Foto 19:28 05.04.2019

"Aqrolizinq" Yevlaxda ödənişsiz təlimlər təşkil etdi

Hər il olduğu kimi bu il də, fevral ayından etibarən "Aqrolizinq” ASC tərəfindən Yevlax RN-nin nəzdində fəaliyyət göstərən təlim-tədris mərkəzində Claas Dominator130, New Holland TC 4.90, Sampo 20165 markalı taxılyığan kombaynları idarə edəcək operatorlar (mexanizatorlar) üçün, ödənişsiz (gecələmə, qidalanma daxil) təlimlər təşkil olunmuşdur.  

Təlimlərin keçirilməsində əsas məqsəd mexanizatorlar tərəfindən kombaynların idarə edilməsi, düzgün texniki xidmətin göstərilməsi, onların üzərində nizamlama işlərinin, qaydalarının, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlüksəizlik texikasına düzgün riayət edilməsinin öyrədilməsidir. 

Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və "Aqrolizinq” ASC-nin nümayəndə heyəti tərəfindən video görüntülü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada tədris olunur. 

Təlimi keçən hər bir operatora (mexanizatora) sertifikat təqdim edilir. Nəzərinizə çatdıraq ki, sertifikatı olmayan mexanizatorlarla "Aqrolizinq” ASC tərəfindən icarə müqavilə bağlanılmayacaq. 
Bu gün aprel ayının 5-də Dominator130, New Holland TC 4.90, Sampo 20165 kombaylarını idarə edən mexanizatorlar üçün təlimlər yekunlaşdı və sertifikatlar təqdim edildi.

Ümumilikdə təlim prosesinə 44 rayondan 291 nəfər təlimə cəlb olunmuşdur, təlimin sonunda onlardan 6 nəfəri müvafiq imtahandan keçməyərək kəsilmiş, 285 nəfər mexanizatora isə müvafiq markalı kombaynların idarə edilməsi üzrə sertifikat təqdim edilmişdir. 

Növbəti təlim aprel ayının 15-dən etibarən 6 gün müddətində Nova markalı taxılyığan kombaynı idarə edəcək mexanizatorlar üçün təşkil ediləcək.