Onkoloji xəstəlikdən əziyyət çəkən atasına İsraildən dərman gətirtmək istəyən şəxs dələduzluqla üzləşib.
Qaynarinfo xəbər verir ki, zərərçəkmiş M. Tağıyev atasına lazım olan dərmanı almaq üçün əvvəldən həkim kimi tanıdığı Zaur adlı şəxsə müraciət edib.
Zaur V. Tağıyevi evdə müayinə etdikdən sonra bildirib ki, qiyməti 2700 dollar olan dərmanın pulunun 60 faizini əvvəlcədən ödəmək lazımdır. M. Tağıyev buna etiraz etməyərək Zaura 1400 dollar verib. Daha sonra isə Zaur yerdə qalan məbləği də alıb. Lakin o, verdiyi vədi yerinə yetirməyib.
Qarşı tərəf hüquq-mühafizə orqanlarına məlumat verib. Zaur saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Suraxanı Rayon Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə baxılıb.
Məhkəmə zamanı Zaur verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, İsraildən sifariş verdiyi dərman gömrükdən buraxılmayıb. Həmçinin məlum olub ki, o, dəymiş zərəri ödəyib.
Zərərçəkmiş şəxs də dəymiş ziyanın ödənildiyini deyərək təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib. Məhkəmənin hökmü ilə Zaur 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Onun şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 13 gün müddət bir günə iki gün hesablanaraq təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 2 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər