10 gün sonra 2021-ci ili, Öküz ilini geridə qoyacağıq. Bu il həm dünyada, həm də ölkəmizdə çox mühüm hadisələr baş verdi. Bəs qarşılayacağımız 2022-ci ildə, yəni Pələng ilində bizləri nələr gözləyir?
Qaynarinfo xəbər verir ki, tanınmış astroloq Səbuhi Rəhimli bununla bağlı "Yeni Müsavat”a danışıb. Həmin müsahibəni təqdim edirik:
- Öküz ilində hansı proqrnozlarınız doğru çıxdı, hansılar özünü doğrultmadı?
- 1990-cı illərdən bu vaxta qədər dünya və Azərbaycanla bağlı adətən 25 ictimai-siyasi proqnoz verirəm. Ən pis halda bir dəfə proqnozumun 4-ü səhv çıxıb. Amma adətən 2-3 proqnoz yanlış çıxa bilir. 2 dəfə isə 25 proqnozumun hamısı özünü doğruldub. Həm də başqaları kimi "qışda qar yağacaq, yayda isti olacaq” demirəm, elə siyasi proqnozlar bildirirəm ki, bəzən politoloqlar, siyasətçilərin fikrini təkzib edir, amma sonda özünü doğruldur. Məsələn, demişdim ki, il ərzində İrana qarşı müharibə olmayacaq. Amma halbuki ABŞ politoloqları da deyirdi ki, İranı vuracağıq. Gördüyünüz kimi, baş vermədi və müharibə bu il də olmayacaq. Bəziləri elə bilir ki, proqnozlarımı bədahətən bildirirəm, amma hər biri hesablamalarıma əsaslanır.
Beləliklə, 2021-ci il üçün verdiyim 25 proqnozdan 22-si dəqiq düz çıxıb, 3-nü isə hesablamaq lazımdır. Məsələn, demişdim ki, bu il ürək və dəri xəstəlikləri daha çox üstünlük təşkil edəcək. Sadəcə, mən bunun statistikasını hələlik tapa bilmirəm.
Proqnozlarımdan biri bu idi ki, Paşinyan fevralın ikinci yarısına qədər özünü qoruya bilsə, hakimiyyətdən getməyəcək. Hətta seçkilərə az qalmış mənə irad bildirirdilər ki, bu proqnozum heç də düz deyil, çünki Rusiya Ermənistanda olan agentliklərinə xeyli maliyyə ayırıb, onları tam heyətlə işə salıb, beləliklə Köçəryan seçiləcək. Amma yekunda yenə də mənim proqnozum düz çıxdı.
Və yaxud deyirdilər ki, fevral ayında, daha sonra may və avqust aylarında Qarabağda böyük müharibə olacaq. Amma mənim proqnozlarımda deyilirdi ki, heç bir müharibə olmayacaq, olsa da xırda antiterror əməliyyatları olacaq.
- Pələng ili hansı tarixdə başlayacaq və bu ilin özünəməxsus hansı xüsusiyyətləri var?
- Hər dəfə qeyd edirəm ki, bəzən yanlış olaraq yeni təqvimi yanvarın 1-dən hesablayırlar. Amma əslində yanvarın 1-i Miladi təqvimin dəyişməsidir, Çin qoroskopu ilə götürəndə ilin dəyişməsi 21 yanvar-19 fevral aralığı, Dolça bürcünün zamanına, Yupiterin dayanıqlıq nöqtəsinə düşür. Bununla da Yupiterin dayanıqlıq nöqtəsinə nəzərən ilin başlanma vaxtını bilmək olur. Pələng ili 2022-ci il fevralın 1-dən başlayacaq. Yəni, yanvar ayı hələ də Öküz ili hesab olunacaq. Fevralın 1-dən başlayan Pələng ili 2023-cü il yanvarın 23-də bitəcək.
Xoruz, Pələng illəri adətən dünyanın dəyişməsi, mənfi fəsadların baş verməsi kimi yadda qalıb. Məsələn, Xoruz ili siyasət ili hesab olunursa, Pələng ili müharibə ili adlandırılır. Bu il adətən dünya xəritəsinin dəyişməsi, sui-qəsdlər, çevrilişlər, müharibələrlə zəngin olub. Bircə onu demək bəs edir ki, iki dünya müharibəsi Pələng ilində başlayıb. Həmçinin yüz illik müharibə də bura daxildir. Bir sözlə, 2021-ci ildə silahlanan ölkələrin əksəriyyəti 2022-ci ildə silahlarını işə salacaq. Ona görə də heç hesablamalar aparmadan demək olar ki, qarşıdan gələn Pələng ilində dünyada hakimiyyətdə olan əksər rəhbərliklər dəyişəcək...
- Bəs Pələng ili Azərbaycan üçün necə keçəcək?
- Əvvəl onu qeyd edim ki, bu il qara Pələng ili olacaq...
- Yəni başqa rəngli pələng təqvimləri də var?
