Ölkə 15:01 20.01.2022

Ağsu aşırımı və Muğanlı-İsmayıllı yolunda qar avtomobillərin hərəkətini çətinləşdirdi

Ağsu aşırımı və Muğanlı-İsmayıllı yolunda yağan qar avtomobillərin hərəkətini çətinləşdirib.

Bu barədə Qaynarinfo-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hazırda Bakı-Şamaxı-Yevlax yolunun 65-ci km-dən başlayaraq Ağsu aşırımı və Muğanlı-İsmayıllı yolunda qar yağır, yolların hərəkət hissəsində qar və bəzi yerlərdə buzlaşma var, yağan güclü qar avtomobillərin hərəkətini çətinləşdirib.

Ərazidə xidmət aparan BDYPİ-nin YPX Alayının əməkdaşları Yol İstismar İdarəsinin işçiləri ilə birlikdə yolların qardan təmizlənməsi və avtomobillərin təhlükəsiz hərəkətinin bərpa olunması üçün müvafiq tədbirlər görür, eyni zamanda DYP əməkdaşları yolda qalan sürücülərə lazımi köməklik göstərirlər.

"Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan istiqamətlərdə hər iki oxu aparıcı olan, qış şinləri ilə təchiz olunmuş nəqliyyat vasitələrindən istifadə edilməsini, həmçinin qarlı hava şəraitində və buzlu yollarda avtomobili idarə etmək bacarığı olmayanların göstərilən ərazilərdə yola çıxmamasını xahiş edir", - məlumatda bildirilib.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?