Video 23:41 05.12.2020

Atanın cəbhədə, balanın doğum evində həkimi oldu (VİDEO)

2-ci Qarabağ müharibəsində çox təsirli anların şahidi olduq. Cəsur oğullar tanıdıq. Onların həyat yolu ibrət oldu. Qürur oldu bizə. Eyni zamanda müharibə zamanı həyatlar xilas etmək üçün cəbhəyə yollanan qan bağı olmasa da vətən bağı olan insanların birliyinə heyran olduq . 1 həkim də var ki, həm hərbçinin həyatını xilas edib, həm də onun övladına həyat bəxş edib. Vətən müharibəsi zamanı könüllü cəbhəyə yollanan cərrah mama-ginekoloq İsrafil Həsənov döyüşlərdə ağır yaralanan Aydına ilk tibbi yardım göstərən həkim olur. O, həm də Aydın Əhmədovu ata edən körpəni bu dünyada salamlayan qucağına alan insandır. Qəhrəman qazimiz bu gün öz övladına qovuşub.

Ağır yaralıdır Aydın. Nəinki gəzmək, ayaq üstə dayanmağa, danışmağa belə çətinlik çəkir. Onu belə vəziyyətdə müalicə aldığı xəstəxananı tərk edərək, bura gətirən qüvvə isə yenicə dünyaya gələn körpəsidir. Torpaqlarımızı azad edən qəhrəmanımız bu gün ilk övladı olan Kamranına qovuşdu.
Suqovuşan istiqamətində gedən döyüşlərdə əli, boynu və sinəsindən qəlpə yaraları alan qazimiz ağır bir əməliyyat keçirib. Qarşıda isə onu daha bir əməliyyat gözləyir.

Balaca Kamranı dünyaya gətirən həkim isə həm də onun atasının xilaskarı olub. Cərrah mama-ginekoloq İsrafil Həsənov döyüşlər vaxtı əsgərlərimizə yardım məqsədilə könüllü olaraq cəbhəyə yollanıb. Həmin vaxt yaralı halda xəstəxanaya gətirilən Aydına da ilk tibbi yardımı məhz o göstərib.
Həkim deyir ki, balaca Kamranın cəbhədə xilas etdiyi qazinin övladı olduğundan xəbərsiz olub, ta ki Aydını görənə kimi.

Qeyd edək ki, Aydın Əhmədov özündən kiçik qardaşı ilə birgə yollanıb döyüşlərə. Vətən müharibəsindən qalib əsgər kimi qayıdan 24 yaşlı Pərviz Əhmədov da hazırda xəstəxanada müalicəsini davam etdirir.//Xəzər TV