- Bəli, beş rəngdə Pələng ili var ki, bu da qitələrin rənginə əsaslanır. Məsələn, göy, ağ, qara, sarı, qırmızı və qara Pələng illəri. Beləliklə də, bu il qara Pələngdir, üstəlik, il Mars planetinin üstündə olacaq, hansı ki, Mars da "müharibə planeti” adlanır. Əgər Mars deyil, Venera üstündə olsaydı və yaxud qara deyil, digər rəngli Pələng ili olsaydı, vəziyyət bir qədər yumşaq olardı. Məsələn, 2010-cu ildə ağ Pələng ili idi, ona görə də dünyada o qədər də qeyri-adi hadisələr baş vermədi.
90-cı illərdən qeyd edirəm ki, dünya 1990-2022-ci illər arasında yaxşı mənada "təmirə” dayanıb. Yəni dünyanın sabitlik dönəmi 2023-cü ildən başlayacaq.
- Qeyd etdiniz ki, bu il Azərbaycanda müharibə gözlənilmir. Bəs dünyanın hansı bölgələrində müharibələr başlaya bilər?
- Bəli, qətiyyətlə bildirirəm ki, bu il Azərbaycanda müharibə olmayacaq. Amma Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi açılacaq. Söhbət kommunikasiyadan deyil, dəhlizdən gedir. 2022-ci ildə Zəngəzur dəhlizi açılacaq.
Bir neçə il öncə İsrail Türkiyənin Mavi Marmara gəmisini vuranda, insanlar emosiyalara qapılıb bildirirdilər ki, müharibə olacaq. Hətta bəzi ekstrasenslər də qeyd edirdilər ki, guya 100 minlərlə insan öləcək. Amma təkcə tarixi şəraiti hesablayanda demək olurdu ki, Türkiyə ilə İsrail arasında müharibə ola bilməz. Həmin vaxt Türkiyə mətbuatına da açıqlama verərkən bildirdim ki, yaxın iki ildə İsrail Türkiyədən üzr istəyəcək. Bunu Türkiyədə ağlabatan proqnoz kimi qəbul etsələr də, Azərbaycanda buna görə mənə çox güldülər. Çünki bir qədər sonra İsrail Türkiyə səfirliyini özündən aşağıda əyləşdirib, onunla söhbət aparmışdı, yəni aşağılamaq mənasında. Bütün dünya bundan danışırdı. Onda deyirdilər ki, İsrail geri oturan deyil. Amma il yarım sonra İsrail Mavi Marmara olayına görə Türkiyədən üzr istədi.
- Bu il ölkəmizdə bahalaşma olacaqmı?
- Əgər fevral və noyabr ayında devalvasiya olmasa, il ərzində ölkədə sabitlik olacaq. Beləliklə, bu il bahalaşmanın olması çox zəif ehtimaldır.
Ötən il 2020-ci il üçün proqnoz verəndə demişdim ki, istefalar çox olacaq və bunun episentrinə icra başçıları düşəcək, 20-yə yaxın icra başçısı vəzifəsindən uzaqlaşdırılacaq. Bu proqnozum da düz çıxdı, 16 icra başçısı işdən çıxdı.
2021-ci il üçün isə demişdim ki, ədliyyə işçilərinin, polislərin həbsi ola bilər. Şahidi olduq ki, bu il həm hərbidə, həm də hüquq-mühafizə orqanlarında kifayət qədər işdən çıxarılmalar və hətta həbslər oldu. Bu il isə cəza episentrində səhiyyə və təhsil işçiləri olacaq. Yəni ola bilsin ki, bu il 10-a yaxın baş həkim işdən çıxsın, həmçinin neçə-neçə məktəb direktorları, təhsil şöbə müdirləri vəzifəsi ilə vidalaşsın. Belə deyək, daha çox bu strukturlarda "təmizləmə” işləri aparılacaq.
Və iki böyük, həm də çox populyar olan məmur istefa verəcək.
- Böyük məmur deyəndə nazirləri nəzərdə tutursunuz?
- Bu nazir də, komitə sədri də ola bilər. Bu barədə mənim heç vaxt yanlışım olmur. Məsələn, məhz sizə müsahibəmdə demişdim ki, nazir səviyyəsində 4 məmur işdən çıxarılacaq, bu həqiqətən də baş verdi. Səhv etmirəmsə, 2010-cu ildə 8 nazirin, komitə sədrinin işdən çıxarılacağını demişdim və bu proqnozum da tam doğru çıxmışdı. Önləyici tədbirlər görməsinlər deyə, həm də nəzakət xətrinə həmin nazirlərin kim olacağını deməyəcəm. Ancaq onu deyə bilərəm ki, böyük, tanınmış, həm də daha çox narazı qalınan məmur 2022-ci ildə vəzifəsini itirəcək.
- Dediniz ki, Pələng ili, xüsusən də qara Pələng müharibə xarakterlidir. Bu il daha nələri özündə ehtiva edir?
