phrase_var_qaynar. 21:49 24.04.2021

Amerikanın “erməni planı” və Cümhuriyyətin tanınmaması

Bir neçə gün öncə Zəngəzurun ermənilərə verilməsinin Amerika planlarından biri olduğuna dair yazdığım statusa bəzi insanlar irad tutdular. Əslində bu yazı bu gün Amerika Prezidenti Baydenin çıxışı zamanı "erməni soyqırımı” ifadəsini işlədəyəciyinə proqnozlaşdırılmış idi. Bir neçə müddət idi ki, biz bilirdik ki, ABŞ Türkiyə, dolayası olaraq da Azərbaycana təsir kimi ermənilərə dəstək verəcək idi. Bu hadisəni gözləyirdik. Amerika bu gün özünü Rusiya ilə düşmən kimi göstərsə də əslində ikisinin də erməni məsələsində marağı eynidir.  1856-cı ildə dünyada erməni məsələsi çıxan gündən bəri Amerika və Rusiya ermənilərə dövlət yaratmaq, Osmanlıları parçalamaq uğrunda eyni cəhbədə dururlar.  1827-ci ildə Amerika və Rusiyanın erməni  məsələsində mövqeyi belə idi: " erməni amilindən yararlanaraq Osmanlı dövləti ilə Azərbaycanın və burdan da Mərkəzi Asiya daxil olmaqla Çinə qədər olan bir ərazidə türk yolunun, məcazi mənada desək, sərhədlər arasında əlaqəni kəsmək.”

Rusiya Federasiyası dövlət arxivində olan F. 841, L. 7, D, 290, s. 38; RFDTA, F. 821, L. 7, D. 220 sənədin 41-ci səhifəsində qeyd olunur: "Ermənilərin irqçiliyi; öz dininə bağlılıq, tamahkarlıq, ehtiyatlılıq, hər şeyi görən, pula inam, var-dövlət və kapital qarşısında bir qul kimi tabe olma şəklindədir. Məhz bunlar ermənilərin əsas xüsusiyyətləridir ki, Rusiya və Amerika bundan yararlana bilər” ABŞ-da Erməni Milli İttifaqının 1919-cu ildə ermənilər haqqında "Ermənistan işi" adı ilə nəşr etdiyi bir əsərdə yuxarıdakı layihə əsasında qərar və "Böyük Ermənistan" xəritəsi də təsdiq edilmişdi. Amerikanın Batum konfransında ermənilərə dəstəyin kökündə aşağıdakı fikirlər üstünlük təşkil edirdi: "Ermənistan”a veriləcək ən kiçik hüquqlu muxtariyyət belə 5 il sonra əhalisi 5 milyon olan bir dövlətə çevriləcək və nəticədə Qafqazda hakim vəziyyətə gələrək "Şərqin Bolqarıstanı" olacaqdır. İran və Amerikada yaşayan bütün ermənilər oraya köçüb gələcək”.

Hətta 1918-ci ildə Qafqazda Azərbaycan Cümhuriyyəti və Gürcüstan dövləti yaratmaq barədə gedən danışıqlar zamanı regionda Ermənistan adlı dövlətin yaradılması Amerika və Rusiyanın təkidi ilə həyata keçirildi.  Bu barədə https://www.azadliq.az/.../tarixin-sandigindan-irevanin.../ yazımda geniş izah vermişəm. Keçək Azərbaycan Cümhuriyyətinin yaradılmasından sonra onun tanınması məsələsi çox vacib idi. Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsindən sonra qırımızı terror ordusunun yaxın ərazidə dövlətləri işğal edəcəyi artıq 1919-cu ildə bəlli idi. Bunun qarşısının alınmasının çıxış yolu Cümhuriyyətin Amerika, Britaniya, Fransa, Almaniya, Yaponiya kimi dövlətlər tərəfindən tanınması idi və bu tanınma işi də Paris Sülh Konfransında iştirak edən Əlimardan bəy Topçubaşinin üzərinə qoyulmuş idi. ABŞ-da fəaliyyət göstərən "Müstəqil Ermənistanın Amerika Komitəsi” bu ölkənin siyasi dairələrində Azərbaycan haqqında böhtan və yalan yaymaqla məşğul idi və bu Azərbaycan xalqını gözdən salmağa yönəlmişdi. Azərbaycan hökuməti ermənilərin bu cür məqsədlərini ifşa etmək və Azərbaycanla bağlı həqiqətləri Amerika ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bu ölkədə lazımi təbliğat aparmağı vacib hesab edirdi. Çünki bu müqaviləyə qədər Topçubaşov şəxsən Amerika Prezidentinə yaxın adamlardan biri ilə görüşmüş idi. Bu şəxs Amerika hərbi dairələrinə və şəxsən prezident V.Vilsona yaxın olan mister Braun idi. O, İstanbulda Ə.Topçubaşovu və onun katibi Rəhim bəy Vəkilovu qəbul etdi. Ə.Topçubaşov özünü Azərbaycan dövlətinin nümayəndəsi kimi təqdim edərkən Braun dedi: "Ax, Azərbaycan! Deməli, siz ermənilərdənsiniz?”.  Ə.M.Topçubaşov 1919-cu il yanvarın 6-da ABŞ diplomatik nümayəndəsi Nassi ilə görüşünə baxmayaraq Amerikanın Azərbaycanı rəsmən tanıyacağına ümidlər azalırdı.
 
