Video 16:42 11.10.2018

Tərtərdə məcburi köçkünün minaya düşməsinin təfərrüatı məlum olub (FOTO/VİDEO/YENİLƏNİB)

Azad Həsənovun minaya düşməsinin təfərrüatı məlum olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Report"a rayonun Həsənqaya kənd icra nümayəndəsi İlqar Qasımov məlumat verib.

İ.Qasımov bildirib ki, hadisə bu gün səhər saatlarında qoşunların təmas xəttində  baş verib.

İcra nümayəndəsi əlavə edib ki, A.Həsənov piyada əleyhinə minaya düşüb: "Kəlbəcər rayonundan olan məcburi köçkün, 1996-cı il təvəllüdlü Azad Həsənov ərazidə mal-qara otararkən hava dumanlı olduğundan təmas xəttində minalanmış əraziyə girib. Hadisədən sonra özünü itirməyən Azad telefonla qardaşına və dostlarına zəng edərək minaya düşdüyün bildirib". 

Yaralı ilk olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəxananın həkim-travmatoloqu Hafiz Əliyev bildirib ki, A.Həsənov cərrahiyyə əməliyyatı olunub və  onun bir ayağı amputasiya edilib.

Səhiyyə Nazirliyindən bildirilib ki, yaralının vəziyyəti ağırdır.
 

 
***14.52

Unikal.org-un məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, 1996-cı il Azad Kamandar oğlu Həsənov neytral zonada minaya düşərək ağır yaralanıb və o, Bərdə Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bərdə Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva Unikal.org-a bildirib ki, xəstə hazırda reanimasiya şöbəsindədir və vəziyəti çox ağırdır: "Həkimlər onun sol ayağını, hər iki xayasını travmatik amputasiya ediblər. Hər iki qolun geniş ölçülü cırılmış yaraları diaqnozu ilə tibbi yardım göstərilir”.

Yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, Azad Həsənov qoyun otararkən hadisə baş verib. Belə ki, qoyunlardan biri neytral əraziyə keçib və o, heyvanı geri qaytarmaq istəyərkən minaya düşüb”.

Xatırladaq ki, Azad Həsənov Aprel döyüşləri vaxtı, düşmən gülləsi nəticəsində həlak olan 2000-ci il təvəllüdlü Turanə Kamandar qızı Həsənlinin qardaşıdır. O, Kəlbəcərin Ermənistan tərəfindən işğalı nəticəsində doğma yurdundan köçkün düşərək, Tərtərin Həsənqaya kəndində yuva qurmuş bir ailənin övladı idi.
 
 

***14.30

Tərtər rayonu Həsənqaya kənd sakini neytral zonada minaya düşüb.

"Qafqazinfo”ya daxil olan məlumata görə, hadisə bu gün baş verib. Nəticədə 24-25 yaşlı Azad adlı gəncin bir ayağı amputasiya edilib. O, hazırda Bərdə Mərkəzi Xəstəxanasındadır.