phrase_var_qaynar. 13:57 21.11.2020

Aslan Quliyevin “Türk əsgəri” hekayəsi

Qaynarinfo Aslan Quliyevin "Türk əsgəri” hekayəsini təqdim edir:


...Savaş bütün günü qaynayırdı, bekar qaldığı yox idi. Cəld, qıvaraq idi, döyüşçü dostları deyirdilər, sən güllədən sürətlə qaçırsan, güllə sənə çatmır, ona görə də səni vura bilmirlər. Elədir, Savaş təsdiqləyirdi, inanmırsız, atəş açın, mən arxadan qaçıb, yarı yolda gülləni tutacağam.


Mayın sonunda batalyon komandiri tökmə bədənli, mavi gözlü, qızılı saçlı cavan bir oğlanı onlara təqdim elədi, Barış Türkiyədən bizimlə birlikdə döyüşmək üçün könüllü olaraq gəlib, dedi, təcrübəli döyüşçüdür, ondan çox şey öyrənəcəksiz.


Barış yaşca Savaşdan böyük olsa da, daima bir yerdə olurdular. Döyüşür, boş vaxtlarında yemək bişirir, ocaq qalayıb çay dəmləyir, hisdən qaralmış qazançada kartof, qarğıdalı qaynadırdılar. Söhbət eləyir, keçən günlərdən danışırdılar. Daha çox Savaş danışırdı, deyirdi, Rusiyada meşənin içərisindəki şəhərdə hərbi xidmətdə oldum, tikinti batalyonunda. Binalar tikir, tarlalardan kartof çıxardır, ot biçir, donuzları yemləyir, rus qızlarıyla gözəl anlar keçirirdik. Əsgərilikdən qayıdandan sonra universitetə hazırlaşmağa başladım, ara-sıra yazılar da yazır, paytaxt qəzetlərinə göndərirdim. Ordan da mənə cavab gəlirdi, necə də gözəldir, göndərdiyin hekayən kimi özünün də nə vaxt redaksiyamızın qapısından içəri daxil olub bizi şərəfləndirəcəyini səbirsizliklə gözləyirik. Mən də gedəcək, onları şərəfləndirəcəkdim. Müharibə aman vermədi.


Batalyonda kəşfiyyat dəstəsi yaratdılar, bu sahədə təcrübəsi olan Barışı komandir təyin elədilər. Barış Savaşı da öz dəstəsinə götürdü, bütün günü onlara təlim keçir, silahla rəftarı, səssiz sürünməyi, qaçmağı, səs salmadan düşmənə yaxınlaşıb onu məhv eləməyi, əlbəyaxa döyüş növlərini öyrədirdi. Ona "komandir” deyilməsinə icazə vermirdi, tapşırırdı, "komandirim” deyin.


Barışla Savaşın ilk kəşfiyyatı uğurlu oldu. Zil qaranlıqda düşmən səngərinə səssizcə yaxınlaşdılar, növbə çəkən iki silahlını zərərsizləşdirdilər, yatmış əsgərlərdən birini xüsusi maye hopdurulmuş parça ilə uyudub, ağzını lentlə sarıdılar. Əsiri Barış arxasına aldı və səngəri tərk elədilər. Yalnız xeyli uzaqlaşandan sonra dayanıb dinclərini aldılar. Əsiri aralarında oturtmuşdular. "Komandirim, - Savaş dedi, - bunlardan orda çox var. Başlarını daşın, qumun, çöl tısbağasının üstünə qoyub yatıblar. Bunun başını əzək, mən gedim bir başqasını gətirim”. "Yox! - Barış etiraz elədi. – Bir türk əskəri əsirə əl qaldırmaz, ona işkəncə verməz, dinc əhaliyə, qadınlara, qocalara, uşaqlara toxunmaz”. "Əl qaldırmaz? – Savaş eşitdiklərinə inana bilmirdi. – Komandirim, sən onların bizim əsirlərlə necə rəftar elədiklərini bilirsən?” "Bilirəm, amma bu heç nəyi dəyişməz. Biz onları yalnız döyüşdə öldürə bilərik”.

Barış nəfəs ala bilsin deyə əsirin ağzından lenti qopartdı. Əsir sudan çölə atılan balıq kimi ağzını açıb yumur, qaranlıqda başını döndərib gah Barışa, gah da Savaşa baxırdı. Hələ də nə baş verdiyini anlamırdı. Nəhayət dili açıldı, onların öz dilində, türk dilində yalvarırdı, ara, məni öldürməyin. Nə istəsəniz, verərəm, buraxın gedim. "Yum ağzını, əclaf!” - Savaş nifrətlə dedi və əsirin başından yumruqla vurdu.

Barış dolu bədəninə yaraşmayan bir cəldliklə ayağa saçradı, avtomatı ona tuşladı.