Buna görə də   Azərbaycan hökumətinin razılığına əsasən, Ə.M. Topçubaşov Nyu-York şəhərindən olan hüquq məsləhətçisi Valter Çandlerlə iki müqavilə imzaladı. Müqavilənin şərtlərinə görə, V.Çandler Azərbaycan nümayəndə heyətinin təbliğat məsələləri üzrə hüquq məsləhətçisi təyin edilirdi və o, göstərilən müddət ərzində Azərbaycan Respublikasının milli maraq və mənafelərini müdafiə etmək missiyasını öz üzərinə götürürdü. Eyni zamanda, iqtisadçı Maks Rabinov da Azərbaycan nümayəndəliyində işə qəbul edildi və bu şəxs dünya qiymətlərinə uyğun olaraq, Azərbaycandan neft alınması və digər iqtisadi məsələlərlə məşğul idi. Onların ABŞ-da apardığı təbliğat kampaniyası, ABŞ prezidenti Vudro Vilsona təsiri nəticədə ABŞ belə hesab etdi ki, yeni yaranmış dövlətlərin tanınmasına heç bir maneə yoxdur, amma bunu rəsmi şəkildə bildirmədi. Yanvarın 10-da Azərbaycanı qalib dövlətlərdən İtaliya, Fransa və Böyük Britaniya tanıdı, ABŞ və Yaponiya isə tanımadılar, çünki hesab etdilər ki, öz dövlətləri ilə məsləhətləşməlidirlər, onlarda belə bir səlahiyyət yoxdur. Yalnız 1920-ci il fevralın 7-də Yaponiya Azərbaycanı müstəqil ölkə olaraq tanımaq haqqında qərara qoşuldu. Amma Rusiyanın parçalanmasını istəmədiyi üçün ABŞ bu qərarı dəstəkləmədi. Əvəzində isə Amerikaya səfər edən 1918-ci ildə qurulan Ermənistan hökümətinin ilk baş naziri və Daşnaksutyun Partiyasının da lideri Hovanes Kacaznuni, Enfiadcyan və Piralovla görüşən Birləşmiş Ştatların Berlində keçmiş səfiri Ceyms Cerard Vilsonu və Amerika parlamentini "əzabkeş xristian erməniləri" və "xristian məbədlərinin" qorunmasına inandıra bilmişdi. 
 
Bundan irəli gələrək Amerika senator və nümayəndələr palatasının üzvülərinin təsiri ilə  dörd bənddən ibarət qərar qəbul edilmişdi və bu bəndlərə daxil idi”  Ermənistan Respublikası Birləşmiş Ştatlar tərəfindən tanınsın; 30 min nəfərlik ordunu saxlamaq üçün Ermənistana ərzaqla, silahla və hərbi sursatla yardım göstərilsin; ABŞ-da yaşayan ermənilərə 10 min nəfərlik könüllü legion təşkil etməyə icazə verilsin, eyni zamanda İstanbul və Bolqarıstanda da 10 min nəfərlik erməni legionu təşkil edilsin və bu konüllü legionlar Ermənistana göndərilsin; Ermənistanın müstəqilliyi, Şərqi Anadolunun "erməni vilayətləri" və Kilikiyanın da daxil olduğu Ermənistan dövlətinin yaradılması haqqında hazırlanmış qətnamə ABŞ Senatından keçirilsin.”

