Xəbər lenti

Aprel döyüşlərinin qazisinin toyundan reportaj (FOTO/VİDEO)
Foto 18:38 20.12.2017

Aprel döyüşlərinin qazisinin toyundan reportaj (FOTO/VİDEO)

Oğuz elində toy var. Kimin toyudur? Yaxşı, səbirsizlənməyin. Birbaşa mətləbə keçirik.

Qarabağ qazisi Anar Məmmədovu aprel döyüşlərindən sonra tanımışdım. Aprel qəhrəmanlarının döyüş yolu haqqında hazırladığım silsilə süjetlərdə əksər döyüş dostları onun şücaətindən danışmışdı. Dünən Anarla daha yaxından tanış olmaq üçün gözəl bir fürsət yarandı. Kəşfiyyatçı kapitanın ­– aprel döyüşlərində sol qolunu itirmiş igid Vətən oğlunun toy günü idi. Xəbəri alar-almaz çəkiliş qrupumuzla şadlıq sarayına gedib, onu təbrik etməyi özümüzə borc bildik.

Dostları, doğmaları Anarın şad gününə toplaşmışdı. Hər kəsin üzündə sevinc vardı. Bizi ilk qarşılayansa qəhrəmanın anası İradə xanım oldu. Üç övlad anasıdır İradə xanım. Anar onun sonbeşiyidir. Ailənin ilk övladı da peşəkar hərbçidir, mayordur. Elə buna görə İradə xanım ikinci övladının da bu yolu seçməsindən qürur duyur. Deyir ki, Anar da qardaşının ardınca gedib, amma ailəsinə heç nə demədən. Sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə təqdim etdikdən sonra ilk sevincini qardaşı ilə bölüşüb: "Anar bizim fəxrimizdir, o, tək mənim oğlum deyil, bu vətənin, bu xalqın övladıdır. Anarın döyüş yolu qürur doludur, bunu onun bütün döyüşçü dostları bilir. Bütün gənc Azərbaycan ailələrinə arzu edirəm ki, Anar kimi övladları olsun. Oğlumla fəxr edirəm, ona xoşbəxtlik diləyirəm".

İradə xanımın sözlərinə görə, oğlu bu gün Ali Hərbi Məktəbdə dərs deyir. Elə sevdiyi qızı da məhz həmin məktəbdə görüb: "Hə, sevdiyini ilk mənə dedi. İlk dəfə idi oğlumdan bu cür xəbər alırdım. Çox xoşbəxtdir. Gözlərindən o qədər sevinc duyulur ki, bunu sözlə ifadə etmək mümkün deyil. Allah hər bir anaya bu cür xoşbəxtliyi yaşamaq nəsib eləsin. Özü görüb, bəyənib oğlum. İkisi də hərbçidir. İlk dəfə elə hərbi məktəbdə görüb. Mənim bütün ailəm hərbçidir".

İradə xanımın xeyr-duasını aldıqdan sonra bəylə gəlinə yaxınlaşdıq. Hər iki gənc çox xoşbəxt görünürdü. Hər ikisinin sevgi hekayəsini elə gəlin maşınında dinlədik: "Bu gün çox sevincli günümdür. Ailə həyatı qururam. Yaralandığımdan sonra bu, mənim həyata həm də ikinci dönüşümdür. Geriyə baxanda çox xoşbəxt oluram mən. Çox uğurlu döyüş yolumuz olub. Vətənə xidmət etdiyimə görə qürurluyam. Vətən uğrunda sağlamlığımı itirsəm də, fəxr edirəm ki, dövlətimə, millətimə xeyirli övlad olmuşam. Şükür edirəm qazi adını daşıdığıma, əslində şəhid olmaq arzusu ilə qatılmışdım döyüşə, amma Allah qaziliyi nəsib elədi".

Anar bəy deyir ki, Zülfiyyə xanım onu yaralı vəziyyətdə görüb, sağaldıqdan sonra isə ilk görüşləri Ali Hərbi Məktəbdə olub: "Bu halımla yanımda olduğuna görə Zülfiyyəyə minnətdaram. Onu tanıdığım gündən artıq bir il ötür. Döyüşlərdən sonra mən müalicə aldım. Ayağa qalxanda ilk sözüm və istəyim bu oldu ki, mən hərbçi peşəsinə bağlı olacağam. Dövlətimiz şərait yaratdı və dərs deməyə başladım. Zülfiyyə də hərbi məktəbdə çalışır. İlk gördüyüm gün vuruldum ona".

Zülfiyyə xanım isə deyir ki, aprel döyüşlərinin qəhrəmanı kimi rəğbət bəslədiyi Anarla ailə quracağı heç ağlına belə gəlmədi: "Mən özüm də hərbçiyəm. Anarla elə işdə tanış olduq. Şəxsi tanışlığımızdan sonra mən onun xasiyyətinə heyran oldum. Qaziliyi, qəhrəmanlığı bir yana qaldı, mən onun davranışına, münasibətinə vuruldum. Anarla fəxr edirəm. Bilirəm ki, o, tək mənim yox, Azərbaycanın fəxridir".

Zülfiyyə Anardan evlilik təklifini aldıqda, bunu ilk olaraq atası ilə bölüşüb. Deyir ki, bu xəbəri ailəsi də çox qürurla qarşılayıb. Hər iki gəncin sevgisinə ailələr tərəfindən xeyir-dua verilib. Beləliklə, Azərbaycanın qəhrəman oğlu bir ömür xoşbəxt ola biləcəyi qızla əl-ələ verib, bu gündən uzaq bir yola çıxdı.

Kəşfiyyatçı kapitanın şad gününə şərik olanlar arasında döyüşçü yoldaşları çoxluq təşkil edirdi. Onların da ürək sözlərini eşitdik. Ülfət Həsənovun söylədikləri Anarın gerçək bir qəhrəman olduğunu bir daha göstərirdi: "2015-ci il martın 19-da ağır yaralanmışdım. Anar məni döyüşçü yoldaşları ilə birgə çiynində çıxarmışdı. Hərbi hospitalda müalicə alırdım, bir müddət sonra onunla rastlaşdım. Gördüm ki, Anar qolunu itirib. İndi toyuna gəlmişəm, sevincimin həddi-hüdudu yoxdur. Allahdan Anara yalnız xoş günlər diləyirəm. İnşallah, sağlam yaşasın və övladlarının da ən xoş günündə birlikdə olaq".

Qarabağ qazisi Natiq Mehdiyev isə deyir ki, Anarın toyundakı geyimi onlara yenidən döyüş ruhu verib: "Arzum odur ki, Anar çox xoşbəxt olsun. Özü kimi vətəninə, millətinə xeyirli övladları olsun. İnşallah, işğal olunmuş torpaqlarımızı düşməndən geri alanda övladlarımızın toyunu edərik. İnşallah, bütün döyüşçü dostlarımla orda görüşəcəm".

Anarın xoş gününə dostu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli də qatılmışdı: "Anar bu gün toyuna xüsusi geyimlə qatılıb. Bunun da öz rəmzi mənası var. Ondan gözəl geyim forması yoxdur. Biz çalışırıq ki, bu cür oğulların şad günləri cəmiyyətə daha çox duyulsun. Xalqımız da fəxr etsin ki, bu cür qəhrəman oğulları var. Anar kimi, Milli Qəhrəmanlarımız Mübariz İbrahimov, Raqub Orucov kimi oğlu olan vətən basılmaz".

Anar və Zülfiyyəyə bir ömür birlikdə, xoşbəxt və məsud günlər diləyi ilə...

Mənbə: APA TV

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->