Ölkə 12:45 14.09.2019

Azərbaycanda "atalıq məzuniyyəti" - Sosioloq məsələyə aydınlıq gətirdi

Ötən günlərdə İsveçrə Federal Məclisinin Milli Şurası övladı yenicə dünyaya gələn atalara iki həftəlik atalıq məzuniyyətinin verilməsi təşəbbüsünü dəstəkləyib və qanun qüvvəyə minib. 

Qeyd edək ki, hazırda Avropa İttifaqı ölkələrinin çoxunda atalıq məzuniyyəti qanuniləşib. 

Artıq bizim cəmiyyətimizdə də bu mövzu çox ehtiyac duyulan və aktuallaşması vacib məsələlərdən biridir.  EkoNews Azərbaycanda "atalıq məzuniyyəti" hüququnun olması və ya bu qanunun tətbiq edilməsi, analarla bərabər, atalara da məzuniyyət hüququnun verilməsi və s. sualları müzakirə etmək üçün sosioloq Əhməd Qəşəmoğlu ilə əlaqə saxlayıb. 
 


Sosoloqun sözlərinə görə, indiki vaxtda bizim qanunvericilikdə elə bir hüquqlar və bu sahədə qəbul olunmuş qayda və normalar yoxdur. Ancaq bu, reallığın tələbiylə aktual bir məsələyə çevrilib. Cəmiyyətimiz günü-gündən mürəkkəbləşir, münasibətlər dəyişir, insanların istər ailədaxili, istər işdə bu münasibətləri fərqli bir yön alır və buna görə də bir çox məsələlərə yenidən baxılmasına ehtiyac yaranır. Bütün bu dəyişiklərin fonunda "atalıq məzuniyyəti”nə də ehtiyac yaranıb. 

Bu ehtiyac nə ilə bağlıdır?

Əhməd Qəşəmoğlu qeyd edib ki, bəzən elə bir vəziyyət yaranır, ana olan işləyən qadının ya işinin məsulluğundan, ya hər hansı bir səbəbdən məzuniyyətə çıxmağa imkanı olmur. Bu kimi səbəblərdən ehtiyac yarananda ataya şərait yaradılmalıdır ki, uşaqlarla bir valideyn olaraq o maraqlansın.  Və ya ailənin problemlərindən dolayı evdə elə bir vəziyyət yarana bilər ki, ana onun öhdəsindən gələ bilməz. Bu vaxt atanın köməyinə ehtiyac olur. Buna görə də qanunvericilik elə dəyişdirilməlidir ki, ata bu məzuniyyət haqqından istifadə edə bilsin. Bu, artıq günün, dövrün tələbidir. Ona görə düşünürəm ki, bu sahədə qanunvericilikdə də dəyişiklik olmalıdır. Eyni zamanda, cəmiyyətdə ictimai rəy formalaşdırmaq lazımdır, ölkəmizdə hələ ki kişinin məzuniyyət götürməsinə tənqidi baxılır. Amma ortada olan vəziyyəti anlayaraq şərait yartmaq lazımdır ki, bu mövzua qanunvericiliyimiz qüvvədə olsun, həm də müsbət ictimai rəy yaransın. 
 


Anaların məzuniyyəti zamanı onlara verilən güzəştlərin atalara da tanınmamasına münasibət bildirən sosioloq bunu da qanunvericilikdə olan boşluqla əlaqələndirib. Onun sözlərinə görə, indiki vəziyyətə uyğun olaraq bu boşluq aradan qaldırılmalıdır. Çünki bu gün həm qadın, həm də kişilər eyni işdə işləyə, məsuliyyət daşıya bilirlər. Ona görə də analara edilən güzəştlərin atalar üçün də tətbiq edilməsi vacibdir. 
 
Bu gün çoxunun Əmək Məcəlləsində belə bir maddənin varlığından xəbərdar olmadıqlarına da münasibət bildirən sosioloq bunu cəmiyyətdə hüquqi maarifləndirmənin zəif getməsi, tək bu sahədə deyil, digərlərində də insanların öz hüquqlarını bilmədiyini, buna görə də bu istiqamətdə televiziyalarda maarifləndirici proqramların hazırlanmasının vacib olduğunu qeyd edib.
 
Günay İlqarqızı