Savaş heyrətlənmişdi:


- Məni vuracaqsan? Bir ermənidən ötrü?


- Ermənidən ötrü yox, əsiri incitdiyinə görə! - Barışın səsi cingildəyirdi.


Barış nəhayət özünü ələ aldı, avtomatı endirdi, oturub alnının tərini sildi. Bu son xəbərdarlığım, dedi, bir də əsirə toxunsan, güllələyəcəyəm! Əsgəri qanunlara hörmət elə. Bu sənin üçün ot biçmək, ya da donuzları yemləmək deyil.


Savaş özünə haqq qazandırırdı, mən öz xoşuma otu biçmir, ya da donuzları yemləmirdim. Komandir əmr verirdi, sıravi əsgər, donuzları yemlə, mən də cumurdum. Sıravi əsgər, marş, kartof tarlasına! Mən də qaçırdım. Sıravi əsgər, geri dön! Mən də dönürdüm. Mətin addımlarla ot sahəsinə doğru addımla. Bir, iki, üç! Mən də addımlayırdım. "Mətin addımlarla addımlamayanda sahənin otunu biçə bilməyəcəkdin?” "Biçə biləcəkdim, amma ot sahəsinə mətin addımlarla daxil olanda daha yaxşı biçirdim”.


Ayağa qalxıb, yollarına davam elədilər. Barış deyirdi, əsgər hisslərinə, iradəsinə sahib olmalı, qanunlara və döyüş şərtlərinə uymalı, təmsil elədiyi millətin, xalqın başını aşağı eləməməlidir. Sənsə hisslərinə yenik düşürsən. Ən pisi də, çox danışırsan. Müharibə tezliklə qurtarsın, evinə qayıt, yazılarını yaz, harasa göndər. Sonra özün də get yazılarının arxasınca, gedişinlə ordakıları şərəfləndir.


Yazacağam da, gedəcəyəm də, Savaş dilxor halda dedi, onlar da məni bağırlarına basacaqlar. Elə belə də yazmışdılar. Səni nə vaxt bağrımıza basacağımızı səbirsizliklə gözləyirik.


Barış inamsızlıqla səsləndi:


- Elə də yazmışdılar?


- Hə, - Savaş təsdiq elədi.


- Aydındır.


- Nəymiş aydın olan? – Savaş şübhəylə soruşdu.


Kəşfiyyata gəldikləri vaxtdan ilk dəfəydi Barış gülürdü, adamlar sərxoş imişlər. Yoxsa səni nəyə görə bağırlarına basmalıymışlar? Şərəfləndirmək-filan nədir? Bir baş işlət də, ağlı başında olan da durub əyalət yazıçısına belə sarsaq sözlər yazar?


Savaş pərt oldu, çünki Barışı haqlı hesab edirdi. Deyəsən adamlar doğrudan da hesabı qaçırtmışdılar. Belə bir vaxtda da, məktub onların stolunun üstünə qonmuşdu. Ağ kəpənək kimi. Düşündü, hekayəni ağ yox, yaşıl zərfə qoymuşdu. Demək, masanın üstünə kəpənək kimi qonmuşdusa, yaşıl kəpənək kimi qonmuşdu. Amma nə qədər düşünsə də, yaşıl kəpənəyi harda gördüyünü xatırlaya bilmədi.


Əsiri qərargahda təhvil verdilər. Batalyon komandiri razı qalmışdı, onları təriflədi, yeməkxanaya gedin, dedi, tünd çay için. Orda kartof qutabı olmalıdır, qarnınızı da doyuzdurun. Sonra da yaxşıca dincəlin.


Yeməkxanaya gəldilər, komandirin dediyi kimi, aşpaz onları çaya və qutaba qonaq elədi. Burda bir yaralı döyüşçü də var idi. Savaş onun hardan olduğunu öyrənəndə soruşdu, siz badımcan əkirsiz? "Əkirik”, - belə qəribə sual gözləməyən döyüşçü çaşqın halda cavab verdi. "Turşuya da qoyursuz?” "Qoyuruq, əlbəttə, yoxsa onu nədən ötrü əkməliymişik?” "Sözündə məntiq yoxdur, insan hər əkdiyini turşuya qoymaq üçün əkmir” . Döyüşçü hirsləndi, sən sözünün canını de! Deyim də, bizlər dağ adamıyıq, badımcan nədi, bilmərik. Bizim kənddə Həmid adlı bir ixtiyar var idi, bir gün gedib çıxır sizin tərəflərə, bunu yeməyə dəvət eləyirlər. Süfrəyə badımcan turşusu da qoyurlar, xoşa gəlməz qoxusu var imiş. Həmid soruşur, bu nədir? Deyirlər badımcan turşusudur.

