“Asan İmza” sertifikatlarının etibarlılıq müddəti ödənişsiz olaraq uzadılır

“Asan İmza” sertifikatlarının etibarlılıq müddəti ödənişsiz olaraq uzadılır

"Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru olan "B.EST Solutions” şirkəti koronavirus epidemiyasının (COVID-19) ölkənin iş mühitinə təsirini minimuma endirmək üçün uzaqdan işlərini davam etdirmək istəyən "Asan İmza” istifadəçiləri və sahibkarların müraciətlərinə cavab olaraq gücləndirilmiş iş rejimində işləyir.

Bu barədə Qaynarinfo-ya şirkətə istinadən məlumat verir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus COVID-19 infeksiyasının yayılmasına qarşı mübarizəni təşkil etmək üçün xüsusi rejimdə işləmək barədə göstərişlərini əldə rəhbər tutaraq, qısa müddətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti ilə birlikdə fiziki şəxslər, şirkət rəhbərləri olan hüquqi şəxslər və sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər, həmçinin rəhbər olan dövlət qulluqçuları üçün "Asan İmza” sertifikatlarının etibarlılıq müddətinin aprel ayının 1-dən mayın 31-dək ödənişsiz olaraq avtomatik uzadılması və yuxarıda qeyd olunan müddət ərzində abunə haqlarından azad olunması məqsədilə müvafiq dəyişikliklər həyata keçirib. 

"Asan İmza” biznes sertifikatlarının digər sahibləri öz sertifikatlarının müddətini onlayn qaydada asxm.gov.az portalı vasitəsilə uzada biləcəklər. Müəyyən edilmiş müddət ərzində Vergi Xidməti tərəfindən bu istifadəçilərə sertifikatlarının müddətinin 31 may tarixinədək uzadılması ilə bağlı ismarıclar göndəriləcək.

Azərbaycan Respublikası Prezidenti tərəfindən yaradılan davamlı Rəqəmsal Azərbaycan platforması ölkə iqtisadiyyatının dəstəklənməsi üçün fəal şəkildə istifadə olunmalıdır. Distant işə keçməklə "Asan İmza” evdən çıxmadan elektron hökumətin onlayn xidmətlərinə, onlayn bankinq xidmətlərinə təhlükəsiz və effektli əlyetərliyi, müqavilələrin onlayn şəkildə imzalanmasını təmin edəcəkdir. Əgər sizə xarici partnyorla müqavilə bağlamağınız vacibdirsə, ona Azərbaycanın m-Rezidenti olmağı təklif edin. Rəqəmsal Azərbaycan dünyadakı koronavirus pandemiyasının nəticələrini aradan qaldırmağa kömək etməli, sahibkarların və vətəndaşların zərər görməməsi üçün bütün imkanları səfərbər etməlidir.

"1847” Asan İmza Çağrı Mərkəzi adi rejimdə öz işini davam etdirir.

Suallarınız olduqda [email protected] ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

#evdəqal #Asanİmzailədistantişləyirik

Xatırladaq ki, hazırda dövlət və özəl qurumların 600-dən çox elektron xidmətlər sistemində "Asan İmza”dan istifadə edilir. "Asan İmza" müxtəlif dövlət və özəl qurumların çağrı mərkəzlərinə inteqrasiya olunmuş və bu gün onun köməyilə elektron vergi bəyannamələri, gömrük bəyannamələri təqdim edilir, əmək müqaviləsi bildirişlərinin qeydiyyatı, abituriyentlərin onlayn qeydiyyatı və s. həyata keçirilir.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR