Siyasət 12:29 24.07.2021

Artıq cavab atəşi Ermənistan tərəfi üçün keçərli variant deyil... – Hərbi ekspert

"Artıq cavab atəşi Ermənistan tərəfi üçün keçərli bir variant deyil. Düşünürəm ki, ordumuz bizim mövqelərimiz üçün təhdid törədən ərazilərin nəzarətə götürülməsini həyata keçirməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, o zaman Ermənistan tərəfi atəşkəs pozulmasının nəticələrinin nə qədər ağır ola biləcəyini dərk edəcək:

"Ermənistan silahlı qüvvələri hələ də Kəlbəcər rayonunda yerləşən bölmələrimizin mövqelərini Basarkeçər rayonu ərazisindən atəşə tutmaqda davam edir. Nəticədə ordumuzun hərbi qulluqçusu gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. Allah şəhidimizə rəhmət eləsin. Bununla neçənci dəfədir ki, Ermənistan silahlı qüvvələri atəşkəsi intensiv olaraq pozmaqda davam edir. Hesab edirəm ki, Azərbaycan Respublikasının bütün aidiyyatı üzrə qurumlar, o cümlədən Müdafiə Nazirliyi baş verən insidentin qarşısının qətiyyətlə alınması və düşmənin sarsıdıcı zərbə alması üçün əlindən gələn bütün imkan və potensialından istifadə edərək gərəkən bütün tədbirləri həyata keçirirlər".

Bahar Rüstəmli