 

Deyir, yesəm, məni öldürməz? Öldürməz, deyirlər, əsrlərdi yeyirik, amma hələ heç birimizi öldürməyib. Külək öldürüb, yağış öldürüb, şaxta öldürüb, günəş öldürüb, amma badımcan öldürməyib. Həmid də daraşır badımcan turşusuna, ye ki, yeyəsən. Gətirirlər, bu da yeyir.


Gəlir evə. Görürlər Həmid qaralıb, üz-gözü şişib, alnı göyərib, burnu əyilib. Yığır bütün qohum-əqrəbasını, deyir: "Mən ölürəm, sizə vəsiyyətim budur. Badımcan əkən, xüsusi ilə də o lənətə gəlmişi turşuya qoyan adamlarla oturub durmayın, onlara qız verməyin, onlardan qız almayın”.


Həmid ölür. Onun tayfasına qız istəmək üçün gələn elçilərdən soruşurmuşlar: "Badımcan əkirsiz?” "Əkirik”, - elçilər deyirmişlər. "Təsadüfən o lənətə gəlmişi turşuya da qoyursuz?” "Qoyuruq”. "Onda bizdə sizə veriləsi qız yoxdur. Badımcana bir qurban vermişik, ikincisini vermərik”.


Savaş sözünü bitirib qəhqəhə ilə güldü. Döyüşçü isə incidi, sənin o ixtiyarın badımcanın yox, qarınqululuğunun zavalına gəlib, dedi.


Beləcə kəşfiyyata gedir, dil gətirir, təhvil verir, sonra yeməkxanada kəkotu çayı içir, kartof qutabı yeyirdilər. Savaş yenə də dinc qalmır, burdakı yaralı əsgərləri sorğu-suala tuturdu, de görüm, amma düzünü de, badımcan əkirsiz? O badımcan deyiləni turşuya qoyursuz? Hə, cavabı alanda dilxor olurdu, bu nədir, belə çıxır, ölkənin yarıdan çoxu badımcan əkir. Barış onu məzəmmətləyirdi, gör sənə nə deyirəm, sən düşmən gülləsindən ölməyəcəksən, öz əsgərlərimizdən biri axır dözməyib alnının ortasından vuracaq. Sənin nəyinə lazım, badımcan əkirlər, ya yox?


Savaş daha əsgərlərdən heç nə soruşmayacağına söz verirdi, amma bir də görürdün bir əsgəri alıb çənəsinin altına, komandir eşitməsin deyə pıçıltı ilə soruşur: "düzünü de, badımcan əkirsiz?..”


Bir dəfə Savaş Barışa dedi: "Əgər mən ölsəm, müharibədən sonra bizim kəndə gedər, anama deyərsən, mən qorxub eləmədim, düşmənlərin qabağından qaçmadım, bir türk əsgəri kimi döyüşdüm”.


Barış heyrətlə Savaşa baxırdı, yəni bu sənin nəyinə lazımdır? Savaş onun qəlbindən keçənləri duydu, bilirsən, dedi, mən kənddə olanda qaranlıqdan qorxurdum, gecə evdən çölə tək çıxa bilmirdim. Cəbhəyə gələndə anam mənə dedi, orda qorxaqlıq eləməzsən, düşmənin qabağından qaçmazsan, bir türk əsgəri kimi döyüşərsən. Məni sənin ölümün yox, qorxaqlığın ağrıdar. Sənin bir türk əsgəri kimi döyüşdüyünü eşidərəmsə, xoşbəxt olaram. Mən də anamın döyüşdə qorxaqlıq eləmədiyimi bilməsini istəyirəm. Qoy ağrımasın, xoşbəxt olsun.


Barış onun xahişini yerinə yetirəcəyinə söz verdi. Gülüşünü boğaraq soruşdu: sən kənddə olanda heç qız sevdiyin olmadımı? Gecələr görüşə çıxmırdınmı? Çıxırdınsa, necə olurdu, anan əlindən yapışıb aparırdı görüşə?


Savaş dilxor halda dedi, kənddəki qızlar mənim gecələr qorxduğumu bilirdilər. Qonşuluğumuzda bir qız var idi, qəşəng qızdı, amma dildən itiydi. Komandirim, sən onu görsəydin, dünyada mənim qədər şirin dili olan, az danışan ikinci birisi olmadığını düşünərdin. Mənə deyirdi, gecə-filan boş söhbətdir, sən elçilərini göndər. Gecələr çölə çıxanda ipin bir ucunu sənin qoluna bağlaram, birini də öz qoluma. Bizi birlikdə görəndən sonra cinlər, əcinnələr həndəvərimizə də fırlanmazlar. Burdan salamat qayıtsam, o qıza elçi göndərəcəyəm. Məni gözləyəcəyinə söz verib.


Aralarındakı bu söhbətdən bir qədər keçmişdi, növbəti dəfə kəşfiyyata ketmək üçün hazırlıq görəndə Barış ondan soruşdu:

- Yenə qorxursan?


- Nədən? – Savaş gözlərini döydü.


