Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə Arzu Kazımovun vəkili Ramiz Zeynalov E. Abdullayevin müdafiə etdiyi şəxslə bağlı yaydığı videoların hüquqi əsasının olmadığını qeyd edərək sübutlar siyahısından çıxarılmasını istəyib.
Vəkil A. Kazımovun xəstə olduğunu əsas gətirib, barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırıb. R. Zeynalov eyni zamanda “İnşaat- Servis-2002” MTK-nın maliyyə arayışlarının kimin adına verilməsi barədə şirkətə sorğu göndərilməsi barədə də vəsatət qaldırıb.
Dövlət ittihamçısı isə vəsatətlərin əsassız olduğunu bildirib, məhkəmədən onların təmin olunmamasını istəyib.
Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hakim vəsatətlərin təmin olunmadığını bildirib.
Məhkəmə baxışı iyunun 21-nə təyin olunub.
Qaynar.info
Şərhlər