Xəbər lenti

Arıçılıq üçün təhlükə: Tropilaelaps gənəsi ölkəyə necə daxil olun?
Ekonomiks 14:59 27.03.2026

Arıçılıq üçün təhlükə: Tropilaelaps gənəsi ölkəyə necə daxil olun?

"Hara baxır Kənd Təsərrüfatı Nazirliyi? Hara baxır Qida Təhlükəsizliyi Agentliyi? Onlar nə işlə məşğuldurlar ki, bu zərərvericilər Özbəkistandan və digər ölkələrdən bu qədər asanlıqla Azərbaycana gətirilə bilir?”

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov Özbəkistandan Azərbaycana gətirilən bir TIR arıda tropilaelaps gənəsinin aşkarlanması və onun arıçılıq sahəsinə vurduğu zərərlərdən danışarkən deyib.

O bildirib ki, bu zərərvericilərə qarşı təcili tədbirlər görülməlidir:
 
"Tropilaelaps zərərvericidir, bir çox ölkələrdə geniş yayılıb. Arı ailələrinə ciddi ziyan vurur. Buna qarşı təcili mübarizə aparmaq lazımdır. Əks halda, tropilaelaps ölkədə geniş yayılacaq. Düşünürəm ki, ölkəyə gətirilən arıların hamısı bu xəstəliklə yoluxmayıb, yalnız bir ailədə olub, sonradan isə yayılıb. Çünki bu xəstəlik çox sürətlə yayılır”.
 


Vahid Məhərrəmov hesab edir ki, əgər təcili tədbirlər görülməzsə, tropilaelaps yerli arı ailələrinə də ciddi ziyan vuracaq:

"Arı uçur və yumurta qoyur. Uçuş zamanı yumurtalar müxtəlif yerlərə düşə bilir. Ona görə də mübarizə tədbirləri gücləndirilməlidir. Azərbaycana idxal edilən arı ailələri sərhəddə ciddi yoxlanılmalıdır. Bu isə baş verməyib. Yalnız arıçılıqda deyil, son 15–20 ildə demək olar ki, Azərbaycana gətirilməyən zərərverici və xəstəlik törədicisi qalmayıb. Bunun qarşısını almaq üçün nəzarət sistemi gücləndirilməli və ciddi yoxlamalar aparılmalıdır”.

Vahid Məhərrəmov Azərbaycanda arıçılıq sahəsində vəziyyətin olduqca acınacaqlı olduğunu vurğulayıb:

"Yem çatışmazlığı və digər ciddi problemlər mövcuddur. Arıçılar mövsüm ərzində arı ailələrini 7–8 fərqli əraziyə daşımalı olurlar. Qlobal iqlim dəyişiklikləri bu sahəyə ciddi təsir göstərir. Bəzən intensiv yağışlar yağır, bəzən isə uzunmüddətli quraqlıq müşahidə olunur. Bitkiçilik zəif inkişaf etdiyindən arılar qida tapmaq üçün uzaq məsafələrə uçmalı olurlar”.

Qeyd edək ki, Özbəkistandan Azərbaycana bir TIR arı gətirilib. İdxal edilən arıların tropilaelaps gənəsi ilə yoluxduğu bildirilir.
 
Bahar Rüstəmli
--> -->