Şahin Cəfərli

Blogger
Yazılar
16
Avropa seçkiləri: Rusiya məyus oldu

Avropa seçkiləri: Rusiya məyus oldu

Avropa Parlamentinə seçkilərdə millətçilər və avroskeptiklər gözlənilən və qorxulan səviyyədə uğur qazana bilmədilər.

İlkin məlumatlara görə, bu iki qrup əlavə 34 yer qazanıb (751 yerlik parlamentdə onların ümumən 108 səsi olacaq). Fransada Marin Le Penin partiyası - Milli Birlik az fərqlə birinci olsa da, Avropa Parlamentinə bundan əvvəlki (2014) seçkilərlə müqayisədə daha az səs alıb. "Almaniya üçün Alternativ" (AfD) səs artırsa da, Bundestaqa son seçkilərlə müqayisədə faizi aşağı düşüb. Yalnız Belçikada millətçi flamand partiyası ciddi səs qazanıb.

Avroskeptiklərin irəliləyişi isə İtaliyada iqtidarda olan "Liqa"nın (M.Salvini) və Britaniyada "Brexit" Partiyasının (N.Farac) hesabına əldə olunub. Lakin Britaniyanın AB-dən çıxmasından sonra bu ölkənin təmsilçiləri parlamenti tərk edəcək və qurumda avroskeptiklərin sayı azalacaq.

Beləliklə, Avropada ənənəvi partiya və qrupların böyük üstünlüyü davam edir. Yeganə fərq bu oldu ki, Avropa Parlamentinin ən böyük qrupları olan Avropa Xalq Partiyası və sosial-demokratlar bu dəfə çoxluq yarada bilməyəcəklər və üçüncü ortağa - liberallara və ya yaşıllara ehtiyac duyacaqlar. Yeri gəlmişkən, yaşıllar Almaniyada ciddi uğur qazanaraq 2-ci oldular, Fransada da səslərin artırdılar.

Nəticələr göstərir ki, problemlərə və məyusluqlara baxmayaraq, qitə Avropasında birlik ideyası və liberal düzən hələ də alternativsiz olaraq qalır. Rusiya saytlarında seçkilərlə bağlı xəbərlərin aşağılarda yer alması Kremlin nəticələrdən məmnun olmadığını göstərir. (Millətçilər və avroskeptiklər Rusiyanın müttəfiqləridir)

P.S. Kiprdə 5 mindən çox türk adanın rum (yunan) kəsimində keçirilən seçkilərdə iştirak edib və onların köməyi ilə kommunist AKEL Partiyasından Niyazi Kızılyürek Avropa Parlamentinə üzv seçilib.

OXŞAR XƏBƏRLƏR