- Gecədən.


Savaş əməlli-başlı incidi, komandirim, bura gəldiyim gündən, barıt və qan qoxusunu hiss elədiyim andan bütün qorxularım yoxa çıxdı. İndi nə gecədən qorxuram, nə də ölümdən. Qorxsam, gecə səninlə kəşfiyyata necə gedə bilərəm? Bilirsən, amma soruşursan.


Vaxt keçdikcə Savaşla Barış bir-birlərinə daha çox bağlanırdılar. Bircə fikir ayrılıqları əsirlərə görə idi, Savaş fərqinə varmadan döyüşçüsünə də, əsirinə də nifrət eləyir, hər vasitə ilə nifrətini büruzə verməyə çalışır, amma Barış onun qarşısını alırdı. Türk döyüşçüsünün min illərdən üzü bəri döyüş qanunları, qaydaları var, deyirdi. Sən onlara danışıqsız əməl eləməlisən. Bir türk döyüşçüsü köməksiz vəziyyətdə olana əl qaldıra, onu alçalda, təhqir eləyə bilməz.

Bir dəfə çiynindən güllə yarası almış Barışın müalicəsi uzun çəkdi, polkovnik Savaşa bir döyüşçü də qoşdu, mütləq getməli, dil gətirməlisiniz, dedi. O tərəflərdəki vəziyyəti öyrənməliyik. Getdilər, ancaq səhərə yaxın əliboş qayıdıb gəldilər. Yüngülcə yaralanmışdılar. Barış ondan bunun səbəbini soruşanda, Savaş pərt halda dedi, komandir, getdik, dili uyudub ağzını bağladım, səngərdən aralanandan sonra döyüşçü yoldaşıma dedim, sən bunu saxla, mən gedim birini də gətirim. Orda bunlardan çoxdur, başlarını kəsəklərin, otların, kərtənkələlərin üzərinə qoyub yatıblar. Komandirim də burda deyil, mane olmayacaq. Getdim, sən demə, böyrəyi xəstə birisi yuxudan oyanıbmış, məni gördü, qışqırdı, hamısı oyandı. Mən də basdım düyməni, biçib tökdüm. Əliboş qayıtdıq, amma o itlərdən azından onunu gəbərtdik.


Barış qaşqabağını tökdü, səni ora başlarını ilanların, kərtənkələlərin, tısbağaların üzərinə qoyub yatanları öldürməyə yox, dil gətirməyə göndərmişdilər. Kəşfiyyatçı əmri cüzi bir yanlışlığa belə yol vermədən yerinə yetirməlidir. Başı buz kimi soyuq olmalıdır, səninsə başın da qaynayır, əl-ayağın da.

Yayın axırlarına yaxın batalyon uğurlu əməliyyat keçirtdi, beş kəndi azad eləyib düşməni şərqə doğru sıxışdırdılar. Bu zaman Savaş kəndin kənarındakı samanlıqda xeyli erməni qadınının, uşağının gizləndiyini gördü. Qadınları, uşaqları samanlıqdan çıxartdılar, Savaş onlar üçün çörək, su gətirdi, heç nədən qorxmayın, dedi, burda bir kimsə sizlərə toxunmayacaq. Qoy ara sakitləşsin, sizi aparıb özünüzkülərin yanına ötürəcəyəm. Belə də elədilər, axşam üstü erməniləri aparıb dağ cığırıyla yola saldılar.


Savaşın heç gözləmədiyi halda emənilər də çoxdan əllərində olan iyirmi yeddi nəfər qadını, uşağı əsilikdən azad elədilər. Gördün, Barış sevinclə deyirdi, düşmənə nifrətlə heç nəyə nail ola bilməzsən. Sən döyüş qanunlarına əməl eləyəndə, onlar da eləyəcəklər.


Amma azad olunanlara baxanda başlarında tükləri vız durdu, qadınların, hətta körpə uşaqların da üst-başları cırıq-cırıq idi, bədənləri, üz-gözləri qançırlar içində itmişdi. Əsgərlər onlara yaxınlaşmaq istəyəndə uşaqlar gözləri vahimədən alacalanmış halda tüklər ürpəşdirən səslə qışqırır, üz-gözlərini balaca əlləriylə tuturdular. Qadınlardan üçü ağlını itirmişdi, sayıqlayır, ucadan qəh-qəhə ilə gülürdülər. Polkovnik hərbi geyimdə olanların onlara yaxın düşməsini qadağan elədi.


Barış sarsılmışdı, sir-sifəti qaralmışdı, mavi gözlərində buz kimi soyuq bir parıltı var idi, dinib danışmır, soruşulana belə cavab vermirdi. Haçan dil gətirdilərmi, təhvil verməmiş, onu sorğu-suala tutur, qadınları, uşaqları o hala salanlar haqda soruşurdu. Bu işləri görənlərin Vahanın dəstəsi olduğunu öyrənəndən sonra dəstə haqda məlumat toplamağa başladı. Əsirlərdən soruşur, gecələr onu da götürüb kəşfiyyata gedirdi. Bəzənsə onu aparmırdı, gedir, bir də gecədən xeyli keçmiş əzgin-yorğun halda qayıdıb gəlirdi. Nə qədər yorğun olsa da, əvvəlki tək yata bilmir, başını qoyub uzandımı, birdən qışqıraraq yuxudan oyanır, əl atıb yanındakı silahını götürür, gözləri alacalanmış halda kəsik-kəsik nəfəs alır, sifətini tər-su basırdı. Savaş şikayətlənirdi, komandirim, məni nə badımcan əkənlər öldürəcəklər, nə də düşmənlər, sən öldürəcəksən. Hər dəfə ayılanda silahı götürməklə kifayətlənməyəcəksən.

O qadınlar, uşaqlar gözlərim önündən getmirlər, Barış ağır-ağır deyirdi, gözlərimi yumuram, yenə də onları görürəm, qışqırıqları qulaqlarımda səslənir, əllərini açıb bizi köməyə çağırırlar.


Yenə də kəşfiyyatdan qayıdanda ona dedi: "Əgər mən o uşaqların qisasını almadan ölsəm, qoymazsan məni dəfn eləməyə. Atarsız çölün düzünə, qurd-quş yeyər, tülkü-çaqqal meyitimi parçalar, çöl quşları gözlərimi oyar”. "Komandirim, elə şey olar? – Savaş etiraz elədi. – Səni dəfn eləyəcəklər, mən də deyəcəyəm, eləməyin?” "Deməyəcəksən! - Barışın gözlərindən od saçılırdı. - Qoymayacaqsan! Bu bir əmrdir! Əsgər, sən əmri yerinə yetirəcəksən! Oldumu?” "Oldu”, - Savaş candərdi dilləndi.


- Hə, indi təkrar elə görüm.


- Komandirim, nəyi?


- Əmri!


Savaş boynunu burdu, amma komandirinin gözlərinə baxanda təkrar eləməyə məcbur oldu, komandirim, o uşaqların qisasını almadan ölsən, səni dəfn eləməyə qoymayacağam. Meyitini atacağam çölün düzünə. Çöl heyvanları gəlib nuşicanlıqla aşıracaq, çöl quşları gözlərini oyacaqlar. Ya da ev quşları, komandirim, hər halda sizin üçün fərq eləməz? "Eləməz, - Barış qaşqabağını tökdü. - Sən əmri yerinə yetirəcəksən. Daha quşları növlərə ayırmayacaqsan”.

İndi Savaş səhərlər yuxudan oyananda əllərini göyə açıb Allaha dua eləyirdi: "Ey bir olan Allahım, o uşaqların qisasını almadan komandirim ölməsin. Yoxsa ölsə, əmrə görə mən onu dəfn eləməyə qoymamalıyam. Onda da türk zabitinə hörmətsizlik eləyirəm deyə, məni qərargahın qabağındakı telefon dirəyinə sarıyarlar. Batalyonda nə qədər əsgər varsa, hərəsi gəlib qarnıma bir daraq patron boşaldar. Komandirim öləcək, məni də rüsvayçı bir ölümlə öldürəcəklər”.

Savaş aralarında keçən bu söhbəti komandirinin hirslənərək elədiyini düşünürdü, amma hanı? Bir də görürdün onu səslədi:


- Əsgər.


- Eşidirəm, komandirim.


- Əmr yadındamı?


- Yadımdadır, - Savaş dilxor halda dillənirdi, - amma Allah xatirinə, təkrar eləməyi məndən tələb eləməyin.


- Eləmərəm, təki yadında qalsın.


Eləmərəm, deyirdi, amma iki-üç gün keçəndən sonra birdən soruşdu, əsgər, əmr yadındamı? O da candərdi təsdiq elədi, yadımdadır, komandirim. Təkrar elə görüm, Barış tələb elədi.


Savaş hirsləndi, eləyim də! Komandirim, sən o uşaqların qisasını almadan ölsən, səni atacağam çölün düzünə, özüm də kənardakı daşın axasında gizlənəcək, meytini qurd-quşun, tülkü-çaqqalın necə didişdirmələrinə baxacağam. Əgər kimsə gəlib səni dəfn eləmək istəsə, deyəcəyəm, sıravi əsgər Savaş burda komandirinin əmrini yerinə yetirir! Dərhal burdan uzaqlaş. Yoxsa alının ortasından iki deşik açaram. Mən quşu gözündən vururam, sənin alnında deşik açmaq əlimdə su içmək kimi bir şeydir. "Afərin! – Barış onu təriflədi. – Elə də eləyəcəksən!”


