Foto 17:41 28.09.2021

Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin xatirəsi ehtiramla anıldı (FOTOLAR)

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri Azər Nazim oğlu Yusiflinin doğma kəndi Böyük Kəsikdə məzarı və xatirə kompleksini ziyarət edib. 

Qəhrəmanın ruhuna dualar oxunub, məzarı üstünə və abidə bulağındakı xatirə lövhəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb. Sonra Qəhrəmanın atası və yaxınları ilə birlikdə xatirəsinə ağaclar əkilib. Onun keçdiyi şərəfli ömür və döyüş yollarından geniş söz açılıb.

Azər 1994-cü ildə mart ayının 28-i Ağstafa rayonun Böyük Kəsik kəndində ziyalı ailəsində anadan olub. 2020-ci il sentyabr ayının 27-də işğal altında olan torpaqlarımızın azadlığı urğunda Vətən müharibəsinə Sərhəd Qoşunların tərkibində ön sıralarda qatılıb. Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilanın azad edilməsində böyük şücaət və qəhrəmanlıq nümayiş etdirib. Oktyabrın 19-dan 20-nə keçən gecə Zəngilan şəhərinin azad olunmasından sonra məhs Azər Yusifli 27 ildən sonra  şəhərə  müqəddəs bayrağımızı sancmışdır. O, 2020-ci ilin oktyabrın 21-də Zəngilan istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Doğma kəndində dəfn olunan şəhidimiz  Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən Müharibəsi Qəhrəmanı”, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət etsin!