Paris Sülh konfransında da  Azərbaycan nümayəndə heyətini prezident V.Vilson qəbul etdi. Görüş zamanı Ə.M.Topçubaşov Qafqaz Azərbaycan Respublikası nümayəndələrinin memorandumunu Amerika prezidentinə təqdim etdi. Memorandum qısa tarixi-siyasi səpkidə hazırlanmışdı. Orada Qafqazda və ölkəmizdə cərəyan edən siyasi proseslər təsvir olunduqdan sonra Azərbaycan nümayəndələrinin altı bənddən ibarət tələbləri də öz əksini tapmışdı. Görüş zamanı V.Vilson Azərbaycan haqqında xeyli məlumat aldığına çox şad olduğunu bildirdi. Lakin Azərbaycanın müstəqilliyinin tanınması açıq saxlanıldı. O yenə də ermənipərəst mövqedə qalaraq gənc Cümhuriyyətin müstəqilliyini tanımaq istəmədi. 

 1920-ci il yanvarın 11-də Avropanın Müttəfiq və Birlik Ölkələri Ali Şurası Azərbaycan və Gürcüstan hökumətlərinin birlikdə müstəqilliyini de-fakto səviyyəsində tanıdılar. Amma ABŞ nümayəndələri bildirdilər ki, öz hökumətlərinin fikrini öyrənməlidirlər. Nəticədə Birləşmiş Ştatlar rəsmi surətdə bundan imtina etdi. Əvəzində  1920-ci il aprel ayının 23-də ABŞ Ermənistan Respublikasını de-fakto tanıdı.

Hətta 1991-ci ildə Azərbaycan sovetlər dağılandan sonra müstəqliyyini təkar bərpa edəndə Amerikanın Azərbaycana münasibəti mənfi idi. 1992-ci il aprelin 3-də ABŞ prezidenti  Corc Buş Konqresə müraciət edərək, yenicə dövlət müstəqilliyi əldə etmiş keçmiş sovet respublikalarına yardım göstərmək barədə qanun qəbul olunması təşəbbüsü ilə çıxış etmişdi. "Azadlığa Dəstək Aktı” adlanan qanun keçmiş SSRİ-nin 12 ölkəsinə yardım edilməsi nəzərdə tutulan layihəyə 907-ci düzəlişin əlavə edilmidi.  Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan  Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı” və Ermənistana qarşı "blokada”sını dayandırmaq məqsədilə Senator Con Kerrinin və konqresmen Ueyn Ouens  tərəfindən irəli sürülmüş və Konqres tərəfindən qəbul edilmişdir. Hətta bundan bir neçə il sonra, baxmayaraq ki, Amerika Azərbaycanın müstəqilliyini tanımışdı, diplomatik əlaqələr qurulmuşdu, yenə də  Demokrat Partiyasından olan senator Con Porterin təklifi ilə hazırlandığına görə "Porter əlavəsi” adlandırılan  qanun layihəsində 1997-ci il üçün Azərbaycana yardım nəzərdə tutulsa da, bu əlavədə Dağlıq Qarabağ ayrıca, müstəqil tərəf kimi qeyd olunurdu. ABŞ qaynaqlarının rəsmi statistikasına görə təkcə 1993-2006-cı illərdə Ermənistan Amerikadan 1,717 milyard dollar yardım alıb ki, bunu da əhali üzrə böldükdə isə Ermənistan digər postsovet ölkələrini qat-qat üstələyir. Azərbaycan tərəfi ABŞ-ın bütün regional və geostrateji maraqlarını təmin etməsinə baxmayaraq, bu superdövlətin tətbiq etdiyi ikili standartlardan yaxa qurtara bilmir. Məntiqdən uzaq olsa da, bu gün təcavüzkar Ermənistan isə dəstəklənir və Birləşmiş Ştatların ayırdığı yardımlardan gen-bol bəhrələnir. Uzun illər ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ, Rusiya və Fransa ilə əlbir olub ermənilərə dəstək verərək münaqişənin həll olunmasında əngəllər yaradıb.

ABŞ birbaşa Azərbaycana silah və hərbi texnologiya satmaqdan imtina edir. ABŞ Azərbaycandan milyonlar qazanmasına baxmayaraq isə Ermənistanı qucağında isti yerdə otuzdurub bəsləyir. İndi bu dövlətin Azərbaycanda demokratik ideyalar yaymaq niyyətinə necə inanasan? Ermənistana balası kimi baxan bir superdövlət Azərbaycana qarşı niyə ikili standartlar tətbiq edir?

Səbəb bəllidir. 

Baydenin isə soyqırım sözünün işlətməsi isə Azərbaycan və Türkiyəyə heç nə edəsi deyil. Bu siyasətdən uduzan Amerika və Rusiya biznesi olacaq..

Dosent Zaur Əliyev

Oxşar xəbərlər