Bir axşam isə ona dedi, hazırlaş, gedirik. Savaşa elə gəlirdi nəyə görəsə komandiri sevinir, gözləri də qəribə tərzdə işıldayır. İlk dəfə idi kəşfiyyata gedəndə komandirini belə həyəcanlı görürdü.


Silahlanıb yola düşdülər. Barış qabaqda gedirdi, bu cığırları o qədər gedib gəlmişdi, artıq yolu gözü yumulu da tanıyırdı. Dərəni keçib, təpəni aşan kimi də iki yük maşınının, minik maşınlarının əhatəsindəki çadırları gördülər. Vahanın dəstəsidir, Barış dedi, əsgər, burdan bircə nəfər də sağ çıxmamalıdır. Kimsə qaçsa, aradan çıxsa, dünyanın o başına da getsə, arxasınca gedəcəyik. "Oldu komandirim!” – Savaş sevinclə dilləndi.


Düşərgəyə yaxınlaşıb, qümbaraları bir-bir çadırlara atmağa başladılar. Yuxudan oyanıb qaçmaq istəyənləri də sərrast atəşlə biçib tökürdülər. Basqın o qədər ani və qəfil olmuşdu ki, düşmənlər heç onlara cavab atəşi də aça bilmədilər. Maşınların arasıyla gəzib dolaşır, yaralıları da güllələyir, bir kimsəni sağ buraxmırdılar. Savaş daha fəallıq göstərirdi, onu görmək olmurdu, sanki çadırların arasıyla qaçmır, dolaşmır, uçurdu.


Hamısının işini bitirdiklərinə əmin olandan sonra əllərinə keçən avtomatları, patron, qumbara qutularını minik maşınlarından birinə yükləyib, maşını işə salaraq burdan uzaqlaşdılar. Son günlər ərzində ilk dəfə olaraq bu gecə Barış rahat yata bildi. Savaş da sevinirdi, daha yadına salanda belə tükləri ürpəşən əmri yerinə yetirməyəcəkdi.


Döyüşlər getdikcə şiddətlənirdi. Müqəddəs Azərbaycanın torpaqları od tutub yanır, mərmilər torpağı didib qazır, güllələr budaqları qırır, quşları çöllərdən didərgin salır, toz-tüstü göyün üzünə qalxıb günəşin qabağını kəsirdi. Dəclə-Fərat çaylarının sahillərindən gəlmiş tayfa dünyadakı bütün havadarlarının köməyindən istifadə eləyərək vaxtılə onlara öz evlərində yer vermiş, aclıqdan və ölümdən xilas eləmiş adamları, onların balalarını öldürür, ev-eşiklərini ələ keçirir, torpaqlarını işğal eləyirdilər.


Bir gün polkovnik onları çağırıb dedi: "Cənubdakı sərhəd kəndinə gedin, ora hücum başlayıb, neyləyirsiz, eləyin, düşmənin qarşısını alın, qoy adamlar kənddən çıxa bilsinlər. Burda da vəziyyət ağırdır, sizə əlavə adam verə bilmərəm”.


Hərəyə üç qumbara, xeyli patron götürüb yola düşdülər. Onlar gəlib çıxanda düşmən kəndə girmək üzrəydi, iki-üç yaşlı adamın ov tüfəngləri ilə onların qarşısını indiyə kimi almaları onsuz da möcüzə idi. Güllə tutmayan yerdə daldalanmış qadınlar, qızlar, körpələr onları görəndə sifətlərində ümid işartıları alışıb yandı, sevinirdilər, yanaqlarıyla sevinc göz yaşları süzülürdü. Anasının ətəyindən yapışmış təxminən dörd-beş yaşlı, iri qara gözləri olan qəşəng bir qızcığaz onlara baxır, dodaqları titrəyir, hər atəş səsi eşidəndə diksinir, anasına sığınırdı. Barış irəli keçdi, qızcığazın qarşısında oturub saçlarını sığalladı. Sonra adamlara dedi, heç narahat olmayın, onların qarşısını alacağıq. Biz atmağa başlayan kimi də siz gedin.


Evlərin arasıyla əyilə-əyilə aşağı, düşmən əsgərlərinə tərəf düşürdülər. Kənddən çıxdılar, burdan çaya qədər olan yamac iri daşlardan ibarətdi. Daşların arxasında daldalandılar, düşmənlərin hardan atdıqlarını öyrənib cavab verməyə başladılar. Onlara qarşı yalnız tüfəngdən atəş açıldığına və atəş açanların elə də dəqiq atmadıqlarına əmin olan düşmənlər birdən-birə avtomat atəşləri açılanda, ilk itkilərini verməyə başlayanda özlərini itirdilər. Kəndi işğal eləyəcəklərinə heç şübhələri yox idi, yaxınlıqda Azərbaycanın əsgəri hissələri, döyüşçüləri yox idi, bu adamlara köməyə gələn olmayacağını dəqiq bilirdilər. Bəs bu döyüşçülər hardan gəldilər?


