Qarsın Yeni Məhəlləsindəki Əsri məzarlığının ortasında bir məzar daşı ucalmaqdadır. Üzərində yazılıb: "Anadoluda qurulan ilk cümhuriyyətin cümhurbaşqanı”.
Ziyarət etdiyimiz bu məzar Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin başçısı İbrahim bəy Cahangirzadənindir.
İbrahim bəy Məhəmməd oğlu 1863-cü ildə (doğum tarixi ilə bağlı fərqli illər də göstərilir) Gümrüdə doğulub, uşaq ikən ailəsi Qarsa köçüb. Burada mədrəsədə təhsil alıb, şəhər məktəbində üç il rusca oxuyub. 93 hərbindən, yəni 1877-1878-ci il rus-türk müharibəsindən sonra Qarsın çar Rusiyasının əlinə keçməsi İbrahim bəy və qardaşlarını hərəkətə keçirib. O, qardaşları Əziz, Aydın və Həsənlə birlikdə rus və ermənilərə qarşı qurulmuş cəmiyyətlərdə açıq və gizli fəaliyyət göstərib. Buna görə də İbrahim bəy Gümrüdəki Kazak süvari alayında zabitliyə namizəd olarkən üç dostu ilə birlikdə sürgünə göndərilib. Altı aydan sonra sürgündən qayıdan Cahangirzadə Göle Meşə Mühafizəsində məmur kimi çalışsa da, gizli fəaliyyətini davam etdirib, Qafqazdan gələn mətbuatın Ərzuruma göndərilməsini həyata keçirib.
İbrahim Cahangirzadə İttihad və Tərəqqinin, Difainin, Nəşri-Maarif Cəmiyyətinin, Təşkilati-Məxsusənin üzvü olub, bu qurumların şöbələrinin Qarsda açılmasına cəhd göstərib.
Fəxrəddin Kırzıoğlu "Kars Eli” jurnalında onun haqqında yazdığı məqaləsində bu dövrlə bağlı qeyd edib: "Öldüyü günə qədər Rizedən Vana, Qarsdan Ərzincana qədər qosqoca bir məmləkətin parçasının üstündə onun qədər sevilən, onun qədər sayılan adam azdır... Türkün istiqlal və mədəniyyət mücadiləsi üçün Türküstandan Tunaya qədər uzanan torpaqlar üstündə vuruşanlardandı. 1865-ci ilin civarında Qarsda doğulmuşdu. 1877-ci ildə, yəni 93-də yüzdə yüz bu türk şəhərinin ruslara təslimini on iki yaşında gördü. Aradan 10 il keçdikdən sonra ruslara qarşı gizli, açıq siyasi hərəkatlara başladı. Sonra daha sağlam bir mücadilə zəmini olaraq İran Azərbaycanına keçdi. Yanında kiçik qardaşı Aydın paşa vardı. Təbrizdə hazırladıqları üsyanda Təbriz təşkilatının komandanı olan Aydın paşa şəhid oldu”.
Cahangirzadə İran inqilabında, Balkan və Birinci Dünya müharibəsində Təşkilati-Məxsusənin əmrində çalışıb. İkinci Balkan savaşında yanındakı 900 könüllü ilə İstanbula gəlib, Ənvər paşa ilə görüşüb. Birinci Dünya müharibəsində alay komandanı olaraq İraq cəbhəsinə göndərilib. Kiçik qardaşı Həsən də bölük komandanı olaraq yanında xidmət göstərib.
Qars uğrunda mübarizə
İbrahim Cahangirzadənin əsas fəaliyyəti milli mücadilə dövrünə təsadüf edir. Qarsın rus işğalından qurtarılmasından sonra bölgəyə gələn ingilis və ermənilərə qarşı mübarizədə önəmli fəaliyyət göstərib. 1918-ci ilin yazında o, İran cəbhəsindən İstanbula qayıdıb, Ədirnədə ailəsi ilə görüşdükdən sonra fəxri alay komandanı olaraq Qarsdakı IX ordunun əmrinə verilib. 1918-ci ilin may ayının sonlarında ailəsi ilə birlikdə İstanbuldan ayrılıb. Qarsa gələn İbrahim bəy IX ordunun komandanı Yaqub Şövqü paşa ilə görüşüb, iyun ayında paşa onu Şürəgəl qaimməqamlığına təyin edib. Bu vəzifədə onun əsas işi ermənilərin əlinə keçən İrəvan bölgəsində zülm görən türklərin Qarsa yerləşdirilməsi idi.
Osmanlının 30 oktyabr 1918-ci ildə Mudros müqaviləsini imzalamasından sonra Qafqazda hakimiyyəti ələ keçirən ingilislər Qars bölgəsinə də yerləşdilər. İngilislər 11 noyabr 1918-ci ildə türklərə verdikləri nota ilə Qars, Ərdəhan, Batumu boşaltmalarını tələb etdilər. Nəticədə ingilis heyəti Qarsa gəldi. 26 dekabr 1918-də ingilislər Qars və Ərdəhanı ələ keçirdilər. Yaqub Şövqi paşa 13 yanvar 1919-cu ildə qərargahını Ərzuruma daşımaq məcburiyyətində qaldı.
Ermənilərin bölgəyə sahib olmaq istəkləri, qalib dövlətlərin bu prosesi dəstəkləmələri Qars müsəlmanlarının hərəkətə keçməsini şərtləndirdi. Buna görə də 5 noyabr 1918-ci ildə Qars Milli İslam Şurası elan edildi. Noyabrın 14-də Şura ilk qurultayını keçirdi, yerli hökumət quraraq işğalçılarla mücadilə aparmağı qərara aldı. 30 noyabrda baş tutan ikinci qurultayda 60 xalq təmsilçisi qatıldı. Qars mərkəz elan edildi, 12 nəfərlik Nümayəndələr Heyəti yaradıldı. 3-5 yanvar 1919-da birinci, 7-9 yanvarda ikinci Ərdəhan qurultayları baş tutdu. Xalid paşanın sədrliyində baş tutan İkinci Ərdəhan Qurultayında paytaxtı Qars olan Cənubi-Qərbi Qafqaz Hökuməti Müvəqqəteyi-Milliyyəsinin yaradılması qərarı alındı. 18 yanvarda 131 nümayəndənin qatıldığı Qars Qurultayında Cənubi-Qərbi Qafqaz Hökuməti Müvəqqəteyi-Milliyyəsi elan edildi. Müvəqqəti hökumətin rəhbəri İbrahim bəy Cahangirzadə seçildi. Hökumət 18 maddədən ibarət konstitusiya, yaşıl və qırmızı yerlik üzərində ay-ulduzlu bayrağı qəbul etdi. 12 üzvdən ibarət Nazirlər Şurası və xalq səsverməsi ilə 131 millət vəkilindən ibarət Məclisi-Məbusan (Parlament) quruldu. Parlamentin sədri Əsəd bəy Hacıyev seçildi. 25 mart 1919-cu ildə bu Məclis Cənubi-Qərbi Qafqaz Hökuməti-Cümhuriyyəsi adını aldı. Hökumət Qarsdan başqa, Artvin, Ərdahan, Batum, Gümrü, Sarıqamış, Naxçıvan, Ordubad və İğdırı da öz sərhədləri içərisində sayırdı.
İbrahim bəy hökumət başçısı seçilməsi haqqında xatirələrində yazıb: "Türk ordusu Azərbaycandan çəkildiyi sıralarda Hilmi Uranın tənsip və təşviqi üzərinə Artvin, Batum, Ərdəhan, Qars, Naxçıvan, Gümrü və Ordubad hüdudları daxilində Milli Şura adı altında Türkiyəyə bağlı olaraq təşkil edilən hökumət rəisliyinə seçildim. Beləcə, şərq cəbhəsində Anadoluya gözətçi olaraq çalışdım”.