- Təxminən 50-yə yaxın müharibə məhz Pələng ilində başlayıb. Amma əlbəttə ki, bu ildə həm də çox gözəl hadisələr də baş verib. Məsələn, texnoloji inkişaflar, kosmosun fəthi müşahidə olunub. Həmçinin yeraltı tunellərin qazılması, bura metrolar da daxildir, yeraltı şaxtaların ortaya çıxması, yeri altında itib-batan sivilizasiyaların tapılması da bu ilə xarakterikdir.
- Pələng ili daha çox hansı illərdə doğulanlar üçün uğurlu, yaxud uğursuz olacaq?
- Dostluq üçbucağı deyilən bir anlayış var. Pələng ilinin də dostu İt və At illəridir. İlin aparıcı ünsürü Mars planeti olacaq ki, onun da himayəsində olan Qoç və Əqrəb bürcləri ilin aparıcı və şanslı bürcləri olacaq.
- Bəs ilin hansı ayları daha uğurlu olacaq?
- Bunu Qoç və Əqrəb bürclərindən götürərək deyə bilərəm ki, aprel və noyabr ayı daha uğurlu olacaq. Əlbəttə ki, istənilən ay daha uğurlu ola bilər.
- 2021-ci il həm də dağıdıcı qasırğalar, daşqınlar, meşə yanğınları ilə yadda qaldı. Pələng ilində də bu cür intensiv təbiət hadisələri baş verə bilərmi?
- Bir daha qeyd edirəm ki, Pələng ilinə müharibələr, daha sonra təyyarə qəzaları, təhlükəli vulkan püskürmələri xarakterikdir. Pələng ilində hətta şəhərləri yox edən dəhşətli vulkan püskürmələri baş verib.
- Və hər kəsi daha çox maraqlandıran digər suallardan biri - pandemiya 2022-ci ildə də tüğyan edəcək, yoxsa?
- Ötən il qeyd etmişdim ki, pandemiya 2021-ci ilin may ayında qismən yumşalmağa doğru gedəcək. Xatırlayırsınızsa, bu ilin may ayının sonunda bir sıra karantin qadağaları ləğv edildi, küçədə maska qadağası aradan qalxdı, toylara icazə verildi, sərhədlər açıldı.
Gələn il, 2022-ci ildə də pandemiya qismən azalmağa doğru gedəcək. Əslində bu il də pandemiya tüğyan etmədi, 2020-ci illə müqayisədə bir qədər sabit keçdi. Eləcə də 2022-ci ildə pandemiya 2021-ci ilə nisbətən səngiyəcək.
Beləliklə 2022-ci il üçün ümumilikdə 25 proqnozum aşağıdakılardır:
Azərbaycanla Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi açılacaq.
Hakimiyyətdə böyük struktur dəyişiklikləri aparılacaq.
Qismən müstəqil olan mütəxəssislərə vəzifələr veriləcək.
Fevral və noyabr ayında devalvasiya olmasa, sonrakı aylarda da baş verməyəcək.
"Tərtər işi” ilə bağlı ilkin həbslər baş verəcək.
Qarabağda bu il də müharibə olmayacaq.
Hər hansı növbədənkənar seçki və referendum olmayacaq.
Səhiyyə və təhsil strukturlarında çalışanların istefaya göndəriləcəyinin şahidi olacağıq.
İki böyük və populyar məmur vəzifəsini itirəcək.
Koronavirus təhlükəsi ilin ikinci yarısından mahiyyətinin itirməyə başlayacaq.
Hindistanla Çin arasında münasibətlər kəskin şəkildə soyuqlaşacaq, müharibəyə zəmin yaranacaq.
Rusiya hakimiyyəti son 12 ilin ən böyük siyasi təzyiqinə, etirazlarına məruz qalacaq.
Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili azadlığa çıxacaq.
Ermənistanın baş naziri Nikol Paşinyanın devrilməsi cəhdləri fiaskoya uğrayacaq.
Türkiyədə hər hansı hakimiyyət dəyişikliyi olmayacaq.
Rusiya-Ukrayna müharibəsi olmayacaq.
Putin administrasiyası çətin də olsa 2022-ci ili də iqtidar kimi yola salacaq.
Rusiyanın Türk Dövlətləri Təşkilatına qarşı siyasi hücumları intensivləşsə də, bu, yalnız may ayına qədər davam edəcək və nəticəsiz qalacaq.
Çinlə Tayvan arasında hər hansı hərbi münaqişə olmayacaq.
İlin gündəmdə olan əsas ölkələri İngiltərə, Almaniya, Danimarka, Suriya, İtaliya, Kiçik Asiya, Norveç, Əlcəzair, İsveç, Mərakeş, Hindistan, Kuba, Kanada və Çili olacaq.
Fransada keçirilən seçkilərdə Emmanuel Makron uduzacaq.
Təyyarə qəzaları və təhlükəli vulkan püskürmələrinin sayı artacaq.
Siyasi və hərbi sui-qəsdlər artacaq.
Taliban hökuməti ilə İran arasında siyasi gərginlik böyüsə də, bu, müharibə həddinə çatmayacaq.
Tibb və kosmos sahəsində çox böyük ixtiralar olacaq."
Şərhlər