Onları atəşə tutmuşdular, qəzəblə yaylım atəşi açırdılar. Güllələr daşlara dəyib çovuyur, havada daş qəlpələri uçuşur, daşlardan qalxan acı tüstü boğazlarını qovuşdururdu. Atəş altında başlarını qaldıra, gözlərini aça bilmirdilər. Savaş bir daşın arxasından digərinə sürünür, tez-tez yerini dəyişir, cavab atəşi açırdı. Barış isə soyuqqanlı idi, yalnız düşmənin yerini müəyyən eləyəndən sonra atəş açırdı və onun açdığı atəşlər daha sərrast olurdu. Savaş tez-tez ondan saatı soruşur, Barış da cavab verirdi. Axırda hirsləndi, ağlınımı itirdin? Saat sənin nəyinə lazımdır? Komandir, adamların kənddən çıxıb, yuxarıdakı təpəni aşmaları üçün azından iki saat lazımdır. Təpəni aşdılarmı, qorxusuz yerdə olacaqlar. Yalnız indi Barış onun saatı niyə belə tez-tez soruşmasının səbəbini başa düşdü və bir anlığa ona belə kobud cavab verdiyinə görə xəcalət çəkdi. Barış artıq bu vəhşilərin əllərinə keçən uşaqlarla, körpələrlə necə rəftar elədiklərini bilirdi.

Onların ətrafında mühasirə halqası getdikcə daralırdı. Deyəsən, sonumuz gəldi, Barış acı-acı düşündü. Çıxış yolu geri çəkilmək idi, amma arxada uşaqlar, qadınlar var idi.


Düşmən tərəfi atəşi gücləndirmişdi. Birdən Savaş daşların arasıyla əyilə-əyilə üzü aşağı, birbaşa düşmənə doğru qaçmağa başladı. Sanki daşların üzəriylə çaya tərəf uçurdu. Sahildəki iri daşa çatıb dayandı, ayağa qalxıb:


- Komandirim, vur bu itləri! - deyə qışqıraraq özündə olan hər üç qumbaranı atəş nöqtələrinə doğru atdı. Onu vurdular, daşların arasına yıxıldı, amma hələ də atəş açmağa davam eləyirdi.


Komandir artıq ölüm-itim haqda düşünmürdü, ayağa qalxmışdı. Əsgəri türk zabitini səsləyirdi! Əsgər onu çağırır, ondan kömək istəyirdi! Zabit qan sağılan gözlərini irəli dikib ağır-ağır irəliləyirdi. İndi onu heç nə durdura bilməzdi! Başlarını itirərək qaçmağa başlayan düşmən döyüşçülərini nişan alır, nifrətlə tətiyi çəkir, onların necə yıxıldıqlarını gördükcə də, qulaqlarında əsgərinin hayqırtısı səslənirdi:


- Komandirim, vur bu itləri!


Komandir də vururdu. Döyüş meydanında çoxlu ölü və yaralı qoyan düşmənlər qaçıb çayın o tayındakı təpələrin arxasında yoxa çıxdılar. Görünür onlara əlavə köməyin gəldiyini zənn eləmişdilər və indi yalnız qaçıb canlarını qurtarmağın hayındaydılar.


Barış çatanda Savaş belini daşa söykəyib oturmuşdu, qan içindəydi. Onu görəndə gülümsədi, alnına yapışmış saçlarını kənara vermək istədi, amma gücü çatmadı. "Adamları qurtardıq, - gülümsəməyə çalışaraq dedi. - Komandirim, sən get, mən ölürəm”. "Ölməyəcəksən! – Barış ona gülümsədi. – Əsl döyüşlərimiz hələ bundan sonradır!” "Komandirim, - canı nə qədər ağrısa da, Savaş danışmağından qalmırdı, - deyirdilər, sən elə iti qaçırsan, güllə sənə çatmır. Amma çatdı”.


Barış onu qucağına götürüb yola düşdü. Yorulsa da, qolları gücdən düşsə də, bir anlığa belə dayanmırdı. Hər saniyənin Savaş üçün qiymətli olduğunu bilirdi. Geciksəydi, qan itirməkdən və ağrılardan ölə bilərdi.


Barış axşamüçtü gəlib qərərgaha çatdı. Savaşı tibbi çadırdakı həkimlərə verdi, son gücünü toplayıb nəsə demək istədi, amma deyə bilmədi. Huşunu itirib yıxıldı. Gücü, enerjisi onu yalnız buraya gətirib çıxartmağa bəs eləmişdi.


Barış özünə gələndə artıq qaranlıq düşmüşdü, Savaşın yanına getdi. Əməliyyatdan sonra hələ ayılmamışdı, çətinliklə nəfəs alır, ağrılar içində inildəyirdi. Həkim deyirdi, güllələri çıxarda biliblər, amma çoxlu qan itirib, yaraları da ciddidir. Hər halda yaşamaq ehtimal var.