II Qars qurultayından sonra İbrahim bəy Naxçıvana yola düşüb. Naxçıvan tərəfdəki qüvvələri ermənilərə qarşı təşkilatlandırmaq üçün köməkçisi Kepenekçi Emin ağa və ümumi katib Sami bəylə birgə oraya gedib. Qəmərliyə gələrək orada Araz Türk hökumətini quranlarla vəziyyəti müzakirə edib. İbrahim bəy bu hökumətdə hərbiyyə naziri təyin olunub. Təəssüf ki, İbrahim bəyin bölgədəki gücləri toplaması, müdafiəyə hazır hala gətirməsi vəziyyəti dəyişdirmədi. Ermənilər Gümrü, Eçmiədzin, Iğdır və Arpaçayla Aras sahillərini ələ keçirdilər.
İbrahim bəyin Naxçıvan səyahəti 1918-ci ilin dekabr ayının ikinci yarısı ilə 1919-cu ilin yanvar ayının ilk həftəsində baş tutmuşdu. Səfərdən qayıdınca ağır xəstəliyə də düçar olmuşdu.
İbrahim bəyin milli hökumət qurma fəaliyyəti ingilisləri hiddətləndirib, nəticədə ermənilərin də təhriki ilə onlar hökuməti yox etməyi planlayıblar. İbrahim bəy ingilislərlə müzakirələrdə Vilson prinsiplərini rəhbər tutaraq bölgə əhalisinin türk və müsəlmanlardan ibarət olduğunu, ona görə də öz hüquqlarını qoruduqlarını bildirib. General Asserin İbrahim bəyi hədələməsinə qarşı o, tərcümana xitab edərək deyib: "Bu adama söylə, tərbiyəsiz şəkildə bağırıb-qışqırmasın. Bura Hindistan yox, Qafqazdır. Bağırmaqla kimi qorxutmaq istəyir?”.
Cahangirzadə bu dövrdə bir tərəfdən də gürcü hökuməti ilə mücadilə içərisində idi. Buna görə də gürcülər, ermənilər və böyük güc olan ingilislərlə mücadilədə çətinlik çəkən hökumət 13 aprel 1919-cu ildə ingilislərin fitnəsi ilə ləğv edilib, hökumət üzvləri həbs edilərək Malta adasına sürgün olunublar.
Həbs edilən İbrahim bəy əvvəlcə İstanbula göndərilib, ardınca bir çox türk aydını, siyasətçisi ilə birgə Maltaya sürgün edilib. Mustafa Kamal paşanın qələbəsindən sonra Malta sürgünləri azad olunub, xilas edilən Qarsa gələn İbrahim bəy 1921-1927-ci illərdə bu şəhərin bələdiyyə sədri olub. Atatürk 6 oktyabr 1924-cü ildə Qarsa gəldiyi zaman onunla görüşə bilib.
Cahangirzadə 1930-cu ildə Atatürkün göstərişi ilə qurulan Sərbəst Cümhuriyyət firqəsinin Qars şöbəsinin sədri olub. Bu dövrdə müxtəlif iftiralara məruz qalan İbrahim bəy bir müddət Ankarada yaşasa da, daha sonra Qarsa qayıdıb, burada kasıb həyat yaşayıb. 19 may 1948-ci ildə vəfat edib. Soyad qanununa görə Aydın soyadını qəbul edən İbrahim bəy Əsri məzarlıqda dəfn olunub.
Fəxrəddin Kırzıoğlu İbrahim bəyin son günləri haqqında yazıb: "Köhnə xatirələrini canlandırmaq istəyəndə sandığını açır, kiçik sədəf bir çəkməcə içində qorunan bir bayraq və möhürü çıxararaq saatlarca baxırdı. Qars müvəqqəti hökumətinin bayrağı və möhürü idi. Bir gün Ankaraya yola düşərək bunları İnqilab İnstitutuna təslim etdi”.
Dilqəm Əhməd
Teleqraf.com
Şərhlər