Siyasət 23:53 29.07.2021

Aslanyan vaqona yerləşən "hərbi baza"larını lağa qoydu

Bu gün Ermənistan cəmiyyətində əsas müzakirə mövzularından biri ordunun hazırkı bərbad durumu olub. Hətta yerli mediada sərhəd bölgəsində əsgərlərin qaldığı xarabaya bənzər bir vaqon sığınacaqla bağlı yayılan foto sosial şəbəkələrin erməni seqmentində ciddi narazılıq yaradıb.

Azvision.az xəbər verir ki, artıq siyasətçilər, ziyalılar hakimiyyəti ciddi şəkildə tənqid edərək Ermənistanın belə bir şəraitdə xidmət aparan hərbçilərlə çox uzağa gedə bilməyəcəyini deyirlər.

Məsələn, Şirak vilayətinin keçmiş prokuroru, siyasi fəal Raffi Aslanyan məlum fotonu erməni polisinə yaradılan şəraitlə müqayisə edərək bunları deyib:

"Milyardlarla dollar dəyərində yeni bir polis patrul xidməti yaradaraq hər ay öz "loqotiplərini yeniləyən" hökumətin ordu üçün qurduğu şəraitə baxın. Bu hökumət hərbiçiləri ən azı 10 ay bu cür "hərbi bazalarda" saxladı. Özü də lazımi mühəndis qurğuları olmadan düşmən hücumundan müdafiəsiz bir şəraitdə”.