Düşmənlərdən xilas elədikləri adamlar uşaqdan böyüyə hamısı qərargaha gəlmişdilər. İllər uzunu topladıqları var-dövlətləri, ev-eşikləri, ata-baba yurdları düşmənlərə qalsa da, düşmənlərin əlinə keçmədiklərinə, qız-gəlini, uşaqları ordan salamat çıxarda bildiklərinə görə sevinir, Barışa minnətdarlıq eləyirdilər.

 


Barış isə deyirdi, mənə yox, içəridə yatan döyüşçüyə minnətdar olmalısınız. Sizi də, məni də qurtaran o oldu. O qəhrəman əsgərin yaşaması üçün Allaha dua edin.


Barış neyləsə də, adamları burdan göndərə bilmədi. Çadırın həyətinə səpələnərək harda gəldi oturmuşdular. Oğlum, sən nə danışırsan, qoca bir kişi ona etiraz eləyirdi. Həyatı bahasına bizi qurtaran döyüşçü burda ölümlə əlbəyaxada olsun, bizsə gedib rahat yataq, bu çətin anlarında onun yanında olmayaq?

Birdən kənddə gördüyü qızcığaz adamlardan ayrılıb Barışa yaxınlaşdı, özünkülərin yanında olduğunu başa düşən qızcığazın qorxusu keçmişdi, iri gözlərində cəsarət var idi:


- Komandirim! – cingiltili səslə dedi.


- Nəydi? – Barış özünü itirdi.


- Mən onu görmək istəyirəm.


- Kimi?


- Qəhrəman əsgəri!


Barış yaralı döyüşçünü görməyin qızcığaza psixolojt travma vura biləcəyini sadəcə unutdu. Gedək, deyə qızcığazın əlindən yapışdı, o doğrudan da qəhrəman əsgərdir. Mənim indiyə kimi gördüyüm ən cəsur və qəhrəman döyüşçüdür!


Çadıra keçib, Savaşın çarpayısına yaxınlaşdılar. Qızcığaş gözlərini geniş açaraq ağrıdan və qızdırmadan dodaqları partlamış, əzab ifadəsi dolaşan sifətində qan ləkələri qurumuş yaralı əsgərə həyəcanla baxırdı. Birdən bayaqkı cingiltili səsiylə ucadan dilləndi:


- Əsgər!


Savaş gözlərini açdı, ağrılar dolaşan sifətində heyrət ifadəsi göründü.


- Qızcığa...az? - ağır-ağır dedi.


- Qəhrəman əsgər, çox sağ ol!


Savaşın sifətindən ağrı, əzab ifadəsi çəkildi, yerinə saf, məsum bir təbəssüm yayıldı və gözlərini yumdu. Həkim heyrətə düşmüşdü, danışdığı ilk dəfədir, deyirdi, bu yaxşı əlamətdir.


Barış, bu mərd, qorxmaz türk zabiti indiyə qədər çoxlu döyüşlər, ölüm-itim görmüşdü. Amma heç vaxt buna bənzər hisslər keçirtməmişdi. Birdən yanaqları ilə göz yaşları süzüldü, ağladığını görməsin, hiss eləməsin deyə qızcığazın əlindən yapışıb çadırdan çıxartdı.


Savaş səhərə yaxın öldü. Sifətində saf bir təbəssüm donub qalmışdı.


Şiddətli döyüşlər başlamışdı, Savaşın meyitini arxaya, öz kəndlərinə göndərmək üçün döyüşçü olmadığından, onu yaxınlıqdakı kəndin qəbiristanlığında mamırlı daşların arasında dəfn elədilər. Daşların arasıyla əsən isti külək qadınların göz yaşlarını baş daşlarının, qəbirlərin üzərinə səpələyirdi, qəbirdən bir az aşağıda kəkotular gur çiçək açmışdı.


****

Qızılı saçlı, mavi gözlü kişi Azərbaycanın ucqar bölgəsindəki dağ kəndində görünüşündən kimsəsizlik yağan, artırmasının şalbanlarını yağışın və günəşin qaraltdığı evin qarşısında dayanmışdı. Ağlı-qaralı saçlarını yığıb arxada bağlamış, güllü çit don geymiş qadın ona heyrətlə baxırdı.


Mənim adım Barışdır, kişi dedi, Türk ordusunun zabitiyəm, Savaşla birlikdə döyüşürdüm. Oğlunuza sizin ziyarətinizə gələcəyimə söz vermişdim, bağışlayın, gecikdim. Gəldim sizə deyəm ki, oğlunuz əsl qəhrəman idi, düşməndən, ölümdən qorxmadı, bir türk əsgəri kimi döyüşdü.

Oxşar xəbərlər