Ölkə 11:39 25.09.2018

"ARB 24"ün yeni rəhbəri kimdir? (DOSYE)

Xəbər verdiyimiz kimi dünən "ARB 24" telekanalının baş direktoru Nadir Şəfiyev və kanalda redaktor vəzifəsində çalışan oğlu Allahverdi Şəfiyev tutduqları vəzifələrdən uzaqlaşdırılıblar.
 
"ARB Media Qrupu"ndan verilən məlumata görə, kanalın baş direktoru vəzifəsinin icrası Radik İsmayılova həvalə edilib.
 
"ARB 24"ün yeni baş direktoru kimdir?
 
Qaynarinfo xəbər verir ki, Radik İsmayılov bundan öncə CBC telekanalında redaktor vəzifəsində çalışıb. O, CBC-dəki vəzifəsindən azad edilərək, "ARB 24"ün başına gətirilib.

İsmayılov Radik Arzuman oğlu 9 oktyabr 1979-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. Orta təhsilə 1986-cı ildə Bakı şəhəri Nizami rayonundakı 12 saylı məktəbdə başlayıb, valideynlərinin yaşayış yerini dəyişməsi səbəbindən təhsilini Suraxanı rayonundakı 278 saylı orta məktəbdə davam etdirib və 1996-cı ildə oranı fərqlənmə attestatı ilə bitirib. Elə həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1996-2000-ci illərdə bakalavr pilləsində təhsil aldıqdan sonra 2001-ci ildə magistratura pilləsinə daxil olub və 2003-cü ildə buranı fərqlənmə diplomu ilə bitirib.

2004-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əyani aspirantura şöbəsində təhsilini davam etdirib, "Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

"Ekstremal jurnalistika (praktik vəsait)" kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir. "Lider Televiziyasında Xəbərlər departamentinin baş redaktorunun 1-ci müavini olub və 2016-cı ildən CBC telekanalının redaktor vəzifəsində çalışmağa başlayıb.