏNDİ”, "ABŞ-ın Havay adalarında 3 mayda fəaliyyətə keçən Kilauea vulkanı 23 gündür lava püskürməyə davam edir” və s.".

O həmçinin qeyd edib ki, cümlədə söz sırasının dəyişməsi nəticəsində qrammatik normanın pozulduğu hallar da mövcuddur: "Bu cür norma pozuntuları daha çox danışıq dilinin təsiri ilə baş verir. Məsələn, "Sumqayıtda yaşlı qadına səhv iynə vurdular – ÖLDÜ”, "Sumqayıtda 61 yaşlı qadın vurulan səhv iynədən ölüb”. Dildə səhv iynə ifadəsi yoxdur".

Ş.Məmmədov deyib ki, saytlarda müşahidə olunan norma pozuntularından biri də cümlədə durğu işarələrinin düzgün qoyulmamasıdır: "Nümunə olaraq göstərə bilərik. "Axı, hazırda Azərbaycanda əhalinin gəlirləri ilə xərcləri uyğun deyil”, "Amma bir məsələ var ki, kainat durmadan genişlənə bilməz. Çünki, onu genişlənməyə sövq edən qüvvə hər şeyi genişləndirməli idi”, "Halbuki, kim nə bilir ki, insanda nələr var?” və s. Qaydaya görə bu köməkçi nitq hissələrindən (axı, çünki, halbuki) sonra vergül qoyulmur".